Azərbaycanın "yaşıl hidrogen"ə əlavə subsidiya vermək niyyəti yoxdur.
Bunu "Report"a açıqlamasında energetika nazirinin müavini Elnur Soltanov deyib.
Onun sözlərinə görə, hazırda beynəlxalq təşkilatlarla "yaşıl hidrogen" mövzusunda texniki-iqtisadi əsaslandırma aparılır: "Yaşıl hidrogen" həddindən artıq bahadır və onun dünya bazarında rəqabət aparması, yəni ölkənin əlavə subsidiyalarına ehtiyac olmadan istehsal edilməsi üçün hələlik dünyada həm texnoloji baxımdan, həm də bazarın olmaması nöqteyi-nəzərindən müəyyən məhdudiyyətlər var. Mənə elə gəlir ki, bu sahədə liderlik etmək çox bahadır və subsidiya deməkdir. Azərbaycanın belə bir niyyəti yoxdur".
Nazir müavini bildirib ki, Azərbaycan dünyada adambaşına düşən istixana qazları emissiyaları nöqteyi-nəzərindən ən yaxşı vəziyyətdə olan ölkələrdən biridir: "Mənə elə gəlir ki, burada yük və ilk növbədə məsuliyyət, iqtisadi və maliyyə baxımından daha inkişaf etmiş ölkələrin üzərinə düşür. Onlarda bu istiqamətdə texnologiya da var. O ölkələrin "yaşıl hidrogen"lə artıq bazar şərtləri çərçivəsində rəqabətqabiliyyətli hala gəlməsi sərhədində olduğunu düşünürəm. Azərbaycan kimi dövlətlər də bundan sonra dövriyyəyə girəcək".