Direktor: Biləsuvar və Neftçala Günəş Enerjisi stansiyalarının 2026-cı ildə istismara veriləcəyini gözləyirik

image

Azərbaycanın energetika sektorunda bərpaolunan enerji mənbələrinin inkişafı ölkənin enerji təhlükəsizliyini təmin etməklə yanaşı, yaşıl enerji istehsalını artırmaq baxımından mühüm əhəmiyyət kəsb edir. “Yaşıl dünya naminə həmrəylik ili” elan olunmuş 2024-cü ildə Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməsi ilə yanaşı ölkənin yaşıl enerjiyə keçidi, eləcə də bərpaolunan enerjinin inkişafı, habelə yaşıl hidrogenin istehsalı və istifadəsi, ixrac imkanlarının inkişafı istiqamətində mühüm addımlar atılıb.

Azərbaycanda bu sahənin inkişaf istiqaməti və gələcək perspektivlərini müzakirə etmək, qarşıya qoyulan hədəflərə çatmaq məqsədilə görüləcək işlərə nəzər salınması üçün Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev AZƏRTAC-ın suallarını cavablandırıb.

Renewables.az müsahibəni təqdim edir:

- Cavid müəllim, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi bu il hansı işləri görüb?

- Bilirsiniz ki, bu il bərpaolunan enerji mənbələri sahəsinə diqqət daha çox olub. Təbii ki, görülən işlərin həcmi və miqyası kifayət qədər böyükdür. İlk öncə təməlqoyma mərasimlərimiz baş tutdu - meqalayihə çərçivəsində Prezident İlham Əliyevin iştirakı ilə “Masdar” şirkəti tərəfindən inşa ediləcək 1 giqavatlıq iki günəş və 1 külək enerjisi elektrik stansiyalarının təməlqoyma mərasimi həyata keçirildi. Eyni zamanda, çox kiçik də olsa böyük maraq kəsb edən 100 kilovatlıq Böyükşor gölü üzərində üzən Günəş Elektrik Stansiyamız fəaliyyətə başladı. Bunlarla paralel olaraq, COP çərçivəsində bir sıra ciddi müqavilələr imzalandı. Həmçinin hidrogen strategiyası təqdim olundu və bu istiqamətdə işlərimiz geniş vüsət aldı. Qobustan rayonunda 100 meqavat gücündə Günəş Elektrik Stansiyasının layihələndirilməsi, maliyyələşdirilməsi, tikintisi və istismarı üzrə hərrac elan olundu. Bununla bağlı 130-dan artıq şirkətə dəvət göndərildi və yekun olaraq Çinin “Universal International Holdings Limited” şirkəti qalib elan olundu. Demək olar ki, biz istehsal baxımından bir çox layihələrlə bağlı önəmli nəticələr əldə etdik. Ötürmə ilə bağlı bir neçə dəhlizlərimiz var ki, bu il onların inkişafı istiqamətində çox önəmli addımlar da yadda qalacaq. Belə ki, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin katibliyi ilə paralel Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan istiqamətində olan Qara dənizin dibi ilə keçən kabel layihəsinin, eyni zamanda, Mərkəzi Asiya ölkələrindən də həmin layihənin analoqu olan bir layihənin katibliyini bizim agentlik aparır. Bununla bağlı Azərbaycan, Özbəkistan və Qazaxıstan prezidentləri müqavilə imzaladı və bir sıra digər məsələlər həyata keçirildi. Hazırda üçüncü dəhlizlə bağlı müəyyən ciddi təhlillərimiz başlayıb, Naxçıvan Muxtar Respublikası üzərindən Türkiyəyə və oradan Avropa istiqamətinə ixrac imkanları nəzərdən keçirilir. Eyni zamanda, yaşıl zonalar konseptindən yanaşsaq, Naxçıvanda da yaşıl zona ilə bağlı təhlillər gedir. İşğaldan azad olunmuş ərazilərdə yaşıl zonanın yaradılması ilə bağlı bir sıra önəmli qərarlar verildi və bu proses müvafiq monitorinqlərlə həyata keçirilir. Həmçinin, bioenerji üzrə təhlillərimiz başa çatıb, geotermal enerjidən istifadə sahəsində təhlillərimiz isə davam edir. Bununla yanaşı, dənizdə külək layihələri ilə bağlı dəniz sahələrinin demək olar ki, razılaşdırılmasını başa çatdırmışıq və yaxın zamanda aidiyyəti üzrə təqdim edəcəyik ki, onlar da bərpaolunan enerji mənbələri ərazisi kimi elan olunsun.

Ümumilikdə, bütün bərpaolunan enerji mənbələri seqmentləri üzrə işlər bu il tam sürətlə irəliləyib. Biz bərpaolunan enerji mənbələrini üç mərhələ üzrə nəzərdən keçiririk. İlk mərhələdə, 2027-ci ilin sonuna qədər təxminən 2 giqavata yaxın bərpaolunan enerji mənbələrinin şəbəkəyə qoşulması nəzərdə tutulub. Onunla bağlı olacaq 8-9 sənaye miqyaslı layihələrin müqavilələrinin hazırlığına start verilib, torpaq sahələri tam şəkildə müəyyənləşdirilib, eyni zamanda, ötürücü şəbəkənin gücləndirilməsi ilə bağlı çox önəmli qərarlar verilib. Müəyyən təhlillər artıq öz yekun fazasına daxil olub ki, bu təhlillər əsasında şəbəkənin gücləndirilməsi istiqamətində ciddi işlərə başlanılıb. Bu baxımdan, bu il həqiqətən yaşıl enerjinin inkişafı sahəsində uğurlu il kimi dəyərləndirilə bilər.

- Azərbaycan BMT-nin beynəlxalq səviyyəli COP tədbirinə uğurla ev sahibliyi etdi. COP29-dan əsas gözləntiləriniz nələr idi, nəticələr gözləntilərinizi qarşıladımı?

- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir. Bu tədbirə bundan yüksək qiymət vermək mümkün deyil, bu cümlə orada gedən bütün məsələləri özündə əks etdirir. Çoxqütblülük baxımından qlobal səviyyədə qəbul olunmuş qərarlar, yanaşmalar əlbəttə ki, diqqət cəlb edir. Mən daha çox texniki məsələlərə yönəlmək istərdim. Bildiyiniz kimi, Azərbaycan 3 təşəbbüslə çıxış etmişdi: yaşıl dəhlizlər və zonalar, saxlanc sistemləri, hidrogenlə bağlı deklorasiyalar. Bu təşəbbüslər kifayət qədər böyük maraq doğurdu və bir çox ölkələr, müvafiq təşkilatlar, qurumlar həmin təşəbbüslərə artıq qoşulublar və bu proses inamla irəliləyir. Bu baxımdan təbii ki, bu təşəbbüslərin bəzisini təşkil edən layihələrimizi çox geniş şəkildə təqdim etmək imkanımız oldu, müxtəlif istiqamətlərdə bir sıra önəmli müqavilələr imzalandı. Texniki baxımdan mənim gözləntilərim tam şəkildə qarşılandı və qarşıya qoyduğumuz hədəflərin demək olar ki, hamısına nail ola bildik. Bizim bir neçə xüsusi olaraq vurğuladığımız tədbirlər var idi ki, onları COP çərçivəsində həyata keçirməyə çalışırdıq. Onlardan ən önəmlisi təbii ki, 100 meqavatlıq Qobustan stansiyasının hərracı idi və o da uğurla başa çatdı.

- Azərbaycan COP29-a sədrlik missiyasında yaşıl hidrogenin inkişafına və enerji keçidinə nə kimi töhfələr verdi?

