Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərin 12-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası nazirlərin 4-cü iclası plenar sessiyalarla davam edib

AZƏRBAYCAN

image

Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərin 12-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası nazirlərin 4-cü iclası “Nazirlər sessiyası”, “Cənub Qaz Dəhlizi sessiyası: Cənub Qaz Dəhlizində davamlı uğur və yeni inkişaf mərhələsi” və “Yaşıl Enerji Layihələri” üzrə 3 plenar sessiya ilə davam edib.

“Nazirlər sessiyası”nda çıxış edən energetika naziri Pərviz Şahbazov bildirib ki, dünya sürətlə süni intellektin, data mərkəzlərinin və rəqəmsallaşma ilə şərtlənən “elektrik əsri”nə qədəm qoyur və artan enerji tələbatının etibarlı qarşılanmasında təbii qaz strateji rol oynayır. O, qazın onilliklər ərzində enerji təhlükəsizliyinin əsas sütunlarından biri olaraq qalacağını və vaxtında investisiyaların vacibliyini vurğulayıb. Azərbaycandan Avropaya təbii qaz tədarükünün 2021-ci illə müqayisədə 56 faiz, Trans-Adriatik Boru Kəmərinin ötürmə gücünün isə 1,2 milyard kubmetr artırılması, eləcə də qaz təchizatı şəbəkəsinin Cənub-Şərqi Avropadan Yaxın Şərq və Mərkəzi Avropaya qədər genişləndirilməsi müsbət məqamlar kimi qeyd olunub. Ötən il 25,2 milyard kubmetr qaz ixracının strukturunda Avropanın payının təxminən 51 faiz, Türkiyə, Gürcüstan və Suriyanın ümumilikdə payının isə 49 faiz təşkil etdiyi diqqətə çatdırılıb. “Azərbaycan Avropa üçün etibarlı təchizatçıdır və qazımıza tələbat yüksək olaraq qalır. Lakin genişlənmə üçün tələbat tərəfdən institusional və maliyyə dəstəyi hələ də kifayət deyil. Hazırda dörd upstream layihəsinin 2026-2029-cu illərdə istismara verilməsi üzərində işləyirik. Bu il “Azəri-Çıraq-Günəşli”də sərbəst qazın işlənməsi layihəsi çərçivəsində ilk qazın hasilatını gözləyirik. Həmçinin quruda və dənizdə daha dörd kəşfiyyat layihəsi həyata keçirilir. Bütün bunlar, eləcə də BƏƏ-nin ADNOC (XRG) şirkətinin Cənub Qaz Dəhlizində səhmdara çevrilməsi kimi müsbət irəliləyişlərə baxmayaraq, Avropaya tədarük artımının əhəmiyyətli şəkildə təmin edilməsi üçün konkret maliyyə mexanizmləri ilə dəstəklənən aydın və uzunmüddətli siyasət çərçivəsi tələb olunur”, - deyə nazir əlavə edib.

Nazir daxili istehlak, ixrac və data mərkəzlərinin enerji təminatı məqsədilə ümumilikdə 8 QVt həcmində bərpa olunan enerji güclərinin və “Xəzər-Qara dəniz-Avropa”, Naxçıvandan birbaşa və Ermənistan üzərindən keçməklə “Azərbaycan-Türkiyə-Avropa”, “Transxəzər” və “Şərq-Qərb” yaşıl enerji dəhlizləri və interkonnektor layihələrinin yaradılması ilə bağlı hazırkı vəziyyəti də diqqətə çatdırıb. Bu regionlararası enerji bağlantıları və elektrik enerjisi vasitəsilə Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunu daha gücləndirəcəyi vurğulanıb.

Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili bu fikirləri səsləndirib: “Gürcüstan Cənub Qaz Dəhlizi çərçivəsində etibarlı tranzit ölkə rolunu oynayır, regional və Avropa bazarları üçün enerji təchizatının şaxələndirilməsinə və təhlükəsizliyinə töhfə verir. Davamlı regional əməkdaşlıq və gücləndirilmiş bağlantılar təhlükəsiz və dayanıqlı enerji gələcəyinin əsas dayağı olaraq qalır. Gürcüstan 2036-cı ilədək elektrik enerjisi istehsalında özünü tam təmin etməyi hədəfləyir. Bu məqsədə bərpa olunan enerji və ötürücü infrastruktur sahələrinə, o cümlədən yeni sərhədlərarası bağlantıların inkişafına yönəldilmiş əhəmiyyətli investisiyalar hesabına nail olacaq.”

Bolqarıstanın energetika naziri Trayço Traykov bildirib: ““Yunanıstan–Bolqarıstan Qaz İnterkonnektoru”nun istismarına verilməsi ilə Bolqarıstan faktiki olaraq “Cənub Qaz Dəhlizi”nin strateji infrastrukturunun ayrılmaz hissəsinə çevrilmişdir. Bu dəhliz Avropa ölkələri üçün enerji təhlükəsizliyinin gücləndirilməsi, eləcə də mənbələrin və marşrutların şaxələndirilməsi baxımından mühüm rolunu artıq sübut etmişdir. Bolqarıstan qaz infrastrukturunun inkişafı istiqamətində ardıcıl siyasət həyata keçirir. Bu xüsusda, Cənub Qaz Dəhlizi çərçivəsində tərəfdaşlığın daha da gücləndirilməsinə sadiqliyimizi bir daha təsdiqləyir. Enerji sektorunda mövcud çağırışlar Cənub Qaz Dəhlizi çərçivəsində formalaşmış etibarlı tərəfdaşlıqlar kimi möhkəm əməkdaşlıq mexanizmlərini tələb edir və bu əməkdaşlıq artıq “yaşıl enerji dəhlizləri” və zonaları təşəbbüslərinə də şamil olunmaqdadır. Bolqarıstan “Yaşıl Enerji Dəhlizi” layihəsini ilk vaxtdan dəstəkləyən ölkədir.”

Moldovanın energetika naziri Dorin Junqetu isə deyib: “Moldovanın strateji prioriteti qaz bazarının Avropa enerji infrastrukturuna ardıcıl inteqrasiyasının təmin edilməsidir. Bu yanaşma rəqabətədavamlı transsərhəd tədarükü və Xəzər regionundan tədarük olunan həcmlər də daxil olmaqla çoxsaylı təchizatçılara çıxışı təmin edəcək.”

ABŞ dövlət katibinin iqtisadi, enerji və biznes məsələləri üzrə köməkçisi Keyleb Or onlayn çıxışında bu fikirləri səsləndirib: “Cənub Qaz Dəhlizi bölgədəki uğurlu tərəfdaşlığımızın mərkəzində dayanır və enerji təhlükəsizliyinin milli təhlükəsizliklə sıx bağlı olduğuna dair ortaq mövqeyimizi əks etdirir.  ABŞ Cənub Qaz Dəhlizini yaradıldığı ilk gündən dəstəkləyir və dəhlizin Qafqaz regionunu Avropa ilə birbaşa birləşdirmək baxımından strateji əhəmiyyətini yüksək qiymətləndirir. Biz “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun və daha geniş “Trans-Xəzər” marşrutunun tam potensialını reallaşdırmaq, regional iqtisadi inteqrasiyanı gücləndirmək, eləcə də enerji, strateji minerallar və digər məhsullar üçün ticarət yollarını genişləndirmək sahəsində birgə əməkdaşlıq üçün böyük imkanlar görürük.”

