Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) maliyyə dəstəyi ilə “Günəş enerjisinin suvarmada tətbiqi” layihəsi icra olunur.
Renewables.az Nazirliyə istinadən xəbər verir ki, layihə çərçivəsində qeyd olunan mövzu üzrə İnstitutun təşkilatçılığı ilə növbəti seminar keçirilib.
Seminarda Kənd Təsərrüfatı Nazirliyi, Energetika Nazirliyi, Energetika Nazirliyinin Enerji Məsələlərini Tənzimləmə Agentliyi və Bərpa olunan Enerji Mənbələri Dövlət Agentliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və digər qurumların nümayəndələri iştirak ediblər.
İnstitutun İdarə Heyətinin sədri, aqrar elmlər üzrə fəlsəfə doktoru Elmar Allahverdiyev alternativ enerji mənbələrinin, o cümlədən günəş enerjisinin suvarmada tətbiqinin bütün dünyada aktullaşdığını, Azərbaycanda da bu istiqamətdə layihələr həyata keçirildiyini deyib. O qeyd edib ki, Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda KOICA ilə əməkdaşlıq çərçivəsində keçirilən analoji layihə uğurlu nəticələr verib, bu nəticələr təhlili gələcəkdə analoji üsulun daha geniş tətbiqinə imkan verir.
Seminarda KOICA-nın ölkə üzrə direktoru Moon Jong Hyun layihə haqqında iştirakçıları məlumatlandırıb.
Tədbirdə Energetika Nazirliyinin Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Liberallaşdırma və innovasiyaların cəlb edilməsi şöbəsinin baş mütəxəssisi Mehdi Abdullayev “Azərbaycanda günəş enerjisinin suvarmada tətbiqi” mövzusunda təqdimat edib.
Təqdimatda bu innovativ texnologiyanın texniki, iqtisadi və ekoloji baxımından üstün cəhətlərinə toxunulub. Daha sonra iştirakçılar İnstitutun ərazisində quraşdırılmış pilot nümayiş qurğusuna baxış keçiriblər. Qonaqlara yeni qurğunun iş prinsipi, tətbiq sahələri haqqında geniş məlumat verilib.
Tədbir iştirakçıları, həmçinin Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda fəaliyyət göstərən laboratoriyalar və istixanalarla tanış olublar.
Rəylər (0):