EBRD: Azərbaycanda reallaşdırılan "yaşıl enerji" layihələri region üçün etalon olacaq

image

Azərbaycanda reallaşdırılan "yaşıl enerji" layihələri region üçün etalon olacaq.

Renewables.az “Report”a istinadən xəbər verir ki, bunu Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) İqlim strategiyası və regional paylanma departamentinin müdiri Konstantine Kintsurashvili Bakıda keçirilən “Dayanıqlı maliyyə və investisiya” mövzusunda II Bakı Forumunda deyib.

"Azərbaycan Cənubi Qafqazda mühüm bir mövqeyə malikdir. Hazırda Azərbaycan "yaşıl enerji" sahəsində bir sıra layihənin icrasına başlayıb və onları uğurla həyata keçirir. Bu, öz növbəsində regionda icra olunacaq başqa layihələr üçün etalon rolunu oynayacaq",- deyə K. Kintsurashvili qeyd edib.

EBRD "yaşıl investisiyaları"n bəzi hallarda icbari etməsini təklif edir: "EBRD olaraq "yaşıl enerji" layihələrinin maliyyələşdirilməsi ilə bağlı üzərimizə öhdəliklər götürmüşük. Gördüyümüz odur ki, burada bu gün daha çox kommersiya layihələrinə və təşəbbüslərinə ehtiyac var. Bunun üçün isə ilk növbədə "yaşıl investisiyaları" kommersiya cəhətdən cəlbedici etməliyik. Bəzi hallarda isə həm şirkətlər, həm də fərdlər üçün hətta icbari hala gətirməliyik", - deyə o qeyd edib.

Qeyd edək ki, hazırda EBRD Azərbaycanın şərqində 240 meqavatlıq "Xızı-Abşeron" külək elektrik stansiyasının tikintisini maliyyələşdir. Bu layihənin icrası üçün Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətinə 197,1 milyon ABŞ dolları (186,9 milyon avro) məbləğində sindikatlaşdırılmış kredit ayrılıb. 240 MVt gücündə bərpa olunan elektrik stansiyası istismara verildikdən sonra ildə 893 giqavat/saata qədər təmiz elektrik enerjisi istehsal edəcək. Hər il 400 000 tondan çox karbon qazı emissiyalarının azalacağı gözlənilir.

EBRD Qafqaz regionunda mühüm institusional investordur. Bank bu günə kimi Azərbaycanda 188 layihəyə 3,6 milyard avrodan çox sərmayə qoyub və diqqətini ölkə iqtisadiyyatını şaxələndirməyə və "yaşıl" iqlim hədəflərini dəstəkləməyə yardım edib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *