"Hydrogen Europe" COP29 rəhbərliyi ilə işləməyə hazırdır

image

"Hydrogen Europe" hidrogenlə bağlı məsələlərdə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) rəhbərliyi və tərəfdaşları ilə işləməyə hazırdır.

Renewables.az-ın “Report”a istinadən xəbərinə görə, bunu "Hydrogen Europe"un ticarət və beynəlxalq əlaqələr üzrə direktoru Maria Assumpico Rojo Torrent Bakı Enerji Forumunun II günündə "Yaşıl dünya naminə. COP29 strateji inkişaf yolları, yaşıl enerji layihələrinin maliyyələşdirilməsi" mövzusunda plenar müzakirələrdə deyib.

O bildirib ki, hidrogenlə bağlı məsələlər son COP tədbirlərində gündəmə gəlib: "Bunun COP29-da da davam edəcəyini düşünürük. Bu tədbir hidrogenin bərpa olunan enerji mənbələrinin geniş yayılmasında oynayacağı rolu daha yaxşı anlamaq üçün gözəl fürsət olacaq. COP29-un digər mühüm aspekti isə qlobal enerji keçidi üçün iqlim maliyyəsini artırmaqdır. Biz iqlim məqsədlərinə uyğun olaraq dövlət maliyyəsini artırmağa çalışmalıyıq. Bununla belə, dövlət maliyyələşdirməsi kifayət etmədiyindən, özəl investisiyaları təşviq etmək və KOB-ların kapital bazarlarına çıxışını asanlaşdırmaq da vacibdir".

Xatırladaq ki, bu ilin noyabrında COP29 tədbiri Bakıda keçiriləcək. Bu qərar 2023-cü il dekabrın 11-də Dubayda keçirilən COP28-un plenar iclasında qəbul edilib. Tədbir çərçivəsində Azərbaycanın paytaxtı 70-80 minə yaxın xarici qonaq qəbul edəcək.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *