Azərbaycanda geotermal enerji üzrə potensial və ərazilər məlum olub

AZƏRBAYCAN
GEOTERMAL

image

Enerji sektorunda dayanıqlı və aşağı karbonlu həllərə doğru irəliləyən Azərbaycanın planlarında geotermal enerji də mühüm yer tutur. Azərbaycanın geotermal istilik potensialı 571,2 MVt, elektrik enerjisi potensialı isə 57,1 MVt qiymətləndirilir.  

Renewables.az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazovun Energetiklər Günü ilə bağlı rəsmi qəzetdə dərc edilmiş məqaləsində deyilir.

Məqalədə qeyd edilib ki, perspektivli bölgələr arasında Böyük Qafqaz, Şamaxı-Qobustan, Kəlbəcər-Laçın, Masallı-Astara və Naxçıvan yer alır. Pilot layihələr çərçivəsində istismarı başa çatmış neft və qaz quyularından istifadə edilərək enerji istehsalı nəzərdə tutulur: Bibiheybətdə bu quyular vasitəsilə istilik enerjisi, Kürdəmirdə isə elektrik enerjisi əldə ediləcək. Masallıda isə hibrid texnoloji həllərlə istixanalar qızdırılacaq. Tədqiqatlar göstərir ki, geotermal enerji bioenerji ilə birləşdirildikdə daha dayanıqlı və aşağı karbonlu enerji sistemlərinin yaradılmasına imkan verir.

Xatırladaq ki, Dünya Bankı Azərbaycanın geotermal resurslarının potensialının qiymətləndirilməsi üçün texniki yardım göstərir. Ötən həftə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəmə şirkəti olan "SOCAR Green" elan edib ki, ölkədə ilk geotermal stansiya 2030-cu ilə qədər istifadəyə veriləcək. Hazırda SOCAR geotermal texnologiyalar sahəsində təcrübəyə malik olan tərəfdaş-səhmdar axtarışındadır.

Qeyd edək ki, "SOCAR Green" geotermal enerji sahəsində "Baker Hughes Co." (ABŞ) və "Schlumberger" (SLB) şirkətləri ilə əməkdaşlıq edir. Bu şirkətlərlə sazişlər 2024-cü ilin noyabrında COP29 iqlim konfransı çərçivəsində imzalanıb. Saziş çərçivəsində "Baker Hughes" Azərbaycanla ölkənin geotermal potensialının müəyyən edilməsi və qiymətləndirilməsi üzərində işləyir, "SLB GeothermEx" isə "SOCAR Green" tərəfindən Qarabağ bölgəsində perspektivli geotermal ərazilərin qiymətləndirilməsi üçün məsləhətçi kimi cəlb edilib.



OXŞAR XƏBƏRLƏR