Biz bu gün müzakirə etdiyimiz məsələlər arasında elektroenergetika məsələlərinə də böyük diqqət ayırdıq.
Renewables.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən Azərbaycan-İran biznes forumunda deyib.
"Burada təkcə elektrik stansiyalarının tikintisi yox, eyni zamanda, ötürücü xətlərin tikintisi məsələsi nəzərdə tutulur. Burada da bu sahədə təcrübəsi olan şirkətlər üçün yaxşı fürsətlər, yaxşı imkanlar yaradılır. Biz gələcəkdə iki ölkə arasında həm ikitərəfli, həm də çoxtərəfli - qonşu ölkələrlə birlikdə formatda enerji mübadiləsi layihələrinə də baxa bilərik. Daha doğrusu, bu gün artıq bu, gündəlikdə duran məsələlərdən biridir. Azərbaycanda yaşıl enerjinin istehsalı prosesi artıq başlamışdır və bunun böyük gələcəyi var. Biz beş ildən sonra 6500 meqavat gücündə Günəş, külək və su enerji potensialımızı ortaya qoyacağıq və bunun böyük hissəsi ixracyönümlü enerji növləridir. Bu istiqamətdə əlbəttə ki, indidən hazırlıq işləri aparılmalıdır", - Prezident İlham Əliyev deyib.