- COP çərçivəsində biz ilk dəfə olaraq Azərbaycanın Hidrogen üzrə Milli Strateji Baxış sənədini təqdim etdik. Bu sənəd çox böyük maraq doğurdu. Mən orada toplanan müxtəlif qurumları, məruzəçiləri xüsusi olaraq qeyd etmək istərdim. Bu bir daha göstərir ki, Azərbaycan üçün hidrogen istehsalı növbəti mərhələdir və biz bu mərhələ üçün artıq strateji baxışımızı, hədəfimizi ortaya qoymuşuq. İndi isə o hədəfdən irəli gələrək müxtəlif istiqamətlərdə təhlillər, araşdırmalar və layihələr həyata keçirilməlidir. Bu baxımdan qeyd etdiyiniz bütün istiqamətlərdə COP əlamətdar oldu və mən belə hesab edirəm ki, Azərbaycan üçün kifayət qədər məhsuldar keçdi.

- COP29 çərçivəsində Çinin bir sıra şirkətləri ilə yaşıl enerji layihələri istiqamətində müqavilələr imzalandı. Bu müqavilələr gələcəkdə Azərbaycanın yaşıl enerji potensialına necə təsir edəcək?

- Bildiyiniz kimi, Çin şirkətləri Azərbaycanda bərpaolunan enerji mənbələrinin inkişafında öz sözü və töhfəsi olan şirkətlərdəndir. Bizim investorlarımız digər ölkələrdən olsa da, son nəticədə layihələrin əsas icraçıları, baş podratçıları bir qayda olaraq Çindəndir. Həmçinin avadanqlıqlar da - günəş panelləri, külək turbinlərinin hər biri Çində istehsal olunur və son dövrün trendləridir. Çin şirkətləri ilə bizim bu və ya digər formada əlaqələrimiz var idi, COP29 çərçivəsində isə biz bu əlaqələri daha da sistemli hala gətirdik. Müxtəlif şirkətlərlə müəyyən müqavilələr imzalandı və bu şirkətlər arasında Çinin “China Energy”, “China Datang”, “Power China”, “Power China Huadong Engineering Co.Ltd”, “TBEA CO., Ltd.” kimi nəhəng şirkətləri var. Onların hər birinin özünəməxsus spesifikası var və onlara uyğun da biz əməkdaşlıq etmək niyyətindəyik. Şirkətlər var ki, onlar sənaye miqyaslı günəş stansiyalarının tikintisinə, dənizdə külək layihələrinə maraq göstərirlər, həmçinin saxlanc sistemlərinin inkişafı ilə bağlı çox ciddi təklifləri var. Eyni zamanda, müxtəlif bərpaolunan enerji mənbələrinin istifadəsi üçün lazım olan qurğuların istehsalının Azərbaycanda lokallaşdırılması da gündəlikdə duran ən mühüm məsələlərdən biridir və bu istiqamətdə də Çin şirkətləri ilə hazırda danışıqlar davam edir. Konkret spesifik layihələrə gəldikdə xüsusi olaraq qeyd etmək istəyirik ki, “China Energy Overseas Investment” şirkəti ilə biz 160 meqavatlıq günəş stansiyası tikintisi istiqamətində çalışırıq. Xüsusi olaraq Azərbaycan üçün yeni olacaq su əsaslı saxlanc sistemi istiqamətində “Power China Huadong Engineering Co.Ltd” və digər şirkətlə əməkdaşlıq edirik. Bu layihələr istiqamətində təhlillərimizə start verilib.

- Cavid müəllim, ölkəmizin əsas – yaşıl enerji, iqtisadi inkişaf strategiyası istiqamətində hidrogenin istehsalı və istifadəsi, həmçinin ixrac imkanlarının inkişafı üçün hansı tədbirlər görülür?

- Qeyd etdiyim kimi, hidrogenin istehsalı ilə bağlı COP29 konfransı çərçivəsində Azərbaycanın Hidrogen üzrə Milli Strateji Baxış sənədini təqdim etdik. Buna qədər də müəyyən təhlillər var idi, onlar Azərbaycanda hidrogen istehsalı və ixracının kifayət qədər faydalı məsələ olduğunu gündəmə gətirirdi. Xüsusilə qeyd etmək lazımdır ki, Xəzər dənizindən, Azərbaycandan Avropaya Qara dənizin dibi ilə keçməkdə olan ixrac marşrutu daxilində də hidrogen komponenti var və araşdırmalar davam edir. Təbii ki, müxtəlif seçimlər var, həmin seçimlər əsasında biz hidrogenin Azərbaycanda istehsalı və ixracı ilə bağlı konkret hədəflər müəyyən edə, onların icrası istiqamətində fəaliyyətə başlaya biləcəyik.

- Bəs Azərbaycanın gələcəkdə istehsal edəcəyi hidrogeni dünya bazarlarına ixracı üçün Cənub Qaz Dəhlizinin imkanları varmı? Yaxud, hidrogen ixracı üçün ayrıca boru kəmərinin çəkilməsi imkanları nəzərdən keçirilirmi?

- Bu variantlar həmin araşdırmanın müxtəlif seçimlərindəndir. Bəli, Cənub Qaz Dəhlizi vasitəsilə ixrac imkanları araşdırılır. Bu dəhlizlə ixracın mümkünlüyü mütəxəssislər tərəfindən təxminən 20 faiz ətrafında olduğu qeyd edilib. Ayrıca ixrac boru kəmərinin inşası da masa üzərində təhlil olunacaq ssenarilərdən biridir. Xüsusi olaraq qeyd etmək lazımdır ki, faydalı ola biləcək daha bir ssenari yüksəkgərginlikli elektrik verilişi xətləri ilə hidrogen istehsal edəcək qurğuların istehlakçıya yaxın yerlərdə yerləşdirilməsidir ki, bu da hidrogenin maya dəyərinin kifayət qədər ucuzlaşmasına səbəb ola bilər. Bunlar təbii ki, hər biri çox ciddi modelləşmənin nəticəsi olaraq meydana gəlməlidir. Bu modellər artıq qurulub və müəyyən ssenarilər üzrə biz artıq bu modellərin nəticələrini bilirik.

- Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) tərəfindən aparılmış tədqiqatlar da yaşıl hidrogenin Azərbaycanda istehsal olunmasının kifayət qədər cəlbedici olduğu qənaətinə gəlib. Bəs AYİB bu istiqamətdə necə dəstək göstərəcək?

- Qeyd etdiyim strategiyanın hazırlanması üçün cəlb olunan şirkət Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən maliyyələşdirilib. Onun nəticələri olacaq layihələrdə ilkin olaraq bank öz marağını ifadə edir. Təbii ki, burada Azərbaycan hökumətinin qərarı olmalıdır, həmçinin bank üçün müəyyən zəruri hazırlıq işləri tələb olunacaq. Düzgün vurğuladınız ki, Azərbaycanda hidrogen istehsalının kifayət qədər faydalı olduğu barədə “Advision” şirkəti tərəfindən hazırlanmış hesabatda ilkin tədqiqatlar var. Burada maraqlı məqamlar qeyd olunub, hansı ki, hidrogen istehsalının səmərəli olması üçün günəş və külək stansiyaları arasında biz optimal balans tapmalıyıq. Onların hibrid formada hidrogen istehsalına cəlb olunması Azərbaycanda hidrogen istehsalının maya dəyərini aşağı salır. Bu baxımdan bildiyiniz kimi, bizim külək və günəş potensialımız da kifayət qədər yüksəkdir. Son söz təhlillərin, analizlərin və onlardan meydana gələcək rəqəmlərindir. Həmin rəqəmlər əsasında biz bu məsələlərə son qərarı vermək üçün aidiyyəti üzrə məruzə edəcəyik.

- Bərpaolunan enerji mənbələrinin inkişafı çərçivəsində 2025-ci ilə qədər Azərbaycanın elektrik enerjisi sisteminə neçə meqavatlıq yaşıl enerji gücləri inteqrasiya olunub? 2026-cı ilə qədər hədəf nə qədərdir?

- Layihələrin idarə olunması canlı prosesdir. 2027-ci ilə qədər ümumilikdə şəbəkəyə 2 giqavat ətrafında yaşıl enerjini inteqrasiya etməyi planlaşdırırıq. Bu layihələrdən hazırda biri fəaliyyət göstərir - “Masdar” şirkəti tərəfindən inşa edilən 230 meqavatlıq Qaradağ Günəş Elektrik Stansiyası. “ACWA Power” şirkəti tərəfindən 240 meqavat gücündə Xızı-Abşeron Külək Enerjisi Stansiyasının gələn il ərzində istismara verilməsi planlaşdırılır. 2026-cı ildə biz “Masdar”ın 2 layihəsinin - 445 meqavatlıq Biləsuvar və 315 meqavatlıq Neftçala Günəş Enerjisi Stansiyalarının istismara veriləcəyini gözləyirik. Eyni zamanda, hərracı olan 100 meqavat gücündə Qobustan Günəş Elektrik stansiyasının da 2026-cı ilin sonuna qədər artıq istismara veriləcəyinin şahidi olacağıq. Daha bir 100 meqavatlıq stansiya işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərəcək. Onunla bağlı çox intensiv işlər gedir və planlaşdırırıq ki, ilin sonuna qədər bununla bağlı müqavilələr imzalansın və elan edək. Bu layihənin də 2026-cı ilin sonuna qədər reallaşdırılacağını hədəfləyirik. “Masdar” şirkətinin Abşeron-Qaradağ bölgəsində inşa etdiyi 240 meqavat gücündə Külək Elektrik Stansiyasının 2027-ci ildə istismara veriləcəyini planlaşdırırıq. Artıq ölçmələrə başlanılıb və zəruri sahə işləri aparılır, geotexniki tədqiqatlar və s. istiqamətdə olan məsələlər ciddi şəkildə davam edir.

Ümumilikdə, 2 giqavat 2025, 2026 və 2027-ci illərə bölünəcək. Qeyd edim ki, bu layihələrlə bağlı strateji məsələlər həll edilib, müqavilələr imzalanıb və icra etmək qalıb. Hər biri icra mərhələsindədir və biz bu mərhələni nəzarətdə saxlamağa çalışırıq.

- Böyükşor gölü üzərində istismara verilən 100 kilovat gücündə pilot günəş enerjisi qurğusunun genişləndirilməsi ilə bağlı müzakirələr nə yerdədir və təxminən neçə kilovat güc əlavə olunacaq? Gələcəkdə Bakının başqa ərazilərində də bu kimi pilot layihələrin həyata keçirilməsi planlaşdırılırmı?

- Əlavə olunacaqsa kilovatlardan yox, meqavatlardan danışacağıq. Kiçik layihədir və pilot xarakteri daşıyır. Lakin Asiya İnkişaf Bankı maraqlıdır ki, təhlilləri genişləndirsin və gələcəkdə Böyükşor ərazisində böyük bir stansiya inşa edilsin. Eyni zamanda, biz bir Çin şirkətindən də həmin ərazidə 100 meqavatlıq layihə təklifi almışıq, hazırda araşdırılır. Üzən demək istəməzdim, ancaq təklif kifayət qədər maraqlıdır və qarışıq texnologiyalara əsaslanır. Böyükşor ərazisində 100 meqavata yaxın stansiyanın tikilməsi prinsip etibarilə mümkün görünür.

Bakı şəhərinin digər ərazilərinə gəldikdə isə xüsusi olaraq qeyd etmək istəyirəm ki, bizim əsas məqsədimiz bərpaolunan enerji mənbələri üçün digər iqtisadi fəaliyyətə yararsız olan əraziləri istifadə etməkdir. Bakı şəhərinin inzibati ərazisində həmin formatda bir ərazinin tapılması və istifadə olunması, bizim köhnə layihələrimizlə balanslı formatda işləməsi məqsədəuyğundur. Çünki nə qədər çox ölkə ərazisində günəş və digər bərpaolunan elektrik stansiyaları yaranarsa daha doğru olar və müəyyən mənada şəbəkəyə olacaq təsirləri də azaltmağa imkan verəcək. Bakı şəhəri ərazisində elə bir yerin tapılması və onun prosesə cəlb olunması mənə kifayət qədər problemli məsələ kimi görünür. Eyni zamanda, təbii ki, kiçik güclər olan aktiv istehlakçıların dəstəklənməsi prosesi tam sürətlə davam edə bilər. Yəni fərdi yaşayış evlərinin üzərində tam şəkildə ümumi bir baza var, şirkətlər bu istiqamətdə fəaliyyət göstərirlər. Sevindirici haldır ki, bu nəticələrin sürətlə artmasının şahidi oluruq və ümid edirəm ki, bu proses də davamlı olacaq. Bu baxımdan üzən günəş sistemlərinin tətbiqi kifayət qədər maraqlı yanaşmadır və aktiv istehlakçıların dəstəklənməsi də bu prizmadan maraqlıdır.

- İşğaldan azad edilmiş ərazilərdə istilik enerjisi təchizatında geotermal enerjidən istifadə edilməsi istiqamətində aparılan işlər nə yerdədir? Azad olunmuş ərazilərdə yaşıl enerji zonasının yaradılması üzrə həyata keçirilən işlərdən danışmanızı xahiş edirik…

- Geotermal enerji ilə bağlı ayrıca təhlillər gedir. Yalnız Energetika Nazirliyi və onun tabeliyində olan qurumlarda deyil, eyni zamanda, digər istiqamətlərdə də intensiv araşdırmalar aparılır. Xüsusi olaraq qeyd etmək lazımdır ki, istilik təchizatı üçün geotermal enerjidən istifadə özlüyündə daha bir aktual məsələnin həllini tələb edir. Bu da enerji səmərəliliyi tədbirləridir. Binaların hamısı enerji səmərəliliyinə cavab verən binalar olmalıdır ki, orada geotermal enerji və istilik sistemlərinin quraşdırılması mümkün olsun. Bu baxımdan belə hesab edirəm ki, biz bu təhlilləri yekunlaşdıraq və geotermal potensialımız olan ərazilərə yönələk. Sovet dövründə aparılmış tədqiqatlara da baxırıq və bəzi şirkətlərin apardığı tədqiqatlarla da tanış oluruq. Bunların əsasında biz yekun olaraq hansısa pilot layihələri həyata keçirəcəyik. Məsələn Kəlbəcərdə, Şuşada müəyyən geotermal potensialımız var. Onun nə dərəcədə elektrik enerjisinin istehsalı üçün istifadə olunması və yaxud istilik enerjisinin alınması üçün yararlı olması təbii ki, təhlillər tələb edir. Təhlillərdən sonra konkret layihələr meydana çıxa bilər.

Paralel olaraq işğaldan azad olunmuş ərazilərdə tədbirlər planına uyğun olaraq fərdi yaşayış evlərinin üzərində müvafiq konsepsiya işlənib. Həmçinin, küçə işıqlandırılmasında bu texnologiyalardan istifadə olunması, ictimai və kommersiya obyektlərində xüsusi yaşıl texnologiyalardan istifadə olunması gündəmdə olan məsələlərdəndir. Bu konsepsiyanın ana qayəsini təşkil edən məsələ ondan ibarətdir ki, həmin ərazidə istehlak olunacaq hər bir kilovat elektrik enerjisinin bərpaolunan enerji mənbələrindən istehsal olunmasıdır. Kiçik su elektrik stansiyaları ilə bağlı layihələr də mütəmadi olaraq reallaşdırılır. Həmin ərazilərə yaxın sərhəd olan ərazidə də artıq bir torpaq sahəsi bərpaolunan enerji mənbələri ərazisi kimi qeyd olunub. Yəqin ki, orada da istehsal olunacaq elektrik enerjisi bu və ya digər formada işğaldan azad olunmuş ərazilərdə istehlak oluna bilər. Odur ki, yaşıl enerji zonası ilə bağlı aparılan işlər mütəmadi olaraq monitorinq olunur və hər bir halda müvafiq konsepsiyaya uyğunluq faizi müəyyənləşdirilir. Aidiyyəti qurumlardan ibarət xüsusi işçi qrupu formalaşdırılıb və bu işçi qrupu da mütəmadi olaraq monitorinqlərin nəticələrini müzakirə edərək aidiyyəti qərarlar verir.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *