Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi (BOEMDA) ilə ölkəmizdə səfərdə olan Belçikanın “Sarens” şirkətinin nümayəndələri arasında görüş keçirilib.
"Berpaolunanenerji.az" BOEMDA-ya istinadən xəbər verir ki, görüşdə “yaşıl enerji” sahəsində əməkdaşlıq imkanları müzakirə edilib.
Açılış nitqi ilə çıxış edən direktor müavini Kamran Hüseynov Azərbaycanda 2030-cu ilədək ümumi qoyuluş gücündə bərpa olunan enerjinin payının 30%-ə çatdırılması məqsədilə “yaşıl enerji”dən istifadənin genişləndirilməsi istiqamətində həyata keçirilən layihələr, o cümlədən cari ildə təməlqoyma mərasimi keçirilmiş “Xızı-Abşeron” KES və “Qaradağ” GES barədə danışıb.
Şirkətin nümayəndəsi Stefan Bekelyauv isə öz növbəsində “Sarens” şirkətinin fəaliyyət istiqamətləri, göstərdiyi xidmətlər barədə təqdimat və video nümayiş etdirərək, ətraflı məlumat verib, müvafiq sualları cavablandırıb.
Qeyd edək ki, görüşdə həmçinin “Azərişıq” və “Azərenerji” açıq səhmdar cəmiyyətlərinin nümayəndələri də iştirak ediblər.
Rəylər (0):