EBRD Azərbaycan, Qazaxıstan və Özbəkistanın "yaşıl enerji" təşəbbüslərini dəstəkləyir

image

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) yaşıl maliyyələşməyə olan öhdəliyini artırır və hazırda portfelinin 50 faizindən çoxunu iqlim məqsədlərinə uyğun layihələr təşkil edir.

Renewables.az-ın məlumatına görə, bu barədə Trend-ə özəl müsahibəsində EBRD-nin Qafqaz üzrə regional direktoru Alkis Vrienios Drakinos bildirib.

"Biz özümüzü yaşıl bank kimi təqdim edirik və artıq bunu sübut edən bir sıra nailiyyətlərimiz var", – deyə A.Drakinos vurğulayıb.

"Bu, bir neçə il əvvəl Paris Sazişi çərçivəsində üzərimizə götürdüyümüz öhdəlikdir və biz səylərimizi artırmışıq. 2022 və 2023-cü illərdən etibarən hədəflərimizə çatdıq və bu il daha böyük hədəflərə çatmağı planlaşdırırıq", - o əlavə edib.

EBRD iqlim dəyişikliyi ilə bağlı layihələrə investisiyaları artırmaq məqsədilə digər çoxtərəfli inkişaf bankları (ÇİB) ilə əməkdaşlıq edir.

"Bizim ümumi məqsədimiz - hədəflərimizə çatmaq üçün lazım olan investisiya həcmini düzgün hesablamaqdır", – deyə A.Drakinos qeyd edib.

Bank digər ÇİB-lərlə birlikdə hər il iqlim layihələrinə 2030-cu ilə qədər 120 milyard avro investisiya qoymaq öhdəliyi götürüb.

Lakin bu məbləğ iqlim dəyişikliyi ilə effektiv mübarizə üçün lazım olan illik 2,4 trilyon avronun cüzi bir hissəsini təşkil edir.

"120 milyard avro lazım olan investisiyanın yalnız kiçik bir hissəsidir, cəmi 5 faizdir", – deyə A.Drakinos vurğulayıb.

O qeyd edib ki, qalan 95 faiz özəl sektor və hökumətlərdən gəlməlidir.

A.Drakinos hökumətlərin özəl investisiyaları cəlb etmək üçün əlverişli normativ şərait və bazar imkanları yaratmaqda mühüm rol oynadığını bildirib.

"Hökumətlər özəl sektora kömək etməli, lazımi normativ şərait və bazar imkanları yaratmalıdır. Bu prosesdə ÇİB və EBRD əsas rol oynayır", – deyə o vurğulayıb.

EBRD özəl investisiyaları dəstəkləyən normativ-hüquqi bazanın yaradılması üçün hökumətlərlə əməkdaşlığa xüsusi diqqət yetirir.

"Biz hökumətlərlə işləməli, onlara özəl sektorun investisiyalarını təşviq edəcək tənzimləmə rejimi hazırlamaqda kömək etməliyik. Bu halda biz özəl sektoru prosesə cəlb edə bilərik. Əks halda bunu həyata keçirmək mümkün olmayacaq", – deyə o bildirib.

Azərbaycanla bərpa olunan enerji sahəsində əməkdaşlıq

Daha sonra regional direktor bankın Azərbaycanın bərpa olunan enerji sektoruna, xüsusilə Biləsuvar və Neftçalada iki böyük günəş parkının inkişafı vasitəsilə göstərdiyi əhəmiyyətli maliyyə dəstəyindən danışıb.

"Biləsuvar və Neftçalada inşa ediləcək bu iki günəş parkı “Masdar” (75 faiz) və “SOCAR Green” birgə müəssisəsi tərəfindən qurulacaq ki, bu da Azərbaycanın yaşıl gündəmə və ölkənin yaşıl ambisiyalarına sadiqliyini nümayiş etdirir", – deyə o vurğulayıb.

160 milyon avro həcmində investisiyaları əhatə edən bu layihələr EBRD, Asiya İnkişaf Bankı (ADB) və Asiya İnfrastruktur İnvestisiya Bankı (AIIB) tərəfindən birgə maliyyələşdirilir.

"Tərəflər bu layihəni maliyyələşdirmək və həyata keçirmək üçün səylərini birləşdirir", – deyə A.Drakinos vurğulayıb.

Bu günəş parkları EBRD-nin Azərbaycanda dəstəklədiyi bərpa olunan enerji mənbələrinin istifadəsi üzrə daha geniş strategiyanın bir hissəsidir. 2022-ci ildə Ələtdə günəş enerjisi layihəsinin və 2023-cü ildə Xızı-Abşeron külək elektrik stansiyası layihəsinin həyata keçirilməsindən sonra EBRD son üç ildə Azərbaycanda 1,2 giqavatlıq bərpa olunan enerji istehsal gücünün yaradılmasına töhfə verib.

