Batumidə 13-cü Beynəlxalq “Caspian Energy Forum”un xüsusi sessiyası keçirilib

AZƏRBAYCAN
TƏDBİRLƏR

image

Gürcüstanın Batumi şəhərində “Caspian Energy Club” və “Forbes Georgia” jurnalının birgə təşkilatçılığı ilə 13-cü Beynəlxalq “Caspian Energy Forum”un xüsusi sessiyası keçirilib. Bu barədə “Caspian Energy Club International”ın idarəedici direktoru Günel Quliyeva ətraflı məlumat verib.

Qapalı formatda təşkil olunan tədbirdə nüfuzlu və aparıcı beynəlxalq şirkətlərin rəhbərləri, beynəlxalq təşkilatların, assosiasiyaların və maliyyə institutlarının təmsilçiləri, eyni zamanda müstəqil ekspertlər və analitik mərkəzlərin nümayəndələri iştirak ediblər. Forumun açılış mərasimində çıxış edən “Caspian Energy Club”ın sədri və baş icraçı direktoru Telman Əliyev klubun fəaliyyəti və beynəlxalq biznes əməkdaşlığındakı əhəmiyyətli rolu haqqında ətraflı məlumat verib. DEIK Türkiyə-Gürcüstan Biznes Şurasının və Gürcüstanın Beynəlxalq İnvestorlar Assosiasiyasının sədri Osman Çalışkan isə tərəfdaşlıq imkanlarının genişləndirilməsi məsələsinə toxunub. Forum çərçivəsində “GREDA”nın icraçı direktoru Maya Melikidze və “PAŞA Bank Georgia”nın İdarə Heyətinin sədri və baş icraçı direktoru Ramil İmamov da çıxış edərək fikirlərini bölüşüb. Ardınca çıxış edən “Forbes Georgia”nın nümayəndəsi Guri Koava forumun həm Gürcüstan, həm də bütövlükdə region üçün strateji əhəmiyyət daşıdığını vurğulayıb.

Forumun əsas çıxışlarında iki mühüm mövzu diqqət mərkəzində olub. “Energysolutions” şirkətinin idarəedici tərəfdaşı və Gürcüstanın Bərpa Olunan Enerji İnkişafı Assosiasiyasının sədri Giorgi Abramişvili “Gürcüstan: Strateji Enerji Dəhlizi” mövzusunda məruzə ilə çıxış edib. İkinci əsas çıxış isə “Caucasus Clean Energy Holding”in ESG və Davamlılıq üzrə rəhbəri Nana Berdzenişvili tərəfindən təqdim olunub və onun “ESG” sahəsində etdiyi dərin məzmunlu çıxış iştirakçılar tərəfindən xüsusi maraqla qarşılanıb.

Forum çərçivəsində baş tutan panel müzakirələri müxtəlif tematik istiqamətləri əhatə edib. “Yaşıl Enerji: İstehsal, Ötürmə və Maliyyələşmə” mövzusuna həsr edilən birinci panelə Gürcüstanın Biznes Assosiasiyasının icraçı direktoru Dr. Levan Vepxvadze moderatorluq edib. Müzakirələrdə “Eksim Holding”ə məxsus “Achar Energy” şirkətinin baş direktoru Çağatay Ülker və “SOCAR Green”in baş direktoru Elmir Musayev yaşıl enerjinin mövcud imkanları və region üçün strateji əhəmiyyəti haqqında dəyərli fikir mübadiləsi aparıb. Panel iştirakçıları enerji və texnologiyanın vəhdəti, ağıllı infrastrukturun formalaşması və innovativ yanaşmaların tətbiqi üzrə praktiki təcrübələrini bölüşüb. İkinci panel “Enerji+Texnologiya: Ağıllı İnfrastruktur və İnnovasiyalar üçün Yeni Modellər” mövzusunda keçirilib və moderatoru qismində “Tsitsiko Holding”in baş icraçı direktoru Davit Tsitskişvili çıxış edib. Paneldə “Helios Energy”nin təsisçisi və Günəş Enerjisi Assosiasiyasının rəhbəri Tornike Darjania, “Biodiesel Georgia” şirkətinin həmtəsisçisi və direktoru Murman Pataraya, həmçinin “GREDA”nı təmsil edən hüquqşünas Levan Kokaya iştirak edib. Üçüncü panel “Yaşıl Enerji Gələcəyinə İnvestisiya: Qlobal Sərmayədarlar Nəyi Görməlidir” mövzusuna həsr olunub və moderator qismində “GREDA”nın İcraçı direktoru Maya Melikidze çıxış edib. Paneldə “ABB Invest”in baş icraçı direktoru Nadir Babazadə, “Galt and Taggart”ın enerji sektoru üzrə rəhbəri Mariam Çaxaşvili və “TBC Capital”ın vitseprezidenti Andro Tvaliaşvili iştirak edərək yaşıl enerjiyə yönəlmiş qlobal kapital axını, investorları maraqlandıran əsas tendensiyalar və regionun investisiya baxımından potensialı haqqında əhatəli müzakirələr aparıb.

Günün ikinci yarısında “CEO Tour” proqramı çərçivəsində Baxvi və Kirnati su elektrik stansiyalarına səfərlər təşkil olunub. Bu səfərlər zamanı iştirakçılara Gürcüstanın təmiz enerji sahəsində tətbiq etdiyi qabaqcıl texnologiyalar və innovativ həllər əyani şəkildə nümayiş etdirilib.

“Növbəti istiqamətimiz Bakıdır. Müxtəlif ölkələrdə təşkil etdiyimiz xüsusi sessiyalarda müzakirə edilən mövzular daha geniş və dərin formatda 29 oktyabr tarixində Bakıda təşkil olunacaq 13-cü Beynəlxalq “Caspian Energy Forum”da müzakirə olunacaq. Sözügedən forumda dövlət qurumlarının rəhbərləri, iri dövlət və özəl holdinqlərin nümayəndələri, eləcə də iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən kiçik və orta biznes nümayəndələri iştirak edəcəklər. Əlbəttə ki, forumun əsas müzakirə mövzularını yaşıl enerji, yaşıl innovasiyalar və yaşıl investisiyalar təşkil edəcək. Hamınızı Bakıda keçiriləcək bu əhəmiyyətli tədbirdə iştirak etməyə dəvət edirik”, - Günel Quliyeva bildirib.

Renewables.az Renewables.az


OXŞAR XƏBƏRLƏR