Danimarkanın hidrogen və yaşıl enerji istehsalı üzrə iddialı planları var

image

Danimarka parlamenti (Folketing) hidrogenin Power-to-X stansiyalarından istehlakçılara həm ölkə daxilində, həm də xaricdə nəqli üçün boru kəmərlərinin mülkiyyət və istismar şərtlərini razılaşdırıb.

Renewables.az AZƏRTAC-a istinadla xəbər verir ki, boru kəmərlərinə enerji infrastrukturuna və enerji təchizatına nəzarət edən “Enerjinet” və "Evida" dövlət şirkətləri sahiblənəcək. Skandinaviya krallığının hökuməti bu sazişi Danimarkanın hidrogen sektorunun yaradılması və ölkəni Avropanın yaşıl enerji mərkəzi kimi elan edilməsi səylərində mühüm mərhələ adlandırır.

Müqavilə, həmçinin fərdi şəxslərə müəyyən hidrogen boru kəmərlərinə sahib olmaq və istismar etmək hüququ verir. İqlim, enerji və kommunal xidmətlər naziri Lars Aaqaardın sözlərinə görə, Danimarkanın hidrogen və yaşıl enerji istehsalı üzrə iddialı planları var.

Aagaard deyir: "Bu bərpaolunan alternativlər Danimarkadakı qalıq yanacaqları əvəz edə və Almaniya sənayesində istifadə üçün ixrac edilə bilər".

Yeni müqavilə həm də Danimarka hökumətinin bu sahədəki digər təşəbbüslərinin məntiqi davamıdır. Bir çox layihələrlə yanaşı, ölkədə hidrogen istehsalına başlamaq üçün artıq 1,25 milyard Danimarka kronu (167 milyon avro) ayırıb. Rəsmi məlumata görə, hökumət bu ilin sonunda hidrogen infrastrukturunun gələcək maliyyələşdirilməsinə dair təklifini təqdim etməyi planlaşdırır.

Danimarka istifadə etdiyi elektrikin təqribən 40 faizini külək enerjisindən alır. Dövlətin böyük investisiyaları nəticəsində ölkə külək və dəniz elektrik stansiyalarının istehsalı sahəsində dünya liderlərindən birinə çevrilib. Bununla belə, hidrogen Danimarkanın gələcək planlarında mühüm yerə malikdir. Ümumilikdə ölkə istixana qazı emissiyalarını 1990-cı il səviyyəsindən 70 faiz azaltmağı planlaşdırır. Bu məqsədlərə artıq 2030-cu ildə nail olmaq hədəflənir.

Daha çox enerji istehsal etmək məqsədilə Danimarka hökuməti bir neçə il əvvəl Şimal dənizində süni adalar tikmək və onlardan yaşıl enerji mərkəzi kimi istifadə etmək planlarını təsdiqləyib. İlk süni ada Danimarkanın qərb sahilindən 80 kilometr aralıda yerləşəcək. Layihənin dəqiq dəyəri açıqlanmır, lakin hətta ilkin hesablamalar deməyə əsas verir ki, bu, Danimarka tarixində ən böyük və ən bahalı layihə olacaq. Layihənin yalnız birinci mərhələsinin təxminən 210 milyard Danimarka kronuna (28,1 milyard avrodan çox) başa gələcəyi gözlənilir.

Mütəxəssislər yeni yaşıl enerji istehsalı mərkəzinin 2033-cü ilədək fəaliyyətə başlayacağını gözləyirlər. Burada yerləşən külək turbinləri ən azı 3 qiqavat elektrik istehsal edəcək, növbəti illərdə isə hasilatı 10 qiqavata çatdırmaq planlaşdırılır. Turbinlərdən alınan enerji həm də hidrogen istehsalında istifadə olunacaq.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *