Azərbaycan-Aİ Strateji Enerji Tərəfdaşlığı sənədinin icrası ilə bağlı Yol Xəritəsi yenilənəcək

image

Azərbaycan-Avropa İttifaqı Strateji Enerji Tərəfdaşlığı sənədinin icrası ilə bağlı Yol Xəritəsini yeniləyəcək.

Renewables.az xəbər verir ki, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov “X” hesabında bildirib.

Nazir qeyd edib ki, bu barədə Aİ-nin enerji məsələləri üzrə komissarı Kadri Simsonla görüşdə razılıq əldə edilib.

“BƏƏ-də Aİ-nin enerji məsələləri üzrə komissarı Kadri Simson ilə görüşdə Cənub Qaz Dəhlizi və Yaşıl Enerji Dəhlizi, enerji dialoqumuzun digər prioritetlərinə dair səmərəli müzakirələr apardıq. Azərbaycan-Aİ Strateji Enerji Tərəfdaşlığı sənədinin icrası ilə bağlı yol xəritəsini yeniləməyi razılaşdırdıq”, - deyə, nazir əlavə edib.

Energetika Nazirliyindən verilən məlumata görə, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası - COP28 çərçivəsində təşkil olunan tədbirlərdə iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərində səfərdə olan energetika naziri Pərviz Şahbazov Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Kadri Simson ilə görüşüb.

Görüşdə Cənub Qaz Dəhlizinin genişləndirilməsi, “Həmrəylik Halqası” təşəbbüsünün reallaşdırılması və “Xəzər-Qara dəniz-Avropa” Yaşıl Enerji Dəhlizinin həyata keçirilməsinə dair məsələlər müzakirə edilib.

Energetika naziri Pərviz Şahbazov Avropaya əlavə qaz tədarükünün mühüm mənbələri kimi istismara verilən “Abşeron” qaz-kondensat yatağı ilə yanaşı, işlənmədə olan qaz layihələrindən və ölkəmizdən qaz tədarükü üzrə əməkdaşlığa başlayan ölkələrdən bəhs edib. Nazir əlavə qaz həcmlərinin nəqlinin infrastrukturların inkişafını və uzunmüddətli əsasda qaz müqavilələrinin imzalanmasını şərtləndirdiyini vurğulayaraq bu istiqamətdə Avropa İttifaqı ilə sıx koordinasiyalı fəaliyyətin vacibliyini diqqətə çatdırıb. Söhbət zamanı Cənub Qaz Dəhlizi Məşvərət Şurasının növbəti iclası ilə bağlı da fikir mübadiləsi aparılıb.

Həmçinin Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında yaşıl enerji dəhlizi layihəsinin icrası istiqamətində atılan addımlar nəzərdən keçirilib. Bildirilib ki, layihənin həyata keçirilməsinə məsul Birgə Müəssisənin tezliklə yaradılması, gələn ilin sonuna kimi  texniki-iqtisadi əsaslandırma (TİƏ) prosesinin yekunlaşdırılması nəzərdə tutulur. Həmçinin bu dəhlizlə Mərkəzi Asiyadan elektrik enerjisinin ötürülməsi üzrə Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında əməkdaşlıq barədə də məlumat verilib. Yaşıl enerji dəhlizinin genişləndirilməsi və bərpa olunan enerjinin bu nəhəng infrastrukturla nəqlinin Avropanın enerji təchizatının diversifikasiyasını təmin etməklə  enerji təhlükəsizliyinə töhfə verəcəyi qeyd olunub.

Görüşdə Azərbaycan-Avropa İttifaqı arasında enerji dialoqunun digər aspektlərinə də toxunulub və strateji enerji tərəfdaşlığı sənədinin icrası ilə bağlı yol xəritəsini yeniləmək razılaşdırılıb.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *