Sentyabrın 4-də Türkiyənin İzmir şəhərində Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarın iştirakı ilə Azərbaycan-Türkiyə 4-cü Enerji Forumu keçiriləcək.
Renewables.az-a bu barədə Energetika Nazirliyindən bildirilib.
Forumda karbohidrogen və neft-kimya, bərpa olunan enerji, enerji səmərəliliyi, tənzimləmə, mədənçilik və digər istiqamətlər üzrə müzakirələrin aparılması və protokolun imzalanması nəzərdə tutulur.
Forum çərçivəsində, həmçinin SOCAR Əliağa terminalına səfər planlaşdırılır.
Qeyd edək ki, Azərbaycan-Türkiyə Enerji Forumu iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiya çərçivəsində strateji enerji əməkdaşlığının daha da möhkəmləndirilməsi məqsədilə yaradılıb. İlk Forum 2021-ci il 21-22 dekabr tarixlərində Bakı şəhərində, 2-ci Forum 2022-ci il 5-6 oktyabr tarixlərində İstanbul şəhərində, 3-cü Forum isə 2023-cü il 28-29 sentyabr tarixlərində Naxçıvan şəhərində keçirilib.