"Biz tam şəkildə anlayırıq ki, Azərbaycan zəngin neft resurslarına malik bir ölkədir və iqtisadiyyatda hələ də qalıq yanacaq sektoru üstünlük təşkil edir", – deyə A.Drakinos bildirib.

"Lakin biz güclü siyasi iradə və qlobal problemlərin artan şəkildə dərk edildiyini görürük. Azərbaycan özünü bərpa olunan enerji mənbələrinə sadiq olan bir ölkə kimi mövqeləndirir. Azərbaycan qlobal iqlim dəyişikliyi problemini həll etməkdə güclü oyunçu və tərəfdaş olmağa qərarlıdır", - o əlavə edib.

EBRD-nin Azərbaycanla bağlı öhdəlikləri yalnız bərpa olunan enerji mənbələri ilə məhdudlaşmır. Bank həmçinin şəhər inkişafı layihələrində davamlı təcrübələri əhatə edən "Yaşıl şəhərlər" proqramı kimi təşəbbüsləri dəstəkləyir. Bu təşəbbüslər su ehtiyatlarının idarə edilməsi sistemləri də daxil olmaqla bir çox sahələri əhatə edir.

"Bizim hər bir maliyyələşdirməmizdə ekoloji elementləri və şərtləri nəzərə alırıq", – deyə A.Drakinos EBRD-nin investisiyalarında davamlılığı təmin etmək yanaşmasını vurğulayıb.

EBRD yeni "yaşıl enerji" dəhlizi layihəsinin inkişafını izləyir

Regional direktor vurğulayıb ki, EBRD regionda baş verən əsas hadisələri, o cümlədən, Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında "yaşıl dəhliz"in yaradılması ilə bağlı yaxınlarda imzalanmış sazişi diqqətlə izləyir.

"Biz bütün Qafqaz üzrə fəaliyyət göstəririk və yeni regional hadisələri diqqətlə izləyirik", – deyə A.Drakinos bildirib.

"Yaxınlarda Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında "yaşıl dəhliz" yaradılması haqqında saziş imzalanıb. Layihənin detallarını müzakirə etmək üçün hələ tezdir, çünki texniki-iqtisadi əsaslandırma və digər qiymətləndirmələrə ehtiyacımız var. Lakin bu üç ölkə arasındakı əməkdaşlıq üçün mövcud olan siyasi iradə və həm Mərkəzi Asiya, həm də Qafqazda bərpa olunan enerji mənbələrinin yalnız daxili istehlak üçün deyil, Avropa bazarına yönəldilməsi potensialı çox ümidvericidir", - o qeyd edib.

O əlavə edib ki, əgər layihə həyata keçirmək üçün uyğun və maliyyələşdirmə baxımından məqbul olarsa, EBRD onu dəstəkləməyə hazırdır.

"Bu üç ölkə bankın fəaliyyətdə olan üzvləridir, buna görə də biz yardım göstərmək üçün bütün imkanlara sahibik. Mən bu məsələ ilə bağlı növbəti yenilikləri səbirsizliklə gözləyirəm", – deyə A.Drakinos bildirib.

EBRD, həmçinin, regional "yaşıl" enerji dəhlizinin bir hissəsi olan Qara dəniz kabelinin yaradılması layihəsini də izləyir.

"Bu, irimiqyaslı layihədir və texniki-iqtisadi əsaslandırma, demək olar ki, tamamlandığı üçün daha da aydınlaşır", – deyə A.Drakinos qeyd edib.

"Texniki-iqtisadi əsaslandırma bizə təqdim olunduqdan sonra onu nəzərdən keçirəcəyik. Biz əminik ki, bu enerji dəhlizi layihəsi Qafqazdan Avropaya bərpa olunan enerjinin ötürülməsi üçün infrastruktur yarada bilər", - o əlavə edib.

AYİB Azərbaycan və Gürcüstanda Orta Dəhliz çərçivəsində əsas layihələr haqqında

A.Drakinos Orta Dəhlizlə bağlı layihələrdə bankın fəal iştirakını vurğulayaraq, bu mühüm ticarət marşrutunun Mərkəzi Asiyanı, Avropanı və digər regionları birləşdirdiyini qeyd edib.

O, EBRD-nin maliyyələşdirdiyi bütün layihələrin Paris Sazişinə uyğunluğunu təmin etmək öhdəliyinə sadiqliyini bir daha təsdiqləyib.

"Bizim bu sektorda maliyyələşdirdiyimiz bütün layihələr mütləq ekoloji komponenti ehtiva edir", – deyə o vurğulayıb.