Böyük Britaniyanın Azərbaycan və Mərkəzi Asiya üzrə ticarət elçisi Lord Con Alderdays isə onlayn çıxışında deyib: “Azərbaycan regional və Avropanın enerji təhlükəsizliyinin təminatçısı kimi öz rolunu yüksək peşəkarlıqla yerinə yetirir. Artıq otuz ildən çoxdur ki, Birləşmiş Krallıq ilə Azərbaycan arasında münasibətlərin təməlini enerji sahəsində əməkdaşlıq təşkil edir. Birləşmiş Krallıq “yaşıl enerji dəhliz”ləri və təmiz enerji layihələri üzrə əməkdaşlıqda böyük potensial görür. Bu təşəbbüslər yalnız Azərbaycana deyil, həm də daha geniş regiona və Avropa bazarlarına mühüm töhfə verəcək.”

Türkiyənin energetika və təbii sərvətlər nazirinin müavini Zəfər Dəmircan çıxışında bunları qeyd edib: “Cənub Qaz Dəhlizinin uzunmüddətli enerji təchizatı təhlükəsizliyinin təmin edilməsində oynadığı strateji rol barədə ümumi ortaq anlayış mövcuddur. Bu qiymətli konsepsiya indi Qafqaz və Mərkəzi Asiya ölkələrini Avropa ilə birləşdirən “Yaşıl Enerji Dəhlizi” istiqamətində inkişaf etməkdədir. Türkiyə yalnız təbii qazın nəqli üçün deyil, həm də elektrik enerjisinin ötürülməsi üçün ən əlverişli marşrutdur. Əməkdaşlıq və tərəfdaşlıq enerji təchizatının təhlükəsizliyini gücləndirmək və xalqlarımızın rifahını, həmçinin sosial-iqtisadi inkişafını artırmaq üçün istifadə edə biləcəyimiz yeganə və effektiv alətlərdir.”

Qazaxıstanın energetika nazirinin müavini Sanjar Jarkeşov isə bildirib: “Qazaxıstan enerji sahəsində Azərbaycan ilə strateji tərəfdaşlığı yüksək qiymətləndirir və bu əməkdaşlıqda keyfiyyətcə yeni səviyyəyə yüksəltmək üçün böyük potensial görürük. Xüsusilə Qazaxıstan, Azərbaycan və Özbəkistan arasında “yaşıl” enerjinin istehsalı və ötürülməsi üzrə genişmiqyaslı layihə ilə bağlı əldə olunmuş razılaşmaları qeyd etmək istərdim. Dövlətlərimizin başçıları tərəfindən imzalanmış saziş yalnız milli enerji sistemlərinin dayanıqlığını gücləndirmir, eyni zamanda “yaşıl” investisiyaların cəlb edilməsi vasitəsilə emissiyaların azaldılması üzrə ekoloji hədəflərimizin həyata keçirilməsinə birbaşa töhfə verir. Birgə səylər və yeni marşrutların yaradılması sayəsində biz regionun enerji müstəqilliyinin və təhlükəsizliyinin möhkəmləndirilməsi üçün təməl formalaşdırırıq.”

Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyinin təhlükəsizlik siyasəti və enerji təhlükəsizliyi üzrə dövlət katibi Peter Sztaray qeyd edib ki, Macarıstan hökumətinin əsas məqsədi idxal mənbələri və marşrutlarının şaxələndirilməsini tələb edən sabit, rasional və iqlim baxımından neytral enerji təchizatını təmin etməkdir. “Macarıstan Cənub Qaz Dəhlizi layihəsinin ötürmə gücünün artırılmasını Avropanın təbii qaz təchizatı marşrutlarının şaxələndirilməsi baxımından əsas layihə hesab edir. Cənub Qaz Dəhlizi Məşvərət Şurasında iştirakımız Azərbaycanı enerji əməkdaşlığında strateji tərəfdaş kimi qəbul etdiyimizi göstərir və biz Cənub Qaz Dəhlizinin ötürmə qabiliyyətinin artırılmasını fəal şəkildə dəstəkləyirik. “Yaşıl Enerji Dəhlizi” layihəsi isə  təkcə regional deyil, həm də qlobal səviyyədə unikal təşəbbüsdür və regionlararası əməkdaşlıq sahəsində qabaqcıl nümunə olmaq potensialına malik olduğuna görə Avropa üçün əsas əhəmiyyət kəsb edir.”

