Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) 2030-cu ilədək enerjinin 30 faizini bərpa olunan mənbələr hesabına istehsal etməyi planlaşdırır.
"Berpaolunanenerji.az"ın məlumatına görə, ölkədə alternativ enerji mənbələrindən, xüsusən günəş enerjisindən istifadə edilməsi üzrə layihələrin həyata keçirilməsinə 2016-cı ildə başlanılıb. BƏƏ-nin bərpa olunan enerji istehsalı üzrə aparıcı “Masdar” şirkəti indiyədək müvafiq enerji istehsalına 20 milyard dollardan artıq sərmayə qoyub.
Günəş və külək elektrik stansiyalarının inşası üzrə Yaxın Şərqin ən böyük şirkəti dünyanın 40 ölkəsində fəaliyyət göstərir. Bundan başqa, ölkənin daha bir böyük şirkəti olan “Barakah” bərpaolunan enerji istehsalı üzrə yeni layihələr həyata keçirir.
BƏƏ-nin energetika və infrastruktur naziri Suhail Al Mazrouei bildirib ki, son illər bərpaolunan enerjinin iqtisadiyyatda payı artır. Onun sözlərinə görə, Əbu-Dabi və Dubayda fəaliyyət göstərən enerji şirkətləri bu sahədə dünya lideri olmaq niyyətindədir.
Rəylər (0):