Qaradağ GES-in gücü 350 MVt artırılacaq, 200 MVt-saatlıq BESS qurulacaq

15 sentyabr 2026, 21:43 (UTC+4)
ÖLKƏ GÜNƏŞ ENERJİ SAXLAMA
EDITOR
image
Qaradağ GES | Foto: Renewables.az

Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkətinin Azərbaycandakı 230 meqavatlıq "Qaradağ" Günəş Elektrik Stansiyasının (GES) qoyuluş gücünün ən azı 350 MVt artırılması, həmçinin 200 meqavat-saatadək batareya enerji saxlanc sisteminin (BESS) əlavə edilməsi imkanları araşdırılacaq.

Renewables.az xəbər verir ki, bu barədə "Masdar" məlumat yayıb.

"Masdar"ın baş icraçı direktoru Məhəmməd Cəmil Əl-Ramahi bildirib: "Qaradağ layihəsi “Masdar” üçün Azərbaycanda möhkəm təməl yaratdı və iri miqyaslı bərpaolunan enerji layihələrini uğurla həyata keçirmək bacarığımızı nümayiş etdirdi. AGEC ilə bu Saziş layihəni genişləndirmək, batareya enerji saxlanc sistemini inteqrasiya etməklə həmin təcrübəni daha da inkişaf etdirmək imkanı yaradır. İnkişaf, texniki və əməliyyat sahələrindəki təcrübəmizi birləşdirərək Azərbaycanın artan elektrik enerjisi tələbatını dəstəkləyən etibarlı və çevik enerji həlləri təqdim etməyi hədəfləyirik".

"Azerbaijan Green Energy Company"nin (AGEC) baş icraçı direktoru Mir Camal Paşayev bildirib: "AGEC Azərbaycanın daha şaxələndirilmiş, təhlükəsiz və dayanıqlı enerji gələcəyinə keçidini dəstəkləmək istiqamətində uzunmüddətli öhdəliyimizi təmsil edir. Biz hesab edirik ki, bərpaolunan enerjinin inkişafı yalnız investisiya imkanı deyil, həm də ölkənin iqtisadi dayanıqlılığına, enerji təhlükəsizliyinə və gələcək nəsillərə mühüm töhfədir. Aparıcı qlobal enerji şirkətləri ilə əməkdaşlıq üçün böyük potensial görürük və dünyanın aparıcı bərpaolunan enerji şirkətlərindən biri olan “Masdar” ilə əməkdaşlıq imkanlarını araşdırmaqdan xüsusilə məmnunuq. İnanırıq ki, beynəlxalq təcrübənin Azərbaycanın güclü bərpaolunan enerji potensialı ilə birləşdirilməsi yüksək keyfiyyətli layihələrin inkişafını sürətləndirə bilər. AGEC vasitəsilə yüksək keyfiyyətli bərpaolunan enerji layihələrinin inkişafını dəstəkləməyə və Azərbaycan üçün uzunmüddətli dəyər yaradan möhkəm tərəfdaşlıqlar qurmağa sadiqik".

AGEC İcraçı Direktorlar Şurasının sədr müavini Xəyalə Nağıyeva bildirib: "AGEC Azərbaycanın bərpaolunan enerji inkişafının növbəti mərhələsinə töhfə vermək məqsədilə “Masdar” ilə tərəfdaşlıq etməkdən məmnundur. Bu əməkdaşlıq “Masdar”ın qlobal təcrübəsini AGEC-in yerli investisiya və layihə inkişafı imkanları ilə birləşdirərək, yalnız əlavə təmiz enerji gücü deyil, həm də daha yüksək çeviklik, etibarlılıq və enerji təhlükəsizliyi təmin edə biləcək layihələri araşdırmağa imkan yaradır. Qaradağ Günəş Elektrik Stansiyasının təklif olunan genişləndirilməsi, bərpaolunan enerji istehsalının enerji saxlanc sistemləri ilə inteqrasiyası və Azərbaycan üçün daha dayanıqlı enerji həllərinin hazırlanması istiqamətində mühüm addımdır. Bu imkanları Azərbaycanın uzunmüddətli dayanıqlı inkişafına töhfə verən, maliyyələşdirilməsi mümkün və yüksək təsirə malik layihələrə çevirməyi səbirsizliklə gözləyirik".

Xatırladaq ki, sentyabrın 14-də Azərbaycan Respublikasının Prezident İlham Əliyevlə və BƏƏ-nin Əbu-Dabi Əmirliyi hakiminin müavini, milli təhlükəsizlik müşaviri Şeyx Tahnun bin Zayed Al Nəhyanla görüşü çərçivəsində  "Masdar" (Abu Dhabi Future Energy Company) şirkəti ilə AGEC şirkəti arasında "Azərbaycanda bərpaolunan enerji layihələrinin işlənib hazırlanması məqsədilə əməkdaşlıq Sazişi" imzalanıb. Sənədi AGEC-in İdarə Heyətinin sədr müavini Xəyalə Nağıyeva və BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabir imzalayıblar.

Renewables.az