Beynəlxalq təşkilatlar artıq bizim potensialımızı dərindən təhlil edərək təsbit ediblər. Bizim təkcə külək enerjisi potensialımız 150 giqavatdan çoxdur.
Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində deyib.
Prezident İlham Əliyev bildirib:
"Günəşli günlər də, Allaha şükür, çoxdur, həm Bakıda, həm bütün bölgələrimizdə. Xəzər dənizinin külək enerjisi potensialı kifayət qədər böyükdür. Ona görə bundan istifadə etməmək günah olardı.
Biz bu imkanları dünya energetika aləminə təqdim edəndə onlardan böyük maraq gördük. Bu gün bizim əsas investorumuz Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətidir, hansı ki, birinci Günəş elektrik stansiyasını inşa edib, 230 meqavat gücündə. İkinci stansiya yaxın günlərdə istismara veriləcək. Burada da investor Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətidir. O da 240 meqavat gücündə olan stansiyadır. Üçüncü böyük stansiyanı bp şirkəti Cəbrayıl rayonunda inşa etməyə başlayıb, o da 240 meqavatdır. Bu, sadəcə olaraq, başlanğıcdır. Eyni zamanda, Çin və Türkiyə şirkətləri də maraq göstərirlər. Biz Azərbaycan şirkətlərinə də müraciət etdik və bu sahə gəlirli olduğu üçün və ölkəyə lazım olduğu üçün onlara da müraciət etdik və artıq yerli şirkətlər də bu işlərə qoşulublar. Hətta keçən ilin sonunda mən Cəbrayılda iki stansiyanın təməlini də qoydum.
Bu gün daha geniş regionda elektrik enerjisi üzrə əlavə imkanı olan yeganə ölkə Azərbaycandır. Beləliklə bu gün daxili məqsədlər üçün istifadə etmədiyimiz ixrac və ya burada istehlak oluna bilən əlavə 2000 meqavat və ya 2 giqavat həcm varımızdır.
Günəş və külək elektrik stansiyalarının xəritəsi təsdiqlənib, həm quruda, həm də dənizdə, o cümlədən azad edilmiş torpaqlarda. Hazırda bizim əsas vəzifəmiz enerji mənbələrini qəbuletmə imkanlarını genişləndirməkdir. Çünki mövcud olan planlara görə, 2030-cu ilə qədər 6000 meqavat, 2032-ci ilə qədər isə 8000 meqavat Günəş, külək və su enerjisi bizim sistemimizə daxil ediləcək. Yəni bunu qəbul etmək, həzm etmək üçün biz enerji sistemimizi gücləndirməliyik. Buna “Energy Grid” deyirlər.
Neft və qazla zəngin olan ölkələrin məsuliyyətinin olması Azərbaycan və digər ölkələr kimi misallarda görünür, çünki onlar, həmçinin yaşıl enerjiyə sərmayə yatırırlar.
Bununla paralel olaraq batareya saxlanc sistemləri də qurulmalıdır. Biz ilkin mərhələdə xarici şirkətlərə müraciət etdik ki, onlar investor kimi bu işi görsünlər. Amma gördük ki, böyük maraq yoxdur. Yəni dövlət xətti ilə təxminən 250 meqavat gücündə birinci batareyalar artıq quraşdırılır, amma daha da çox olacaq. Çünki bizim, yenə də deyirəm, qısamüddətli planlarımız 8 giqavat enerji əldə etməkdir.
Bildiyiniz kimi, 2024-cü ilin noyabrında Azərbaycan, Qazaxıstan və Özbəkistan prezidentləri Bakıda enerji kabelinin tikintisi ilə bağlı müqavilə bağlamışlar.
Əminəm ki, biz bunu edəcəyik. Çünki artıq kontraktlar imzalanıb, anlaşma memorandumları yox, kontraktlar, bu, artıq hüquqi öhdəlikdir. Bu, bizə nə verəcək? Təbii ki, enerji üçün istehlak olunan qaza qənaət və mövcud olan qazı da ixrac etmək üçün imkanlar olacaq. Biz bunun üçün də mövcud qaz infrastrukturumuzu genişləndiririk, Azərbaycanda yox, başqa yerlərdə. Bu, imkan verəcək ki, biz təmiz enerjini ixrac edə biləcəyik və bildiyiniz kimi, Qara dəniz kabel layihəsi var. Onun texniki-iqtisadi əsaslandırması hazır olsa da, maliyyə mənbələri hələlik aydın deyil. Bizim mövqeyimiz belədir ki, biz enerjini burada istehsal edirik, yeni ötürücü xətləri Gürcüstan sərhədinə qədər çatdırırıq. Çünki yeni xətlər lazımdır. Qalanı isə artıq o biri ölkələrin maliyyə öhdəliyi olmalıdır. Bunu nəzərə alaraq, qeyd etdiyim kimi, Qazaxıstan və Özbəkistan ilə Xəzər dənizinin altı ilə kabelin tikintisini də razılaşdırdıq. Burada da indi texniki-iqtisadi əsaslandırma gedir.
Biz beş il ərzində 307 meqavat gücündə su elektrik stansiyaları yaratmışıq və əlbəttə ki, azad edilmiş bölgələrdə istehlak qat-qat aşağıdır. Ona görə biz bu dairəvi sistemi yaratmaqla bu gün enerji axınını ölkə üzrə lazımi səviyyədə bölə bilərik.
Üçüncü mümkün olan variant, ya da hər bir variant birlikdə də mümkündür, bu, enerjini burada istehlak etməkdir. Burada da yenə də deyirəm, süni intellekt və data mərkəzləri ən çox enerji tələb edən layihələrdir. Yenə də nə Cənubi Qafqazda, nə Orta Asiyada, nə yaxın qonşuluqda bizim qədər sərbəst enerji gücü ola biləcək ikinci ölkə yoxdur. Çünki bəzi ölkələr elektrikə çevirmək üçün xaricdən təbii qaz alır, bəzi ölkələr xaricdən elektrik enerjisi alır, çünki özləri üçün çatmır. Biz isə həm enerji satırıq, həm ixrac edirik - həm qaz, həm neft, həm neft məhsulları, həm neft-kimya məhsulları, həm də əsas xammal olan təbii qaz gübrələri. Yəni bizdə bütün sikl tam formalaşıb: həm daxili istehlak, həm ixrac.
Bərpaolunan enerjimiz nə qədər çox olsa, biz ixrac üçün o qədər çox qaza qənaət edə bilərik.
Ona görə biz, əlbəttə ki, bu istiqamətdə öz fəaliyyətimizi davam etdirəcəyik. Bu gün bu sahəyə sərmayə qoymaq istəyən şirkətlərin sayı o qədərdir ki, yenə də deyirəm, bax, bizim bu enerji mərkəzlərimiz bunu həzm edə bilmir. Ona görə biz “Energy Grid”, yəni enerji mərkəzlərini o qədər gücləndirməliyik ki, nəinki 8, gələcəkdə hətta 20, 30, 40 giqavat qəbul edə bilək və ötürə bilək. Azərbaycan bu gün və gələcək illərdə Avropa istehlakçıları üçün mühüm tərəfdaşdır. Enerji təhlükəsizliyi baxımından etibarlı təchizatçı kimi rolumuz yalnız artacaq, azalmayacaq, artacaq. Elektrik enerjisini, yaşıl enerjini, hidrogeni, eləcə də yaşıl hidrogeni əlavə etsək, rolumuz daha da böyük olacaq".
