2027-2028-ci illərdə Sumqayıt Kimya Sənaye Parkının ərazisində "yaşıl hidrogen” istehsalına başlanılması planlaşdırılır.
Bunu “Report”a açıqlamasında Azərbaycan-Bolqarıstan birgə müəssisəsi olan “Caspian Lubricants Recycling”in baş direktoru, Bolqarıstanın “Torec Engineering” şirkətinin rəhbəri Kalin Runtev deyib.
"Əgər zavodun işə salınması planlaşdırıldığı kimi bu ilin noyabr-dekabr aylarında baş tutarsa, növbəti mərhələdə "yaşıl enerji”nin istehsalını təmin edəcək, sonra isə "yaşıl hidrogen” istehsalına başlayacağıq. Bu enerji növü yanacaq kimi və ikinci qrup baza yağlarının istehsalı üçün xammal kimi (hidrotəmizləmə, distillat fraksiyası və s.) istifadə olunacaq. Bu, bizi Cənubi Qafqazdan Pakistana qədər olan məkanda unikal edəcək - ən yaxın analoji istehsal 3 000 km məsafədə yerləşir", - K.Runtev qeyd edib.
Onun sözlərinə görə, hidrogen istehsalı üzrə layihəqabağı işlərə 2026-cı ildə başlanılacaq. Hidrogen qurğusunun işə salınması və II qrup yağların istehsalı 2027-2028-ci illərdə gözlənilir.
"Yaşıl hidrogen” suyun elektrolizi metodu ilə istehsal ediləcək və yerli resurslardan istifadə olunacaq. Hazırda şirkət Avropa və Çindən olan elektroliz qurğularının tədarükçüləri ilə danışıqlar aparır. Səhmdarlar yekun qərarı biznes planı təsdiqləndikdən sonra qəbul edəcəklər. Beynəlxalq tərəfdaşların iştirakı variantları da müzakirə olunur, lakin hələlik konkret razılaşmalar açıqlanmır", - birgə müəssisənin rəhbəri bildirib.