Cəbrayıl rayonunda inşa olunan “Şəfəq” Günəş Elektrik Stansiyasında (GES) fotovoltaik modulların quraşdırılması işlərinin 50%-i tamamlanıb.
Renewables.az xəbər verir ki, bu barədə bp-nin 2026-cı ilin üçüncü rübünün yekunlarına dair məlumatında bildirilib.
Məlumata əsasən, üçüncü rüb ərzində layihə sahəsində tikinti işləri irəliləyib. Fotovoltaik modullar və konstruksiya komponentləri daxil olmaqla, əsas avadanlıqların təchizatı və çatdırılması tamamlanıb. Bünövrə payalarının və günəş izləyici sistemlərinin quraşdırılmasında əhəmiyyətli irəliləyiş əldə olunub. Elektrik quraşdırma işlərinə də başlanılıb və fəaliyyətlər plana uyğun davam etdirilib.
Layihə çərçivəsində əməyin təhlükəsizliyi üzrə yüksək göstəricilər qorunub və qeydə alınan xəsarət olmadan bir milyon saatdan çox iş vaxtına nail olunub.
Tikinti işlərinə yerli işçi qüvvəsinin cəlb edilməsi də artıb. Hazırda layihədə 444 nəfər çalışır ki, onlardan təxminən 150-si işğaldan azad edilmiş ərazilərdən olan yerli sakinlərdir.
Tikintinin ən intensiv mərhələsində 700-dən çox iş yerinin yaradılması gözlənilir. Artan işçi qüvvəsinin yerləşdirilməsi məqsədilə layihə sahəsində mövcud yaşayış obyektləri genişləndirilir.
Xatırladaq ki, 2024-cü ilin noyabrın 12-də Bakıda keçirilmiş COP29 iqlim konfransı çərçivəsində Cəbrayıl rayonunda 240 MVt gücündə “Şəfəq” GES-in təməlqoyma mərasimi keçirilib və simvolik olaraq stansiyanın ilk günəş paneli imzalanıb. “Şəfəq” GES-də illik təxminən 500 milyon kVts elektrik enerjisi istehsalı gözlənilir ki, bu da ildə 120-150 milyon m3 təbii qaza qənaət, 260-330 min ton karbon emissiyasının azaldılması deməkdir. Stansiya işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən ilk sənaye miqyaslı günəş enerjisi və ən böyük birbaşa xarici investisiya layihəsidir.
“Virtual Enerji Ötürülməsi Mexanizmi”nin (VPTA) tətbiqi ilə “Şəfəq” GES-də istehsal edilən elektrik enerjisi Cəbrayılda “Azərenerji” ASC-yə, “Azərenerji” ASC tərəfindən eyni həcmdə elektrik enerjisi Bakıda Səngəçal terminalına ötürüləcək. Bununla da Səngəçal terminalının gələcək istismar dövründə terminal əməliyyatlarından yaranan emissiyaların təxminən 50 % azaldılmasına imkan yaradılacaq.
“Şəfəq” GES üzrə tikinti işlərinin 2027-ci ilin ortalarınadək davam edəcəyi nəzərdə tutulur.