Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin “Şimal” Elektrik Stansiyasının yeni estakadasının, su nasos stansiyalarının və “Şimal” Kiçik Su Elektrik Stansiyasının açılışında iştirak edib.
Renewables.az Prezidentin rəsmi saytına istinadla xəbər verir ki, əvvəlcə ölkəmizdə su elektrik stansiyaları ilə bağlı həyata keçirilən işlər barədə videoçarx nümayiş olunub.
“AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev dövlətimizin başçısına görülən işlər barədə məlumat verib.
Diqqətə çatdırılıb ki, Bakının Şüvəlan qəsəbəsində yerləşən, ümumi gücü 800 MVt olan “Şimal” Elektrik Stansiyasının ərazisində “AzərEnerji” ASC tərəfindən daha bir yenilik edilərək, istifadə olunub dənizə axıdılan soyutma suyunun üzərində 300 kVt-lıq kiçik su elektrik stansiyası tikilib. Kiçik su elektrik stansiyasının tikintisi yerli mütəxəssislər tərəfindən aparılıb. Bu stansiya vasitəsilə il ərzində 2,5 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal ediləcək ki, bu da “Şimal-1” və “Şimal-2” elektrik stansiyalarının təsərrüfat ehtiyaclarını ödəməklə daxili tələbatına sərf olunacaq. Nəticədə bu günə qədər “Şimal” Elektrik Stansiyasının daxili tələbatına sərf olunan elektrik enerjisi qənaət edilərək ümumi sistemə ötürüləcək.
Rəylər (0):