Azərbaycanın energetika nazirinin müavini Elnur Soltanov Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçirilən "Əbu-Dabi Beynəlxalq Neft Sərgisi və Konfransı" (ADIPEC 2026) beynəlxalq enerji tədbiri çərçivəsində Azərbaycanın enerji sahəsində beynəlxalq əməkdaşlıq təcrübəsi, enerji təhlükəsizliyi və uzunmüddətli tərəfdaşlıqların əhəmiyyəti barədə danışıb.
Renewables.az "Energy Connect"ə istinadla xəbər verir ki, nazir müavini “Sərhədlərdən kənarda: Milli enerji strategiyaları vahid qlobal enerji sisteminin formalaşdırılmasını təmin edə bilərmi?” mövzusunda nazirlər sessiyasında çıxış edib.
Elnur Soltanov beynəlxalq əməkdaşlığın Azərbaycanın enerji siyasətində mühüm yer tutduğunu bildirib. Onun sözlərinə görə, ölkələrin enerji təhlükəsizliyinin təmin olunması, qlobal çağırışların həlli və dayanıqlı tərəfdaşlıqların qurulması qarşılıqlı əməkdaşlıqdan asılıdır.
Nazir müavini ölkələr arasında münasibətlərin yalnız rəqabət prinsipi üzərində deyil, bütün tərəflərin fayda əldə etdiyi əməkdaşlıq modeli əsasında qurulmasının vacibliyini vurğulayıb. O, oyun nəzəriyyəsinə istinad edərək beynəlxalq əməkdaşlığın birtərəfli şəkildə həyata keçirilə bilməyəcəyini, uğurlu nəticə üçün bütün iştirakçıların qarşılıqlı maraq və öhdəliklərə əsaslanmalı olduğunu qeyd edib.
Elnur Soltanov Azərbaycanın geosiyasi mövqeyinə diqqət çəkərək ölkənin müxtəlif güc mərkəzləri və enerji bazarları arasında yerləşməsinin beynəlxalq əməkdaşlığı strateji zərurətə çevirdiyini bildirib.
O, Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra neft ehtiyatlarının beynəlxalq əməkdaşlığın inkişafında mühüm rol oynadığını xatırladıb. Bildirib ki, enerji resursları ətrafında qurulan tərəfdaşlıqlar sonrakı mərhələdə iri infrastruktur layihələrinin, o cümlədən Cənub Qaz Dəhlizinin reallaşdırılmasına zəmin yaradıb.
Nazir müavini uzunmüddətli enerji tərəfdaşlıqlarında qarşılıqlı etimadın və müqavilə sabitliyinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Bu baxımdan Azərbaycanın hasilatın pay bölgüsü sazişlərinə sadiqliyini beynəlxalq investorlar üçün etibarlılığın mühüm göstəricisi kimi təqdim edib.
Elnur Soltanov Böyük Britaniyanın bp şirkəti ilə uzunmüddətli tərəfdaşlığa da toxunaraq bu münasibətlərin yalnız kommersiya investisiyaları ilə məhdudlaşmadığını, daha geniş siyasi və iqtisadi əməkdaşlıq kontekstində əhəmiyyət daşıdığını bildirib.
Çıxış zamanı regional münasibətlərdə sabitliyin, qarşılıqlı etimadın və davamlı əməkdaşlığın enerji layihələrinin uğurla həyata keçirilməsi baxımından əhəmiyyəti də qeyd olunub.
Ümumilikdə, nazir müavini enerji təhlükəsizliyinin yalnız milli resurslar və infrastruktur hesabına deyil, ölkələr arasında etibarlı tərəfdaşlıqlar, uzunmüddətli investisiyalar və qarşılıqlı faydalı əməkdaşlıq vasitəsilə təmin oluna biləcəyini diqqətə çatdırıb.
Qeyd edək ki, ADIPEC 2026 beynəlxalq enerji tədbirində dövlət rəsmiləri, enerji şirkətlərinin rəhbərləri və investorlar qlobal enerji təhlükəsizliyi, investisiyalar, infrastrukturun inkişafı və beynəlxalq əməkdaşlıq məsələlərini müzakirə edirlər.