Sumqayıt Dövlət Universitetində (SDU) “Şəhərsalma və memarlıq ili” çərçivəsində “Bərpa olunan enerjinin müasir memarlığa təsiri” mövzusunda seminar keçirilib.
Renewables.az SDU-ya istinadla xəbər verir ki, seminarı giriş sözü ilə açan rektorun müşaviri, texnika elmləri doktoru, professor Hüseynqulu Quliyev bərpaolunan enerji sistemlərinin tətbiqinin qlobal əhəmiyyətindən danışıb. Professor bu sahədə müasir texnologiyaların tətbiqinin və nəzəri biliklərin praktiki təcrübə ilə əlaqələndirilməsinin vacibliyini qeyd edib.
Daha sonra Yaşma Külək Elektrik Stansiyasının mühəndisi Rasim Məmmədov bərpaolunan enerji texnologiyalarının müasir memarlıqda tətbiqi imkanlarına dair təqdimatla çıxış edib. O, bərpaolunan enerji mənbələrinin ekoloji tarazlığın qorunmasında, karbon emissiyalarının azaldılmasında və dayanıqlı inkişafın təmin edilməsində rolundan bəhs edib.
Məruzədə günəş və külək enerjisi sistemlərinin mövcud infrastruktura inteqrasiyası, tikintidə davamlı dizayn prinsiplərinin tətbiqi, enerji səmərəliliyinin artırılması, eləcə də ağıllı şəhər və kənd konsepsiyalarının formalaşdırılması məsələlərinə toxunulub. Həmçinin bərpaolunan enerji texnologiyalarının yaşayış məntəqələrinin infrastrukturunda və memarlıq həllərində tətbiqi perspektivləri diqqətə çatdırılıb.
Universitetin Energetika və nəqliyyat kafedrasının müdiri, dosent Ramiz Kəlbiyev mövzunun aktuallığını vurğulayaraq bərpaolunan enerji mənbələrinin tətbiqi və bu istiqamətdə elmi-praktik yanaşmaların əhəmiyyəti barədə fikirlərini bölüşüb.
Seminar müzakirələr və iştirakçıların suallarının cavablandırılması ilə yekunlaşıb.