AİİB Azərbaycanda günəş enerjisinin inkişafına dair yeni sərmayə planlarını açıqlayıb

image

Asiya İnfrastruktur İnvestisiya Bankı (AİİB) Azərbaycanın günəş enerjisi sahəsinə böyük investisiyalar yatıracağını açıqlayıb. Bu addım bankın iqlim sahəsində fəaliyyət strategiyasında mühüm mərhələdir.

Renewables.az-ın məlumatına görə, bu barədə Trend-ə özəl müsahibəsində AİİB-in iqlim strategiyası və siyasəti üzrə baş mütəxəssisi Seleha Lokvud bildirib.

S.Lokvud bildirib ki, AİİB-in daha geniş iqlim strategiyası müştərilərlə sıx əməkdaşlıq və strateji tərəfdaşlıqların gücləndirilməsinə yönəlib.

"Keçən il iqlim üzrə fəaliyyət planımızı yayımladıq və burada əsas diqqət müştərilərimizlə sıx əməkdaşlığa və əhəmiyyətli tərəfdaşlıqların qurulmasına yönəlib. Azərbaycana edilən bu konkret investisiya belə bir yanaşmanın nümunəsidir, çünki biz digər çoxtərəfli inkişaf bankları (ÇİB) və Azərbaycanla əməkdaşlıq edərək, enerji prioritetlərini dəstəkləyirik", – deyə S.Lokvud bildirib.

İnvestisiya həcmi ümumilikdə 160 milyon ABŞ dolları təşkil edəcək və bu vəsait 315 MVt gücündə Neftçala Günəş Elektrik Stansiyası və 445 MVt gücündə Biləsuvar Günəş Elektrik Stansiyasının tikintisinə yönəldiləcək. Layihə “Abu Dhabi Future Energy Company” ("Masdar") ilə tərəfdaşlıqda həyata keçirilir və Azərbaycanın bərpa olunan enerji potensialının inkişafına əhəmiyyətli töhfə verəcək.

"Bu layihə Azərbaycanın enerji balansını köklü şəkildə dəyişəcək transformasiyaedici bir investisiyadır. Biz bu təşəbbüsün bir hissəsi olmaqdan məmnunuq, çünki o, ölkənin enerji sektorunun gələcəyi üçün strateji əhəmiyyət daşıyır", – deyə S.Lokvud qeyd edib.

Layihə Asiya İnkişaf Bankı (AİB) və Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ilə birgə maliyyələşdirilir. Bununla yanaşı, yerli tərəfdaş kimi “SOCAR Green” layihədə “Masdar”a qoşulub.

S.Lokvud bildirib ki, bu əməkdaşlıq AİİB-in regional əməkdaşlığı inkişaf etdirmək və ölkələrin iqlim məqsədlərinə nail olmasına dəstək olmaq öhdəliyini əks etdirir.

"Beynəlxalq İnkişaf və Yenidənqurma Bankları və yerli iştirakçılarla tərəfdaşlıq iqlim dəyişikliyi kimi qlobal problemlərin həlli üçün əməkdaşlığın əhəmiyyətini vurğulayır", – deyə o əlavə edib.

Günəş enerjisinə edilən investisiya AİİB-in Paris Sazişinə uyğun olaraq yaşıl infrastruktura üstünlük verilməsi üzrə daha geniş strategiyası ilə uzlaşır.

"Bizim strategiyamız yaşıl infrastruktura üstünlük verir və Paris Sazişinin hədəflərinə uyğundur. 2023-cü il iyulun 1-dən etibarən bütün layihələrimiz Paris hədəflərinə uyğunlaşdırılıb və bu investisiya da istisna deyil", – deyə S.Lokvud qeyd edib.

AİİB-in layihəyə sadiqliyi artıq görünür. Bankın investisiya əməliyyatları üzrə komandası layihənin icrasının ilk həftəsindən etibarən Azərbaycanda fəaliyyət göstərir.

"Biz artıq buradayıq, Azərbaycandakı həmkarlarımızla əməkdaşlıq edirik və layihənin fasiləsiz irəliləməsini təmin edirik", – deyə S.Lokvud əlavə edib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *