Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) bərpa olunan energetika sahəsində yeni strateji istiqaməti ilk növbədə işğaldan azad edilmiş ərazilərdə olmaqla, ölkənin geotermal resurslarının tədqiqi olacaq. Bu barədə SOCAR-ın vitse-prezidenti Əfqan İsayev 31-ci Bakı Enerji Forumunda çıxışı zamanı bildirib.
"Biz Kəlbəcəri öyrənirik. Həmçinin Energetika Nazirliyinə bu istiqamətdə göstərdiyi dəstəyə - geotermal energetikanın inkişafına təkan verən normativ-hüquqi bazanın formalaşdırılmasına, tarif mexanizmlərinin yaradılmasına, xarici investorlar üçün risklərin minimuma endirilməsinə və əlavə risklərin azaldılması (deriskinq) alətlərinin tətbiqinə görə böyük minnətdarlığımızı bildiririk. Biz artıq bu istiqamətdə işlərə başlamışıq. Geotermal energetikanın inkişafı ölkənin 2030-cu ilə qədər sosial-iqtisadi inkişaf proqramına da daxil edilib. Buna görə də, biz yaxın gələcəkdə Azərbaycanın malik olduğu bu potensialı reallaşdıra biləcəyimizə çox ümid edirik", - Ə. İsayev deyib.
Şirkətin vitse-prezidentinin sözlərinə görə, SOCAR "elektronların mübadiləsi" adlanan sahədə – elektrik enerjisinin ixracı üzrə beynəlxalq layihələrə yüksək maraq göstərir.
"Biz böyük maraqla texniki-iqtisadi əsaslandırmaların (TİƏ) yekunlaşdırılmasını gözləyirik və sözsüz ki, bu təşəbbüslərdə iştirak etməyə hazırıq. Məlum olduğu kimi, Gürcüstan, Türkiyə və bir sıra digər ölkələrdə fəaliyyət göstəririk və əminəm ki, resurslarımıza və bu dövlətlərdəki mövcudluğumuza arxalanaraq, bu cür layihələri nəticəli şəkildə həyata keçirə biləcəyik", - SOCAR-ın vitse-prezidenti əlavə edib.
Şirkətin vitse-prezidenti həmçinin bildirib ki, hazırda ofşor layihələrin (kontinental şelfdəki layihələrin) həyata keçirilməsi üçün infrastruktur çatışmazlığı hiss olunur:
"Bununla belə, əminəm ki, biz bu problemin öhdəsindən gələ bilərik. Neft-qaz sənayesi artıq bunu nümayiş etdirib: konsorsiumlar yaradaraq və bütün maraqlı tərəflərin səylərini birləşdirərək, misal üçün, dənizdə bərpa olunan enerji potensialını açmaq üçün biz neft-qaz infrastrukturunda əldə edilənləri təkrarlaya bilərik. Xəzərin təkcə Azərbaycan sektorunda təsdiq olunmuş potensialı 157 qiqavata çatır. Biz resursları birləşdirə, xərcləri və riskləri bölüşə və mahiyyət etibarilə lazımi infrastrukturu qura bilərik. İnanıram ki, bu, tamamilə həyata keçirilə biləndir. Mələsən, Trans-Xəzər elektrik kabelinin çəkilməsi üzrə layihələr işə salınan kimi reallığa çevriləcək".