Albaniyanın infrastruktur və energetika nazirinin müavini Erlind Sulo bildirib: “Albaniya TAP vasitəsilə təbii qaz tədarükünə çıxış imkanı qazanmaq baxımından əlverişli mövqedədir. Bu, ölkə daxilində enerji ehtiyaclarını təmin etməyə, elektrik enerjisindən tək enerji mənbəyi kimi asılılığı azaltmağa, həmçinin ev təsərrüfatları, biznes və sənaye üçün enerjini daha əlçatan və sərfəli etməyə imkan verir. Biz bu istiqamətdə iki paralel layihə üzrə işləmək qərarına gəlmişik. Birincisi, “Vlora” İstilik Elektrik Stansiyasının yenidən canlandırılması və onun TAP çıxış nöqtəsinə və LNG üzən terminalına birləşdirən boru kəməri ilə inteqrasiya olunmuş layihə kimi icra olunmasıdır. İkincisi, Albaniyanın əsas şəhərlərindən biri olan Korça şəhərinin qazlaşdırılmasıdır.”

Serbiyanın Mədənçilik və Energetika Nazirliyində neft və qaz üzrə nazir müavini vəzifəsini icra edən Saşa Kokoviç qeyd edib: “Serbiya ilə Bolqarıstan arasında qaz interkonnektorunun istifadəyə verilməsi ilə Serbiya ilk dəfə olaraq Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycanın qazı da daxil olmaqla digər mənbələrdən qaz tədarükü imkanına sahib olmuşdur. Cənub Qaz Dəhlizi sadəcə bir infrastruktur layihəsi deyil. O, Avropa üçün etibarlı tərəfdaşlıqlar və qarşılıqlı etimad əsasında formalaşan yeni enerji reallığını təmsil edir. Serbiyanın Azərbaycanla əməkdaşlığı xüsusi strateji əhəmiyyət daşıyır və əsasən Prezidentlər Aleksandar Vuçiç və İlham Əliyev arasındakı dostluq münasibətlərinə əsaslanır. Bu günə qədər əldə edilmiş əməkdaşlıq nəticələri təbii qaz, bərpa olunan enerji mənbələri və yeni texnologiyaların tətbiqi sahəsində təcrübə mübadiləsini əhatə edən imzalanmış sazişlərlə təsdiqlənmişdir. Fevralın 15-də Serbiyanın paytaxtı Belqrad şəhərində həmdövrəli buxar-qaz turbin tipli elektrik stansiyasının inkişafı, layihələndirilməsi, tikintisi və idarə olunması üzrə imzalanmış son saziş iki ölkə arasında enerji əməkdaşlığının dəqiq sübutu və əsasını təşkil edir.”

Yunanıstanın Ətraf Mühit və Energetika Nazirliyinin enerji və mineral resurslar üzrə Baş katibi Despina Paliaruta çıxışında deyib: “Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyi üçün strateji əhəmiyyətini nümayiş etdirməyə davam edir. Dərin geosiyasi sarsıntılarla səciyyələnən bir dövrdə bu dəhliz etibarlı şaxələndirmə marşrutu və daha geniş region üçün sabitləşdirici amil olduğunu sübut etmişdir. Yunanıstan regional enerji mərkəzi rolunun gücləndirilməsi istiqamətində ardıcıl siyasət həyata keçirmişdir. İnfrastruktur, sərhədlərarası interkonnektorlar və mayeləşdirilmiş təbii qaz (LNG) terminallarına davamlı investisiyalar vasitəsilə ölkə Cənub-Şərqi və Mərkəzi Avropa üçün təchizatın şaxələndirilməsinə töhfə verir və bununla da regionda enerji təchizatının təhlükəsizliyini möhkəmləndirir. Bundan əlavə, Yunanıstan, Bolqarıstan, Rumıniya, Moldova və Ukraynanı birləşdirən qaz infrastrukturu olan Şaquli Dəhliz enerji təhlükəsizliyi, şaxələndirmə və inkişaf baxımından regional əhəmiyyətli mərhələ təşkil edir.”

