Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti Azərbaycanın külək enerjisi potensialını müəyyən etmək məqsədilə Xəzər dənizində “Offshore Wind” layihəsinin icrasını davam etdirir.
Renewables.az “Report”a istinadən xəbər verir ki, bunu “ACWA Power”in Azərbaycan və Türkiyə üzrə direktoru Selim Güven deyib.
Onun sözlərinə görə, bu layihə çərçivəsində Energetika Nazirliyi və digər tərəfdaşlarla görüşlər keçirilir.
“Şirkət ilkin razılaşmalardan sonra bu sahədə fəaliyyətini genişləndirməyi hədəfləyir,” – deyə S. Güven bildirib.
Onun sözlərinə görə, Azərbaycanın liderlik etdiyi "yaşıl enerji dəhlizi" ilə bağlı müəyyən planlarımız mövcuddur. Azərbaycan neft və qaz sahəsində qazandığı uğurları və etibarlı tədarük təcrübəsini "yaşıl enerji" sektoruna daşıyacaq:
“Bu layihə çərçivəsində Azərbaycandan Avropaya, həmçinin Özbəkistan və Qazaxıstandan Azərbaycana uzanan bir enerji dəhlizi qurmaq planlaşdırılır. Eyni zamanda, Azərbaycandan Naxçıvan vasitəsilə Türkiyəyə də "yaşıl enerji dəhlizi"nin çəkilməsi nəzərdə tutulur. Bu dəhlizlər regiondakı zəngin "yaşıl enerji"nin Avropa və digər ehtiyac duyan bazarlara ixracını təmin edəcək. Biz bu hədəflərə ən qısa zamanda nail olunması üçün dəstək göstərməyə çalışırıq”, - deyə S. Güven vurğulayıb.
Hazırda “ACWA Power” şirkəti ilə əməkdaşlıq çərçivəsində, 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının tikintisi həyata keçirilir. Layihə Abşeron-Xızı ərazisində Pirəkəşkül və Sitalçay yaxınlığında həyata keçirilir.
2023-cü ildə “ACWA Power” ilə əldə edilən razılığa əsasən, dənizdə 1,5 QVt-dək, quruda isə 1 QVt külək stansiyalarının yaradılmasını nəzərdə tutulur.
Rəylər (0):