2023-cü ildən etibarən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yaşıl texnologiyaların və enerji səmərəliliyinin tətbiqi ilə bağlı mütəmadi monitorinqlər həyata keçirilir.
Renewables.az xəbər verir ki, bu barədə Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi məlumat yayıb.
Monitorinqlər çərçivəsində şəhər, rayon, kənd və qəsəbələrdə günəş panellərinin, enerji səmərəli küçə və yol işıqlandırmasının, ağıllı dayanacaqların, elektrik doldurma məntəqələrinin və digər yaşıl texnologiyaların tətbiqi qiymətləndirilir.
Eyni zamanda, monitorinq qrupunun üzvləri tərəfindən ərazilərdə fəaliyyət göstərən sifarişçi qurumlarla enerji səmərəliliyi tələblərinin nəzərə alınması və tətbiqi ilə bağlı müzakirələr aparılır.
Bu işlər Qarabağ və Şərqi Zəngəzurda dayanıqlı, enerji səmərəli və ekoloji cəhətdən daha təmiz yaşayış məkanlarının formalaşdırılmasına töhfə verməyə yönəlib.