Ukraynanın energetika nazirinin birinci müavini Artem Nekrasov deyib: “Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəmərinin (TAP) ötürmə gücünün artırılması, eləcə də Xəzər regionunda yeni yataqların istismara verilməsi Avropaya qaz təchizatının əhəmiyyətli dərəcədə artırılması üçün zəmin yaradır. Bu sistem çərçivəsində Azərbaycan etibarlı resurs təchizatçısı kimi çıxış edir. Avropa İttifaqı əsas istehlakçı tərəfdaşdır və Ukrayna Avropada enerji axınlarının sabitliyini və çevikliyini təmin edən mühüm infrastruktur və logistika mərkəzi rolunu oynaya bilər. Təbii qaz sahəsində Avropa İttifaqı, Azərbaycan və Ukrayna arasında əməkdaşlıq potensial olaraq Avropada daha dayanıqlı və şaxələndirilmiş enerji arxitekturasının təmin edilməsinin əsas elementlərindən birinə çevrilə bilər.”

Xorvatiyanın İqtisadiyyat Nazirliyinin dövlət katibi Vedran Şpehar isə bildirib: “Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyi və təchizatın şaxələndirilməsi səylərində həlledici rolunu davam etdirir və bölgədə enerji sistemlərinin dayanıqlılığının gücləndirilməsinə əhəmiyyətli töhfə verir. Xorvatiya konstruktiv enerji tərəfdaşlıqlarına, o cümlədən Azərbaycanla əməkdaşlığına yüksək qiymət verir. Bu tərəfdaşlıqlar həm milli, həm də regional bazarlar üçün sabit və şaxələndirilmiş qaz təchizatının təmin olunmasına xidmət edir. Gələcəyə baxdıqda, Xorvatiya Cənub Qaz Dəhlizinin Avropanın dəyişən enerji mənzərəsində davam edən strateji əhəmiyyətini anlayır. Aşağı karbonlu gələcəyə keçid prosesi davam etdikcə təbii qaz enerji sistemlərinin təhlükəsiz, balanslı və sabit fəaliyyətinin təmin olunmasında həlledici rolunu qoruyacaqdır.”

Monteneqronun Energetika və Mədənçilik Nazirliyinin dövlət katibi Dino Tutuncic çıxışında bildirib: “Monteneqro hazırda inkişaf etmiş qaz infrastrukturu ilə təchiz olunmayıb. Yanaşmamız aydın və iki istiqamətlidir: qısa müddətdə - təchizatın təhlükəsizliyi və şaxələndirilməsi; uzun müddətdə - “yaşıl hidrogen”lə və Avropa İttifaqının iqlim siyasəti ilə uzlaşan müasir infrastrukturun yaradılması. Bu istiqamətdə prioritet layihə İon-Adriatik Boru Kəməri (IAP) layihəsidir. Monteneqro üçün IAP sadəcə qaz kəməri deyil. O, gələcək regional enerji dəhlizi və Avropa bazarına inteqrasiyanın açarıdır. Ən önəmlisi isə biz onu yaşıl hidrogenin daşınmasına tam uyğun şəkildə dizayn edirik.”

Avstriyanın İqtisadiyyat, Enerji və Turizm Federal Nazirliyinin Baş katibi Severin Qruber çıxışında deyib: “Son dövrün təcrübəsi göstərir ki, enerji sistemimizin dayanıqlılığının möhkəmləndirilməsi baxımından təchizatın şaxələndirilməsi xüsusi əhəmiyyətə malikdir. Biz Azərbaycanın etibarlı tərəfdaş kimi Avropa və Avstriya ilə əməkdaşlığını daha da gücləndirmək niyyətini alqışlayırıq. Avstriya vətəndaşlarının təhlükəsiz və münasib qiymətli enerji ilə təminatının dəstəklənməsi məqsədilə Azərbaycan ilə enerji sahəsində strateji tərəfdaşlığının daha da dərinləşdirilməsində maraqlıdır.”

İtaliyanın ətraf mühit və enerji təhlükəsizliyi naziri Cilberto Piketto-Fratini adından çıxış edən İtaliyanın Azərbaycandakı səfiri Luka Di Canfrançesko bildirib: “Cənub Qaz Dəhlizi, xüsusilə də onun son seqmenti olan Trans-Adriatik Boru Kəməri gələcək illərdə ötürmə gücü artırılacaq strateji əhəmiyyətli infrastruktur layihəsidir. Bu kəmər Xəzər hövzəsi ilə Avropa bazarı arasında birbaşa bağlantı yaradaraq təhlükəsiz, çevik və şəffaf enerji axınlarını təmin edir. Nazirlər iclasında iştirakımız vasitəsilə İtaliyanın bu Dəhlizə böyük əhəmiyyət verdiyini bir daha təsdiqləmək istərdik. 31 dekabr 2025-ci il tarixinə olan məlumata əsasən, 31 dekabr 2020-ci il tarixində həyata keçirilən ilk qaz tədarükündən bəri İtaliyaya ümumilikdə 45,1 milyard kubmetr qaz nəql edilmişdir.”

Sloveniyanın ölkəmizdəki səfiri Qorazd Rençeli isə bunları diqqətə çatdırıb: “Yaşıl enerji texnologiyalarına və müvafiq infrastrukturun inkişafına investisiya yatırmaqla biz təmiz enerji keçidini sürətləndirir, enerji təhlükəsizliyini gücləndirir və tərəfdaşlığımızı gələcəyə yönəlmiş, dayanıqlı çərçivə əsasında inkişaf etdiririk.”

Şimali Makedoniyanın Energetika, Mədənçilik və Mineral Resurslar Nazirliyində neft və qaz şöbəsinin rəhbəri Goran Nikolovski bunları bildirib: “Bu toplantı bir daha nümayiş etdirir ki, sabit və şaxələndirilmiş enerji sisteminin formalaşdırılması regional əməkdaşlıq üçün zəruridir. Şimali Makedoniya üçün Cənub Qaz Dəhlizinə çıxış enerji təhlükəsizliyinin gücləndirilməsi və Avropa enerji arxitekturasına inteqrasiyanın dərinləşdirilməsi baxımından strateji imkan yaradır. Məqsədimiz aydındır - tərəfdaşlıq və bağlantıların genişləndirilməsi vasitəsilə daha təhlükəsiz və dayanıqlı enerji gələcəyi qururuq.”

“Cənub Qaz Dəhlizi sessiyası”nda isə SOCAR, bp, Azərbaycan Qaz Təchizatı Şirkəti, TANAP, TAP, ICGB, XRG, TotalEnergies, Asiya İnkişaf Bankı və Boston Consulting Group nümayəndələrinin iştirakı ilə müzakirələr aparılıb.

“Yaşıl Enerji Layihələri” sessiyasında Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva çıxış edib. Sessiyada BOEMDA, “SOCAR Green”, “Masdar”, “ACWA Power”, bp, Xlinks, Zhero, CEER, IFC, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Asiya İnkişaf Bankı, Asiya İnfrastruktur və İnvestisiya Bankı və İƏT-in Təmiz Enerji Mərkəzinin (CECECO) nümayəndələrinin “yaşıl enerji dəhliz”ləri və layihələri, “yaşıl enerji” interkonnektorları ilə bağlı təqdimatları dinlənilib.

Renewables.az Renewables.az Renewables.az Renewables.az Renewables.az Renewables.az Renewables.az Renewables.az Renewables.az Renewables.az Renewables.az Renewables.az Renewables.az Renewables.az


OXŞAR XƏBƏRLƏR