Beynəlxalq Enerji Agentliyinin "Hidroenerji Xüsusi Bazar Hesabatı"na görə 2021-2030-cu illərdə qlobal hidroenerji gücünün 17 % artaraq 1557 QVt-a çatması gözlənilir.Bu artımda Çin, Hindistan, Türkiyə və Efiopiya öndə gələn ölkələr olacaq. Bu dövrdə hidroenerjiyə qoyulan sərmayələrin 540 milyard dollar olacağı, bunun 127 milyard dolları köhnə SES-lərin yenilənməsi üçün xərclənəcəyi qeyd edilir. Hesabata görə, qlobal elektrik istehsalının 1/6-i hidroenerji stansiyalarından təmin edilir. Bu da, 800 milyon insanın elektrik enerjisinə olan tələbatının qarşılanması deməkdir. Beynəlxalq Enerji Agentliyinin direktoru Fateh Birol açıqlamasında hidroenerjinin təmiz enerjinin yaddan çıxan nəhəngi olduğunu bildirib. IEA direktoru həmçinin qeyd edib: "Əgər ölkələr sıfır emissiya mövzusunda ciddilərsə, hidroenerji layihələrinin yenidən gündəmə gəlməsi lazımdır".