Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (BOEMDA) direktor müavini Rəna Hümbətova Çin Xalq Respublikasının Sian şəhərində "15-ci Beynəlxalq Davamlı İnkişaf üçün Enerji Forumu" çərçivəsində keçirilən tədbirlərdə iştirak edir.
Renewables.az xəbər verir ki, bu barədə BOEMDA məlumat yayıb.
Forum çərçivəsində Rəna Hümbətova BMT-nin Enerji Bağlantıları üzrə Ekspert İşçi Qrupunun 18-ci iclasının “Regional Yol Xəritəsinin növbəti mərhələsinin formalaşdırılması” mövzusuna həsr olunmuş birinci sessiyasında bəyanatla çıxış edib. Bəyanatda Azərbaycanın bərpa olunan enerji potensialının inkişafı, yaşıl elektrik enerjisinin ixrac perspektivləri və regional enerji bağlantılarının gücləndirilməsi istiqamətində həyata keçirilən təşəbbüslər barədə məlumat verilib. Rəna Hümbətova çıxışında Azərbaycanın enerji keçidi üzrə prioritetlərinə toxunaraq, bərpa olunan enerji mənbələrinin enerji sisteminə inteqrasiyasının genişləndirilməsi məqsədilə elektrik şəbəkələrinin modernləşdirilməsi və rəqəmsallaşdırılmasının, habelə şəbəkə məcəlləsinin müvafiq tələblərinin təkmilləşdirilməsinin əhəmiyyətini vurğulayıb.
Çıxış zamanı "Xəzər–Qara dəniz–Avropa Yaşıl Enerji Dəhlizi", "Mərkəzi Asiya–Azərbaycan Yaşıl Enerji Dəhlizi" və "Azərbaycan–Türkiyə–Avropa" enerji bağlantısı kimi regional layihələr haqqında məlumat verilib. Bu təşəbbüslərin region ölkələri arasında enerji əməkdaşlığının genişləndirilməsinə, elektrik enerjisi ticarətinin inkişafına və bərpa olunan enerji mənbələrinin potensialından daha səmərəli istifadəyə töhfə verəcəyi qeyd olunub. Bundan əlavə, Azərbaycanın 2030-cu ilədək bərpa olunan enerji mənbələrinin ümumi quraşdırılmış elektrik enerjisi istehsalı gücündə payını artırmaq və uzunmüddətli perspektivdə Avropa bazarlarına yaşıl elektrik enerjisi ixracını genişləndirmək hədəfləri diqqətə çatdırılıb.
Forum çərçivəsində Rəna Hümbətova BMT-nin Dayanıqlı İnkişaf Məqsədi 7 (SDG 7) üzrə Ekspert İşçi Qrupunun “Elektrik enerjisi bazarlarının dizaynında rəqabət siyasəti vasitəsilə enerji keçidinin sürətləndirilməsi” mövzusunda keçirilən sessiyasında məruzəçi qismində çıxış edib. Elektrik enerjisi bazarlarında rəqabət siyasəti, enerji təhlükəsizliyini gücləndirmək və enerjiyə universal çıxışın təmin edilməsinin sürətləndirməsi və tənzimləmənin rolu mövzusuna həsr olunan müzakirələr zamanı elektrik enerjisi bazarlarının müasir tələblərə uyğunlaşdırılması, paylanmış bərpa olunan enerji istehsalı, enerji saxlanc sistemləri və istehlakçıların enerji bazarında fəal iştirakının təmin edilməsi məsələləri müzakirə olunub.
O, həmçinin iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən nəqliyyat və binalarda elektrikləşmənin sürətləndirilməsinin, elektrik mühərrikli nəqliyyat üçün enerji doldurma infrastrukturunun genişləndirilməsinin, ağıllı şəbəkə texnologiyalarının tətbiqinin və paylayıcı şəbəkələrin idarə edilməsində çevik və sadələşdirilmiş mexanizmlərin tətbiqinin vacibliyini qeyd edib. Ölkəmizdə paylanmış bərpa olunan enerji mənbələrinin şəbəkəyə qoşulması ilə bağlı mövcud maneələrin aradan qaldırılması və paylayıcı şəbəkələrin inkişafı istiqamətində həyata keçirilən işlər diqqətə çatdırılıb.