Azərbaycan və İran Araz çayında energetika ehtiyatlarından birgə istifadə üzrə bölgü cədvəlləri hazırlayıb

image

Araz çayının su və energetika ehtiyatlarından istifadə üzrə Azərbaycan Respublikasının və İran İslam Respublikasının daimi fəaliyyət göstərən Birgə Komissiyasının 52-ci görüşü Bakı şəhərində keçirilib.

Renewables.az Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə istinadla xəbər verir ki, Azərbaycan-İran Birgə Komissiyasının Azərbaycan tərəfindən həmsədri, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Zakir Quliyevin rəhbərliyi ilə keçirilən iclasda Səhmdar Cəmiyyətin, Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Naxçıvan MR-nın aidiyyəti təşkilatlarının nümayəndələri iştirak ediblər.

Görüşdə bir sıra məsələlər müzakirə edilib. Belə ki, Araz su anbarının iş rejimi və iki ölkə arasında su bölgüsü müəyyənləşdirilib,  Araz çayında su və energetika ehtiyatlarından birgə istifadə üzrə müvafiq bölgü cədvəlləri hazırlanıb və Protokol imzalanıb.

Qeyd edək ki, Prezident İlham Əliyev 2016-cı ilin iyul ayında “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında” Sazişinə əsasən, Cəbrayıl rayonu ərazisində Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının (SES) tikintisi və istismarı üzrə işlər davam etdirilir.

Araz çayı üzərindəki “Xudafərin” SES-in ümumi gücü 200 MVt, “Qız Qalası” SES-in ümumi gücü isə 80 MVt-dır. Ümumilikdə hər iki su elektrik stansiyasının Azərbaycan tərəfinə düşən payı 140 MVt təşkil edir və stansiyalarda ildə toplam 716 milyon kVt-saat (358 milyon kVt-saat Azərbaycan tərəfinin payına düşür) elektrik enerjisinin istehsalı planlaşdırılır.

Hazırda hər iki hidroqovşağa aid bəndlərin tikintisi işləri başa çatdırılıb. Su elektrik stansiyalarının tikintisinin və hidroqovşaqların istismara verilməsi üçün digər işlərin görülməsi ilə bağlı tədbirlər davam etdirilir. 


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *