Gürcüstan hökumət administrasiyasının məlumatına görə, iki külək və bir günəş elektrik stansiyasının tikintisi planlaşdırılır.
Renewables.az InterPress.ge portalına istinadən xəbər verir ki, hökumətin iclasında adıçəkilən elektrik stansiyalarının inkişafı və təşviqi layihəsi müzakirə olunub.
Külək elektrik stansiyası layihələrindən biri İmereti regionunda həyata keçiriləcək, təxmini quraşdırılmış gücü 103,5 meqavat, hasilatı isə 362 milyon kilovat-saata çatacaq. Layihə üçün tələb olunan investisiya məbləği 130 milyon ABŞ dollarıdır. Şida Kartli bölgəsində, Kareli bələdiyyəsində tikintisi planlaşdırılan ikinci külək elektrik stansiyasına gəlincə, onun quraşdırılmış gücü 43,4 MVt, hasilatı 148 milyon kilovat-saat, investisiyanın həcmi isə 25,25 milyon ABŞ dolları təşkil edir.
Bundan əlavə, İmereti bölgəsinin Tercola Bələdiyyəsində 7,8 MVt gücündə günəş elektrik stansiyasının tikintisinə 4,797 milyon ABŞ dolları sərmayə qoyulacaq və təxmini istehsalı 10,295 milyon kilovat-saat olacaq.
"Hazırda hər üç layihənin texniki-iqtisadi tədqiqi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş prosedurlar aparılır", - məlumatda deyilir.
Rəylər (0):