Baş nazir: Azərbaycan və Gürcüstan Avropaya yaşıl enerji dəhlizini salmağa başlayıb

30 Oktyabr 2026, 19:38 (UTC+4)
ÖLKƏ • YAŞIL ENERJİ DƏHLİZİ
EDITOR
image
Foto: Nazirlər Kabineti

"Yaşıl energetika sahəsində əməkdaşlığımızın uğurlu nəticəsi olaraq bu gün ölkələrimiz (Azərbaycan və Gürcüstan - qeyd.) Avropaya yaşıl enerji dəhlizini salmağa başlayıblar. Bu layihə də Avropanın enerji təhlükəsizliyi üçün mühüm faktor rolunu oynayacaq".

Renewables.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Azərbaycanla Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 11-ci iclasında deyib.

Nazirlər Kabinetinin məlumatına görə, iclasda bərpaolunan enerji sahəsində əməkdaşlığın perspektivlərinə xüsusi diqqət yetirilib. Azərbaycan və Gürcüstanın birgə iştirakı ilə Avropaya yaşıl enerjinin nəqlini nəzərdə tutan dəhlizin yaradılması istiqamətində aparılan işlərin əhəmiyyəti vurğulanıb.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Gürcüstanın Azərbaycanın iştirakı ilə “yaşıl enerji” layihəsinin inkişafında əməkdaşlıq etdiyini vurğulayıb. Layihənin məqsədi bərpaolunan enerji resurslarının Cənubi Qafqaz vasitəsilə Avropa enerji bazarına nəqlini təmin etməkdir.