Bərpa olunan enerjinin texniki potensialı 21-29 QVt, iqtisadi potensialı isə 5,8-6,9 QVt həcmində qiymətləndirilən Naxçıvanda da inkişaf prosesi dövlət başçısının “yaşıl enerji” zonası ilə bağlı strateji baxışına uyğun şəkildə həyata keçirilir.
Renewables.az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazovun Energetiklər Günü ilə bağlı rəsmi qəzetdə dərc edilmiş məqaləsində deyilir.
"Bu məqsədlə Naxçıvan Muxtar Respublikasının davamlı sosial-iqtisadi inkişaf strategiyasının tərkib hissəsi kimi “Yaşıl Enerji Zonası” Konsepsiyası və onun icrasını təmin edən Tədbirlər Planı hazırlanıb. Konsepsiya Naxçıvanda bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsini, enerji müstəqilliyinin və dayanıqlı inkişafın təmin olunmasını, müasir şəbəkə infrastrukturunun qurulmasını, enerji ixrac imkanlarının artırılmasını və karbon emissiyalarının əhəmiyyətli dərəcədə azaldılmasını hədəfləyir. Konsepsiya Naxçıvan iqtisadi rayonuna daxil olan Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarını əhatə edir. 2026-2030-cu illər üzrə 4 əsas sahədə müəyyənləşdirilmiş 12 prioritet istiqamət enerji sahəsində həm strateji, həm də sektorlararası yanaşmanı əks etdirir. Sənaye sektorunda enerji səmərəliliyinin artırılması və “yaşıl enerji”nin tətbiqi, sənaye miqyaslı bərpa olunan enerji layihələrinin reallaşdırılması əsas hədəflərdəndir. Nəqliyyat sektorunda dekarbonizasiya, “ağıllı infrastruktur”un təşkili və elektromobillərə keçidin təşviqi nəzərdə tutulur. Tikinti və şəhərsalma sahəsində ekoloji dayanıqlıq və resurs səmərəliliyi, kənd təsərrüfatında isə bioenerji imkanları və “yaşıl texnologiya”ların tətbiqi prioritetləşdirilir".
Hazırda Naxçıvanda bərpa olunan enerji mənbələrinin payı elektrik enerjisinin quraşdırılmış gücündə 44 faiz, istehsalında isə 48 faiz təşkil edir. Yaxın perspektivdə 50 MVt gücündə günəş elektrik stansiyasının, eləcə də 51,6 MVt gücündə Tivi və Ordubad su elektrik stansiyalarının istismara verilməsi ilə bu göstəricilərin daha da artacağı gözlənilir. Həmçinin bərpa olunan enerji layihələri üçün nəzərdə tutulan torpaq sahələrində əsasən ixrac məqsədilə 3 QVt-dan artıq günəş və külək enerjisi istehsal gücünün yaradılması mümkündür. Bu potensialdan yararlanmaq üçün Naxçıvandan Türkiyəyə elektrik enerjisinin ixracı və şəbəkəyə qoşulma imkanlarının qiymətləndirilməsi məqsədilə hər iki ölkənin birgə iştirakı ilə tədqiqatlar aparılır. Azərbaycan, elektrik enerjisinin Naxçıvandan birbaşa Türkiyəyə, oradan isə Avropaya ötürülməsi ilə yanaşı, Zəngəzur dəhlizi vasitəsilə Ermənistan üzərindən nəql perspektivinə də malikdir. Bu təşəbbüs yalnız Naxçıvanın elektroenergetika sistemini ölkənin enerji şəbəkəsinə birləşdirmir, eyni zamanda “Azərbaycan (Naxçıvan MR) - Türkiyə - Avropa Enerji Qovşağı” layihəsinin reallaşması baxımından da strateji əhəmiyyət kəsb edir. Layihə çərçivəsində Naxçıvanda 400/330/110/35/10 kV-luq çevirici yarımstansiyanın, 330 kV-luq “Cəbrayıl-Naxçıvan” və 400 kV-luq “Naxçıvan-Türkiyə” elektrik verilişi xətlərinin tikintisi üzrə hazırlıq və mühəndislik işləri həyata keçirilir. Cəbrayıl enerji qovşağını Naxçıvanla birləşdirən infrastruktur sayəsində bu strateji bölgələr nəinki inteqrasiya olunacaq, həm də ölkənin “yaşıl enerji” təchizat siyasətini daha balanslı və dayanıqlı edəcək. Davamlı sülhün təminatında mühüm elementlərdən biri olan regional bağlantılar amili Zəngəzur dəhlizinin timsalında, ölkəmizin digər bölgələrindən, Xəzər dənizindən və Mərkəzi Asiyadan “yaşıl enerji”nin nəqli üçün marşrutları və bazarları şaxələndirərək, Azərbaycanı regionun əsas enerji nəqliyyat qovşaqlarından birinə çevirəcək.