Berlin alternativ enerji mənbələrinə marağını azaltmır

image

Yaxın Şərqin energetik imkanları Almaniyada daim diqqət mərkəzindədir. Bu dəfə Körfəz dövlətləri, Yaxın Şərq və Məqrib ölkələrinin ənənəvi neft ehtiyatlarından deyil, bərpaolunan enerji mənbələrindən söhbət gedir.

"Berpaolunanenerji.az"ın məlumatına görə, bu yaxınlarda AZƏRTAC-ın rəsmi saytında “yaşıl energetika” və onun bəşəriyyət üçün perspektivləri barədə maraqlı məqalələr silsiləsi dərc edilib. Agentliyin xüsusi müxbirləri müəyyən dövlətlərin və bütöv regionların bu sahədə təcrübəsi barədə biliklərini oxucularla bölüşüblər. Aşkardır ki, bu mövzuya maraq nəinki zəifləməyəcək, əksinə, daha da güclənəcək.

Bərpaolunan enerji mənbələri bütün dünyanın, o cümlədən Yaxın Şərqin gələcəyidir. İnsan yaşayan hər bir məkanda enerji qıtlığının aradan qaldırılması bu gün bütün bəşəriyyətin birinci dərəcəli vəzifəsidir. Söhbət “heç nədən” – küləkdən, günəşdən, çaylardakı su axınlarından, bir sözlə, Yer üzündə həyatın yaranmasından xeyli əvvəl mövcud olan mənbələrdən pul qazanmaqdan gedir. Bu artıq enerjini başqa regionlara ixrac etmək mümkün olacaq. Məsələn, günəş şüaları ilə “zəngin olan” Yaxın Şərqdə yaranan elektrik enerjisi profisitini Avropa İttifaqı ölkələrinə ixrac etmək üçün imkan yaranacaq.

O qədər də mürəkkəb olmayan hesablamalar bu fikri təsdiq edir. Bu gün ərazisinin sahəsi 2 x 3 kilometr olan bir elektrik stansiyası 75 min ev təsərrüfatını elektrik enerjisi ilə təmin etməyə imkan verir. Şimali Afrikadakı səhraların, məsələn nəhəng Böyük Səhranın sahəsi nəzərə alınsa, bu, Avropanın bərpaolunan enerji mənbələrinə keçməsi məsələsinin real həlli yolu ola bilər.

Avropanın enerji ilə təchiz edilməsi üçün Afrika səhralarında nəhəng elektrik stansiyaları yaradılması ideyası 12 il bundan əvvəl böyük həvəslə qəbul edilmişdi. Lakin, ötən illər ərzində bu layihənin həyata keçirilməsi üçün real addımlar atılmayıb. Bunun bütün səbəbi qlobal maliyyə-iqtisadi böhran, “ərəb baharı”, həmçinin investorların Avropa İttifaqı hüdüdlarından kənarda tikintiyə sərmayə qoymaq istəyinin olmaması ilə bağlıdır.

Bu gün vəziyyət dəyişir. İndi Ukraynada baş verən hadisələr, habelə Sibirin və Avrasiyanın şərq hissəsinin neft və qazından asılılığı azaltmaq arzusu yaşıl energetika barədə daha çox düşünməyə məcbur edir. Ona görə də son həftələrdə avropalı siyasətçilər və sərmayədarlar, necə deyərlər, “ən günəşli” ölkələrə tez-tez səfər etməyə başlayıblar.

Belə ölkələrdən biri Səudiyyə Ərəbistanıdır. Bu gün bütün Yaxın Şərqdə günəş energetikası sahəsində lider olan Krallıq səhrada günəş batareyalarının geniş tətbiqini özünün inkişaf strategiyasının bir hissəsi hesab edir. Səudiyyəlilər bərpaolunan mənbələrdən enerji istehsalı üzrə bütün ərəb ölkələri arasında birinci yeri tutur.

Xatırlatmaq yerinə düşər ki, cari ilin əvvəlində Azərbaycanda həqiqətən əlamətdar hadisə baş verib: 240 meqavat gücündə “Xızı-Abşeron” külək-elektrik stansiyasının təməlqoyma mərasimi keçirilib. Bu stansiya Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti tərəfindən inşa ediləcək. O vaxt AZƏRTAC-ın xəbər verdiyi kimi, həmin mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev və Səudiyyə Ərəbistanı Krallığının energetika naziri şahzadə Əbdül Əziz bin Salman Əl-Səud iştirak edib və çıxış ediblər. Qeyd etmək lazımdır ki, müvafiq saziş ölkəmizdə tamamilə xarici investisiya hesabına reallaşacaq ilk belə layihə oldu. Layihə Sitalçayda və Abşeron rayonunun Pirəküşkül kəndində reallaşacaq. Həmin elektrik stansiyası ildə təqribən 1 milyard kilovat-saat elektrik enerjisi istehsal edəcək, nəticədə 220 milyon kubmetr qaza qənaət ediləcək, 400 min tondan çox karbon qazının atmosferə tullanmasının qarşısı alınacaq. Bu, həm də yeni iş yerləri, istehsal və xidmət sahələri üçün perspektiv imkanlar deməkdir.

Elə həmin gün Bakıda Azərbaycan Respublikası Energetika Nazirliyi və Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti arasında dəniz külək energetikası sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Memorandumda dəniz külək energetikası sahəsində əməkdaşlığın əsas prinsiplərinin müəyyən edilməsi, Azərbaycanda bərpaolunan enerji layihələrinə sərfəli investisiyalar üçün şərait yaradılması və müvafiq potensialın qiymətləndirilməsi nəzərdə tutulub. Memorandum çərçivəsində həyata keçirilən fəaliyyətə rəhbərlik və nəzarət üçün Rəhbər Komitə və İşçi Qrup yaradılması qərara alınıb.

“Euronews” kanalı bu yaxınlarda Səudiyyə Ərəbistanının energetika naziri şahzadə Əbdül Əziz bin Salman Əl-Səuda istinadla xəbər verib ki, 1 kilovat-saat elektrik enerjisinin maya dəyəri təqribən 1,04 sentə bərabərdir. Nazir əminliklə bildirir ki, Ərəbistan səhrası günəş energetikasının inkişafı baxımından ən səmərəli yerdir. Ölkə gələcəkdə ucuz enerjinin köməyi ilə Avropaya ixrac olunmaq üçün hidrogen istehsalını inkişaf etdirməyi planlaşdırır. Digər ərəb monarxiyaları, o cümlədən Birləşmiş Ərəb Əmirlikləri və Qətər dövləti də bərpaolunan enerji mənbələrini inkişaf etdirirlər. Səhralar kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olmaq üçün praktiki olaraq yararsızdır, lakin külək və günəş batareyaları quraşdırılması üçün əla yerdir. İndi bircə məsələ qalır – enerjinin toplanması və daşınması. Axı istehsal edilmiş enerjinin yolda neçə faiz itiriləcəyini öyrənmək lazımdır.

2008-ci ildə qəbul edilmiş proqramın həyata keçirilməsinin təxirə salınmasına baxmayaraq, alman sərmayədarların öz ölkəsini və bütün Avropanı səhradan alınan enerji ilə təmin etmək planları gündəlikdə qalır.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *