"Azərbaycanda “yaşıl hidrogen” sənayesinin inkişafı üçün lazım olan hər şey var ki, bu da ölkəyə regional lider və Avropa İttifaqının (Aİ) etibarlı tədarükçüsü olmağa imkan verəcək".
Renewables.az xəbər verir ki, bu barədə “Report” “Boston Consulting Group”a (BCG) istinadla məlumat yayıb.
"REPowerEU" güzəştli maliyyələşdirmə proqramı çərçivəsində yaşıl enerji layihələrinə dəstək və investorların artan marağı Azərbaycanda hidrogen sektorunun və bərpa olunan enerji mənbələrinin sürətli inkişafı üçün əlverişli şərait yaradır.
Belə ki, “Global Solar Atlas”a əsasən, Azərbaycan günəş enerjisinin potensialına görə İtaliyanın cənubu ilə müqayisə oluna bilər və bu baxımdan Almaniyanı demək olar ki, 1,5 dəfə üstələyir. Digər tərəfdən, Abşeron yarımadasında külək enerjisinin potensialı Şimal dənizinin şelf rayonları ilə müqayisə oluna biləcək səviyyədədir.
"Kompakt bir regionda həm təbii sərvətlər, həm infrastruktur, həm də istehlakçı var. Azərbaycanın bərpa olunan enerji resurslarının potensialı son dərəcə yüksəkdir ki, bu da ona mühüm rəqabət üstünlüyü, daha doğrusu, “yaşıl hidrogen” istehsalının aşağı maya dəyərini təmin etməyə imkan verir”, - "Boston Consulting Group”un icraçı direktoru və tərəfdaşı Vladimir Roqov bildirib.
O, qeyd edib ki, Avropada hidrogenin qiymətinin təqribən 5,8 ABŞ dolları/kq olmaq ehtimalını nəzərə alaraq, Azərbaycan ildə təxminən 230-500 milyon ABŞ dolları əldə edə bilər.
“Azərbaycan mövcud qaz kəmərləri şəbəkələri vasitəsilə Avropaya axının 10-15%-nə qədər hidrogeni səmərəli və sərfəli şəkildə nəql edə bilər. Bu isə xüsusən də Böyük Səhradan cənubda yerləşən ölkələrdən ixrac və ya mayeləşdirilmiş hidrogenin dəniz yolu ilə son dərəcə səmərəsiz daşınması ilə müqayisədə daha sərfəlidir”, - V.Roqov əlavə edib.
Onun sözlərinə görə, hidrogenə gələcək tələbatı nəzərə alaraq yeni boru kəmərlərinin tikintisi imkanlarını nəzərdən keçirməyə dəyər: "Məsələn, TAP-ın ötürücülük qabiliyyətinin illik 11 milyard kubmetr qaz olduğunu nəzərə alaraq, Azərbaycandan hidrogenin nəqli potensialı illik 40-85 min ton təşkil edir (qaz həcminin 5-10 %-i). Bu, təkcə İtaliyanın 2030-cu ilə proqnozlaşdırılan hidrogen tələbatının cəmi 2-4 %-ni (2,3 milyon ton) təşkil edir”.
Rəylər (0):