"Biz Paris Sazişinin tələblərinə uyğun olmayan təşəbbüsləri dəstəkləmirik və həmişə bu uyğunluğu təmin edən şərtləri layihələrə daxil edirik", - o qeyd edib.

A.Drakinos Orta Dəhliz çərçivəsində mövcud və potensial layihələrdən bir neçəsini qeyd edib.

O bildirib ki, Azərbaycanda EBRD Orta Dəhliz üzrə ticarət əlaqələrini gücləndirmək məqsədilə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi (ASCO) ilə fəal əməkdaşlıq edir.

"Bu əməkdaşlıq Mərkəzi Asiya Avropa və digər regionlar arasında hər iki istiqamətdə yükdaşıma tələbatını qarşılamağa kömək edir", – deyə o vurğulayıb.

Gürcüstanda bank nəqliyyat sektorunun effektivliyini artırmaq üçün bir sıra layihələri dəstəkləyir. Buraya dəmir yolu sisteminin modernləşdirilməsi və liman əməliyyatlarını optimallaşdıran rəqəmsal platforma olan Liman İcması Sistemi (Port Community System) layihəsinin inkişafı daxildir.

"Bu layihə Gürcüstan limanlarını birləşdirəcək, ölkələr arasında ticarəti və yükdaşımalarını daha effektiv və sürətli edəcək. Bu da Orta Dəhliz konsepsiyasının mühüm bir hissəsidir", – deyə A.Drakinos izah edib.

EBRD, həmçinin, Bakı Limanının genişləndirilməsində maraqlı olduğunu bildirib.

"Biz Azərbaycan hakimiyyətinə Bakı Limanının buraxılış qabiliyyətinin artırılması məsələsini nəzərdən keçirməyə hazır olduğumuzu çatdırmışıq. Bu liman Orta Dəhlizin bir hissəsidir", – deyə A.Drakinos əlavə edib.

EBRD modeli iqlim təşəbbüslərinin maliyyələşdirilməsinə töhfə verir

Regional direktor bildirib ki, ötən il EBRD iqlimlə bağlı layihələrə 6,5 milyard avrodan çox sərmayə yatırıb və özəl sektordan təxminən 25 milyard avro vəsait cəlb edib.

"Biz özəl sektordan əhəmiyyətli investisiyalar cəlb etməyə müvəffəq olduq", – deyə A.Drakinos vurğulayıb.

"Biz yatırdığımız hər avroya qarşı üç dəfədən çox vəsait cəlb etdik", - o əlavə edib.

A.Drakinos bu uğuru layihələrin diqqətlə seçilməsi və AYİB-in fəaliyyət göstərdiyi ölkələrlə möhkəm əlaqələrin qorunması ilə izah edib.

"Bizim maliyyələşdirdiyimiz hər bir layihə bu layihələrlə maraqlanan ölkələrdə həyata keçirilir, çünki həmin ölkələr bizim səhmdarlarımızdır. Bu, layihələrimizlə bağlı riskləri azaldır. Bizim dəstəklədiyimiz layihələr lazımi dəstəyi alır, bu isə öz növbəsində özəl investorları inandırmağa kömək edir. Özəl investorlar isə layihənin üstünlüklərinə diqqət yetirə bilirlər", – deyə o qeyd edib.

O, yüksək keyfiyyətli sponsorlarla əməkdaşlığın vacibliyini vurğulayıb.

"Bizim maliyyələşdirdiyimiz şəxslər layihələrin uğurla həyata keçirilməsi sahəsində geniş təcrübəyə malikdirlər. Onlar vaxt qrafiklərinə riayət etmək və büdcədən kənara çıxmamaq qabiliyyətləri ilə tanınırlar. Maliyyə vəsaitlərinin həddindən artıq xərclənməsi yalnız nadir, gözlənilməz hallarda baş verir", – deyə regional direktor izah edib.

EBRD-nin uğurunun əsasında həm bankın öz maliyyələşdirməsi, həm də onun tərəfdaşlarından cəlb edilən vəsaitlər dayanır. Bu model tariflərin bazar şərtlərinə və digər maliyyə faktorlarına əsaslanır.

"Layihələrin maliyyələşdirilməsi tariflər və digər amillər sayəsində təmin edilir. Biz elə ölkələrlə işləyirik ki, onlar bizim müəyyən etdiyimiz qiymət şərtlərinə uyğun alış həyata keçirmək qabiliyyətinə malikdirlər. Bu, özünü sübut etmiş bir modeldir və gələcəkdə də bu modeli istifadə etməyə davam edəcəyik", – deyə Alkis Vrienios Drakinos yekunlaşdırıb.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *