Türkiyənin "YEO Teknoloji" şirkəti ilə “Azərenerji” ASC arasında Naxçıvan Muxtar Respublikasında 40 MVt-saat gücündə batareya enerji saxlanc sisteminin (BESS) quraşdırılması üzrə 9,54 milyon ABŞ dolları dəyərində “açar təhvil” müqaviləsi imzalanıb.
Renewables.az xəbər verir ki, bu barədə YEO məlumat yayıb.
Müqaviləyə əsasən, "YEO" enerji saxlanc sisteminin mühəndislik, satınalma, quraşdırma və istismara verilməsi işlərini, həmçinin əlaqədar şəbəkə işlərini və sistemin mövcud günəş elektrik stansiyasına inteqrasiyasını həyata keçirəcək.
Qeyd edək ki, "Azərenerji" ASC "YEO Teknoloji" şirkəti ilə ümumi gücü 250 meqavat, enerji tutumu isə 500 meqavat-saat olan Abşeron və Ağdaşda qurulan BESS-lər üçün 90,5 milyon ABŞ dolları dəyərində müqavilə imzalamışdı. BESS-ləri "YEO Teknoloji"nin törəmə şirkəti olan "Reap Battery" dünyanın aparıcı batareya istehsalçılarından və Tier 1 siyahısında yer alan Çin Xalq Respublikasının "Great Power" ilə tərəfdaşlıq çərçivəsində yaradılan "ReapG" şirkəti inşa etmişdi.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 12-də Naxçıvanda birinci mərhələdə ən azı 100 meqavatlıq batareya enerji saxlanc sisteminin qurulacağını açıqlamışdı.