Gələcəkdə Çin "yaşıl" enerjinin inkişafı və enerjinin saxlanması sahəsində Azərbaycanla sıx əməkdaşlıq etmək istəyir.
Renewables.az xəbər verir ki, bunu Trend-ə eksklüziv müsahibəsində Çin Xalq Respublikasının Azərbaycandakı səfiri Quo Min deyib.
"Çin Azərbaycanın "yaşıl" islahatlarına diqqət yetirir və ölkənin ekoloji cəhətdən inkişafına göstərdiyi səyləri yüksək qiymətləndirir. Çin Azərbaycanda bərpa olunan enerji istehsalı layihələrində iştirak edən ilk ölkələrdən biridir. Çin şirkətləri tərəfindən Azərbaycanda həyata keçirilən irimiqyaslı yeni enerji layihələrinin ilk partiyasına 230 MVt gücündə fotoelektrik stansiyası və 240 MVt gücündə külək elektrik stansiyası daxildir. Bu layihələrdən fotoelektrik stansiyasının tikintisi cəmi altı aydır davam edir və tezliklə 5,5 kvadrat kilometrlik səhra, həqiqətən, “tükənməz sərvət mənbəyinə” çevriləcək. Yaxın gələcəkdə fotoelektrik stansiyasının enerji şəbəkəsinə qoşulması gözlənilir ki, bu da Azərbaycanın enerji strukturunun transformasiyasında müsbət rol oynayacaq”, - deyə səfir bildirib.
Quo Minin sözlərinə görə, eyni zamanda, bir çox Çin şirkətləri təmiz enerji sahəsində investisiya layihələrini fəal şəkildə təşviq edirlər ki, bu da Azərbaycana birbaşa investisiyalar və qabaqcıl texnologiyalar gətirməklə yanaşı, məşğulluğun artırılmasını və sənayenin inkişafını sürətləndirəcək.
“Bundan əlavə, biz daha çox Çin avtomobillərinin, xüsusən yeni enerji mənbələrindən istifadə edən, Azərbaycan bazarına daxil olan və yerli sakinlər tərəfindən rəğbətlə qarşılanan avtomobilləri görməkdən məmnunuq. Çin Azərbaycanla əməkdaşlığı davam etdirməyə və "yaşıl" enerji və elektrik enerjisi sahələrində qarşılıqlı fəaliyyət potensialını araşdırmağa hazırdır.
Gələcəkdə biz "yaşıl" enerjinin inkişafı, enerjinin saxlanması və yükün azaldılması, enerjinin ötürülməsi və çevrilməsi, enerjiyə qənaət və emissiyaların azaldılması, yeni enerji daşıyıcılarının populyarlaşdırılması, yardımçı obyektlərin tikintisi və digər sahələrdə sıx əməkdaşlıq etmək istərdik. Məqsədimiz daha çox layihələrin həyata keçirilməsini asanlaşdırmaq və yaşıl “Bir kəmər, bir yol”un Çin-Azərbaycan birgə tikintisinə yeni təkan verməkdir”, - deyə Quo Min əlavə edib.
Quo Min bildirib ki, hazırda bəzi Çin müəssisələri Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yerli "yaşıl" iqtisadiyyatın inkişafına kömək etmək üçün fotovoltaik elektrik stansiyalarının investisiya və tikinti layihələrini fəal şəkildə təşviq edirlər. Onun sözlərinə görə, Çin müəssisələri işğaldan azad edilmiş ərazilərin bərpasının gedişatını fəal şəkildə izləyir.
“Bir çox şirkət araşdırma aparmaq üçün yoxlama səfərlərinə çıxıb, "ağıllı kəndlər" və hava limanları üçün sınaq avadanlıqlarının tədarükü kimi layihələrdə iştirak edib. Hazırda bəzi müəssisələr yerli yaşıl iqtisadiyyatın inkişafına kömək etmək üçün fotovoltaik elektrik stansiyalarının investisiya və tikinti layihələrini fəal şəkildə təşviq edirlər.
Çinin işgüzar dairələri bərpa olunan enerji mənbələri, infrastruktur tikintisi, tikinti materiallarının istehsalı, informasiya-kommunikasiya texnologiyaları və sair sahələr üzrə konkret layihələrlə bağlı Azərbaycan tərəfi ilə məsləhətləşmələr aparmağa hazırdır”, - deyə səfir əlavə edib.
Rəylər (0):