Bolqarıstanın Nazirlər Şurası Qara dənizin dibi ilə keçəcək Azərbaycan-Gürcüstan-Avropa “yaşıl enerji” dəhlizinin (“Black Sea Energy”) yaradılması layihəsinin həyata keçirilməsi üçün ölkənin birgə müəssisədə iştirakını təsdiqləyib.
Renewables.az xəbər verir ki, bu barədə Azərbaycanın Bolqarıstandakı səfiri Hüseyn Hüseynov “X” sosial şəbəkəsindəki hesabında məlumat verib.
“Nazirlər Şurası Bolqarıstanın Bakıdan Mərkəzi Avropaya “yaşıl enerji”nin tədarükünün nəzərdə tutulduğu "Yaşıl Enerji Dəhlizi" layihəsinin həyata keçirilməsi üzrə birgə müəssisədə iştirakını təsdiqləyib”, - diplomat yazıb.
O qeyd edib ki, 20 % payla Bolqarıstan inkişaf etmiş elektrik ötürücü sistemi, qonşu ölkələrlə qarşılıqlı əlaqəsi, inkişaf etmiş enerji bazarı, bərpa olunan mənbələrə investisiya imkanları və “yaşıl enerji”yə artan tələbat sayəsində bu layihədə mühüm rol oynaya bilər.
Onun sözlərinə görə, Qara dəniz enerji dəhlizi təşəbbüsü Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında “yaşıl enerji”nin Qara dəniz kabeli vasitəsilə ötürülməsi üzrə strateji tərəfdaşlığa əsaslanır:
“Bu layihə regional enerji təhlükəsizliyinin gücləndirilməsinə, tədarüklərin şaxələndirilməsinə, Xəzər dənizi regionunda bərpa olunan enerji mənbələrindən enerji istehsalı potensialından istifadəyə və milli enerji balansında bərpa olunan enerji mənbələrindən enerjinin payının artırılmasına yönəlib”.
Qeyd edək ki, 2022-ci il dekabrın 17-də Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan Qafqaz regionundan Avropaya enerji körpüsünün yaradılmasını nəzərdə tutan strateji tərəfdaşlıq sazişi imzalayıb. Əldə edilən razılaşma çərçivəsində 1 000 meqavat gücündə və 1 195 kilometr uzunluğunda "Black Sea Energy" dənizaltı elektrik kabelinin çəkilməsi gözlənilir. Kabel Azərbaycanda hasil edilən "yaşıl elektrik enerjisi"ni Gürcüstan və Qara dəniz vasitəsilə Rumıniyaya çatdırmaq üçün Macarıstana və Avropanın qalan hissəsinə nəql olunacaq. Bu, 4 qiqavata qədər "yaşıl enerji"nin verilməsinə imkan verəcək.
Rəylər (0):