Energetika Nazirliyi bərpa olunan enerji mənbələrindən istehsal olunan elektrik enerjisinin ötürülməsi və paylanması üçün şəbəkədənkənar texnologiyalardan istifadə imkanlarını öyrənir.
"Berpaolunanenerji.az" xəbər verir ki, bu barədə Nazirlikdən Trend-ə bildirilib.
Qeyd edilib ki, mərkəzləşdirilməmiş və ya şəbəkədənkənar bərpaolunan enerji texnologiyaları mərkəzləşdirilmiş qaydada elektrik enerjisi ilə təmin edilməsi mümkün olmayan ərazilərdə, o cümlədən istehlakın müəyyən qisminin daxili istehsal ilə qarşılanması üçün effektiv həll yolu hesab olunur:
"Azərbaycan dünyanın azsaylı ölkələrindən biridir ki, enerji təhlükəsizliyini tam təmin etmişdir. Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan enerji təhlükəsizliyi strategiyasının icrası nəticəsində ölkə iqtisadiyyatının və əhalinin enerji resursları ilə dayanıqlı və etibarlı təminatında ciddi nailiyyətlər əldə edilmişdir. Bu strategiyanın Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi isə Azərbaycanı dünyada bir enerji ölkəsinə çevirmişdir. Nəticə etibarı ilə ölkəmiz özünü elektrik enerjisi ilə tam təmin etməklə yanaşı, həmçinin elektrik enerjisini ixrac edir.
Digər tərəfdən ölkəmizdə enerji resurslarının “yaşıl enerji” mənbələrindən istifadənin genişləndirilməsi vasitəsi ilə şaxələndirilməsi istiqamətində əhəmiyyətli işlər görülür. “ACWA Power” və “Masdar” şirkətləri ilə sənaye miqyaslı bərpaolunan enerji layihələri üzrə investisiya, enerji alqı-satqı və ötürücü şəbəkəyə qoşulma sahəsində imzalanmış müqavilələr, bp şirkəti ilə imzalanmış İcra Müqaviləsi buna misal ola bilər".
Energetika Nazirliyi bildirib ki, bütün bunlarla yanaşı Energetika Nazirliyi tərəfindən mərkəzləşdirilməmiş bərpaolunan enerji texnologiyalarının tətbiqi məsələlərinin araşdırılması istiqamətində işlər davam etdirilir.
Qeyd edək ki, bir müddət əvvəl Beynəlxalq Enerji Agentliyi ölkə üzrə elektrik enerjisinə səmərəli çıxışı təmin etmək üçün pilot proqramlar çərçivəsində şəbəkədənkənar bərpaolunan enerji sistemlərinin tətbiqinin zəruriliyini vurğulamışdı.
Rəylər (0):