Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) artıq 30 ildir ki Azərbaycanla əməkdaşlıq edir. Azərbaycan 1992-ci ildən EBR-nin üzvüdür. Bu günədək bank respublikada 181 layihənin maliyyələşdirilməsi üçün 3,4 milyard avro ayırıb.
2019-cu ildə Azərbaycan Texniki Yardım Fondunun və Şərqi Avropa Enerji Səmərəliliyi və Ətraf Mühit üzrə Tərəfdaşlığın hər birinə 2 milyon ABŞ dolları ianə etməklə EBRD-nin donorları sırasına daxil olub. Hazırda EBRD Azərbaycanda qeyri-neft sektorunun inkişafına köklənib və ölkənin “yaşıl” iqtisadiyyatına investisiya həcmlərini artırmaqdadır.
EBRD-nin Qafqaz üzrə regional direktoru Katarina Byorlin Hansenin “Report”a müsahibəsini təqdim edirik:
- İyunun əvvəlində Azərbaycanda keçiriləcək 27-ci Bakı Enerji Forumunda iştirak edəcəksiniz. Dünyadakı mövcud enerji vəziyyəti kontekstində bu forumun əhəmiyyəti barədə məlumat verə bilərsinizmi?
- Bakı Enerji Forumu EBRD-nin Enerji Strategiyasına birbaşa aidiyyəti olan bir neçə mövzunu müzakirə etmək üçün müxtəlif maraqlı tərəfləri, o cümlədən yüksək səviyyəli hökumət rəsmilərini, transmilli enerji şirkətlərini və maliyyə institutlarını bir araya gətirəcək.
EBRD ekoloji maliyyələşdirməyə xüsusi diqqət yetirməklə regionda iqlim layihələrinin maliyyələşdirilməsi üzrə liderdir. EBRD-yə üzv olan ölkələrinə dayanıqlı, ekoloji təmiz və aşağı karbonlu iqtisadiyyatlar qurmağa yardım etmək üçün 2021-ci ildə “Yaşıl İqtisadiyyata Keçid” (YİK) konsepsiyasını qəbul etdik. Yeni YİK yanaşmamız vasitəsilə 2025-ci ilə qədər “yaşıl” layihələrin maliyyələşdirilməsini illik kredit portfelimizin 50 %-dən çoxuna çatdırmağı hədəfləyirik. Biz həmçinin növbəti beş il ərzində xalis illik istixana qazı emissiyalarını ən azı 25 milyon ton azaltmağı hədəfləyirik.
Azərbaycan əsas məqsədlərimizdən biri olan “yaşıl” iqtisadiyyata keçid istiqamətindəki səylərini dəstəklədiyimiz EBRD ölkəsidir. Bu səbəbdən, Bakı Enerji Forumu bizim üçün müxtəlif maraqlı tərəflərlə fikir mübadiləsi aparmaq, eləcə də Azərbaycanın “yaşıl” enerji sektorunda ideyalar ortaya çıxarmaq və yeni imkanlar yaratmaq üçün mühüm platformadır.
- Dünyadakı cari geosiyasi vəziyyəti nəzərə alsaq, Azərbaycanın enerji tərəfdaşı kimi əhəmiyyəti nədən ibarətdir?
- Azərbaycan Avropanın mühüm enerji tərəfdaşıdır və Xəzər dənizinin enerji resurslarının Avropa bazarına çatdırılmasında həlledici rol oynayır. Bu gün Bakının etibarlı enerji tərəfdaşı kimi rolu xüsusilə vacibdir. Mövcud geosiyasi mühit və qaz qiymətlərinin son qlobal artımı enerji daşıyıcılarının təchizatına etibarlı və şaxələndirilmiş çıxışın zəruriliyini göstərdi.
- Bu forumda hansı suallar və mövzular sizin üçün daha çox əhəmiyyət kəsb edəcək?
- Biz xüsusilə “yaşıl” enerjiyə keçidə həsr olunmuş sessiyalarda, o cümlədən “Yaşıl enerjinin bərpası”, “Sıfır istehlaka gedən yol” və “Azərbaycanda bərpa olunan enerji mənbələrinin inkişafı imkanları” mövzuları üzrə müzakirələrdə fəal olacağıq.
- Yaxın vaxtlarda Azərbaycandan qaz tədarükünün artırılması ilə bağlı hansısa danışıqlar gözləmək olarmı?
- Qaz təchizatı mənbələrinin və marşrutlarının şaxələndirilməsi, eyni zamanda vahid təchizatçıdan asılılığın azaldılması idxaldan asılı olan bütün regionlar, xüsusən də Avropa üçün prioritet məsələdir. Ukraynada davam edən müharibə və bunun nəticəsində neft tədarükündəki “kəsintilər” bu məsələnin aktuallığını artırıb.
Avropadakı ictimai bəyanatlara əsasən, Azərbaycan bir çoxları tərəfindən təhlükəsiz və sərfəli enerji təchizatına çıxışı təmin etmək üçün böyük potensiala malik tərəfdaş kimi qiymətləndirilir. Beləliklə, danışıqları gözləmək olar, lakin qaz tədarükünün artırılması son nəticədə mövcud enerji infrastrukturunun ötürücülük imkanlarından asılıdır və bunu azərbaycanlı həmkarlarım daha yaxşı şərh edə bilərlər.
- Hazırda Azərbaycanda energetika sektorunda həyata keçirdiyiniz layihələr necə inkişaf edir?
- Paris Sazişi çərçivəsində Azərbaycan 2030-cu ilə qədər bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalının payını 30 %-ə çatdırmaqla yanaşı, parnik qazları emissiyalarının 35 % azaldılmasına nail olmaq öhdəliyini götürüb. Biz Azərbaycanın “yaşıl” iqtisadiyyata keçid səylərini dəstəkləmək üçün buradayıq. Məqsədimiz strateji dəstək və investisiya vasitəsilə ölkəyə hədəflərinə çatmaqda dəstək olmaqdır. Faktiki olaraq, bu, Azərbaycan üzrə hazırkı Ölkə Strategiyamızda üç əsas prioritetdən biridir.
Bütün bunları nəzərə alaraq, biz 27-ci Bakı Enerji Forumunu müvafiq maraqlı tərəflərlə fikir mübadiləsi aparmaq və potensial əməkdaşlıq sahələrini araşdırmaq üçün gözəl və vaxtında fürsət kimi görürük. Bakıya səfər etmək həmişə xoşdur.
Rəylər (0):