Dünyanın ən böyük xam neft istehsalçısı olan Səudiyyə Ərəbistanı (gündəlik 10,2 milyon barel) 2030-cu ilədək ölkədə istehlak edilən elektrik enerjisinin 50 faizini bərpaolunan enerji mənbələri hesabına təmin edəcək.
"Berpaolunanenerji.az"ın məlumatına görə, ölkədə bərpa olunan enerji layihələri üç istiqamətdə həyata keçirilir. Bunlar, su və enerji layihələri, həmçinin yaşıl hidrogen istehsalıdır. Bu sahələrdə ixtisaslaşmış əsas şirkət Azərbaycan Energetika Nazirliyi ilə də yaxından əməkdaşlıq edən “ACWA Power”dir. Dövlət kapitalı əsasında fəaliyyət göstərən bu şirkət cari ildə ABŞ-ın NEOM korporasiyası ilə yaşıl hidrogen enerjisi istehsal edəcək təsisin inşasına dair 5 milyard dollarlıq kontrakt imzalayıb.
Yeri gəlmişkən, Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti bu ilin yanvarında Azərbaycanda 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının tikintisinə start verib.
Krallıqda Bərpa olunan Milli Enerji Proqramı (NREP) üç mərhələdə icra olunur. 2017-ci ildən bəri həyata keçirilən birinci mərhələdə Sakaka əyalətindəki AL Cuf ərazisində 300 meqavat gücündə günəş fotovoltaik (PV) stansiyası istifadəyə verilib. Bundan başqa, 2018-ci ildə 400 meqavat gücündə Dumat Al Candal külək elektrik stansiyası inşa edilib.
NREP-in ikinci mərhələsi 2020-ci ildən həyata keçirilib. Bu çərçivədə Səudiyyə Ərəbistanının Bərpaolunan Enerji Layihələri Ofisi (REPDO) 8700 meqavatlıq günəş enerjisi stansiyaları layihəsini reallaşdırıb. Bu stansiyalar Ciddə, Rabiğ və Qurayatda inşa olunub. REPDO bərpaolunan enerji layihələrinin ikinci mərhələsində bu yaxınlarda Azərbaycanda Qaradağ günəş elektrik stansiyasının təməlini qoyan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Masdar”, Fransanın EDF və yerli “Nesma” şirkətlərinin iştirakı ilə beynəlxalq konsorsium yaradıb.
Proqramın üçüncü mərhələsinə ötən il başlanıb. Səudiyyə Ərəbistanı Statistika İdarəsinin məlumatına görə, bu mərhələ çərçivəsində 2024-cü ildə 15,1 TWh həcmində bərpaolunan enerji istehsal edilməsi nəzərdə tutulur. Bu, 692 min 557 evi elektrik enerjisi ilə təmin etməyə imkan verir. Üçüncü mərhələdə, həmçinin 4870 MW gücündə enerji istehsalına imkan verən 13 layihə həyata keçiriləcək ki, bunun da 91 faizini günəş enerjisi təşkil edəcək.
Qeyd edək ki, Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondu və tərəfdaşları 2017-ci ildən bəri NREP proqramına 120 milyard dollar həcmində sərmayə qoyublar. Yaxın üç il ərzində həyata keçiriləcək layihələr üçün daha 101 milyard dollar vəsait xərclənəcək. Cari ildə isə Sudayrdə həyata keçirilən ən böyük - 1,5 GW gücündə günəş elektrik stansiyasının birinci növbəsi istifadəyə veriləcək. Krallığın karbohidrogen ehtiyatları və xam neft hasilatı üzrə nəhəng şirkətinin - “Aramco”nun da payçı olduğu bu layihəyə 905 milyon dollar sərmayə ayrılıb.
Ər-Riyadda fəaliyyət göstərən “yaşıl” enerji mənbələri üzrə ekspert Rudolfo Estimonun sözlərinə görə, Səudiyyə Ərəbistanı BMT İqlim Sammitinin 2060-cı ilədək sıfır karbon qazı emissiyası proqramına liderlik etmək iddiasındadır və krallığın bu məqsədə çatmaq üçün böyük imkanları var.
Rəylər (0):