Kamran Hüseynov: "Yaşıl hidrogen"in tədarükü üçün iki variant təklif edilir"

image

Azərbaycanda elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə ilə bağlı 4 yeni qanun layihəsi hazırlanır.

"Renewables.az" xəbər verir ki, bunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (AREA) direktor müavini Kamran Hüseynov "Yaşıl hidrogen - karbonsuzlaşmaya aparan yol" adlı seminarda deyib.

K. Hüseynov qeyd edib ki, bu istiqamətdə sonuncu qanun layihəsi 2020-ci ilin may ayında təsdiq olunub:

"Yeni qanun layihələri hərrac qaydaları, aktiv istehsalçıların cəlb olunması üzrə dəstəkləyici mexanizmlər, bərpa olunan enerji istehsalı üzrə sertifikatları və bərpa olunan enerji mənbələri üzrə informasiya sistemləri ilə bağlıdır. Bu qanun layihələri hazırlanıb və Nazirlər Kabinetinə göndərilib".

Onun sözlərinə görə, Azərbaycanda investorlara müəyyən təminatlar təklif olunur: "Bizim investisiya təminatı sertifikatımız var. Burda fərdi sahibkarlar üçün gəlir vergisinin 50 %, hüquqi şəxslər üçün mənfəət vergisinin 50 % azaldılması, torpaq vergisindən azad olunması və digər məsələlər nəzərdə tutulub. Eyni zamanda əlavə stimul verici məsələlərin də müzakirəsi nəzərdə tutulur".

K. Hüseynov əlavə edib ki, Azərbaycanın azad edilmiş ərazilərində də böyük "yaşıl enerji" potensialı var: "Yaponiyanın "TEPSCO" şirkətinin dəstəyi ilə bu ərazilər üzrə "yaşıl enerji" konsepsiyası hazırlanıb və Nazirlər Kabinetinə təqdim edilib. Bu konsepsiya üzrə təmiz enerji potensialından və təbiəti çirkləndirməyən texnologiyalardan istifadə nəzərdə tutulur".

AREA-nın direktor müavini qeyd edib ki,  Azərbaycan qaz kəməri infrastrukturu vasitəsilə Avropanın qaz bazarlarına yaxşı çıxışa malikdir, buna görə də enerji bazarlarına “yaşıl hidrogen”in tədarükü üçün iki variant təklif olunur.

Onun sözlərinə görə, Azərbaycan quruda və Xəzər dənizində bərpa olunan enerji mənbələrinin yüksək potensialına görə hidrogen iqtisadiyyatının inkişafı üçün əlverişli mövqeyə malikdir: “Ölkədə hidrogen iqtisadiyyatının inkişaf etdirilməsinin əsas xüsusiyyətlərindən biri kimi Azərbaycanın qaz kəməri infrastrukturu vasitəsilə Avropanın qaz bazarlarına yaxşı çıxışa malik olmasını göstərmək olar”.

K. Hüseynov bildirib ki, Cənub Qaz Dəhlizi təbii qazla qarışmış hidrogeni enerji bazarlarına nəql etmək üçün istifadə oluna bilər: "Yaşıl hidrogen"in tədarükü üçün başqa bir variant ayrıca H2 boru kəmərinin çəkilməsi ola bilər. Bərpa olunan enerjinin istehsalının nisbətən aşağı qiymətə başa gəldiyini nəzərə alsaq, Azərbaycanda "yaşıl hidrogen"in dəyəri (LCOH) digər bazarlarla rəqabətədavamlı ola bilər”.

Dövlət Agentliyinin direktor müavini hesab edir ki, digər ölkələrlə mövcud dəmir yolu və boru kəməri əlaqələrini nəzərə alaraq, “yaşıl ammonyak” və “yaşıl hidrogen”in hasilatı və ixracı da variant sayıla bilər: “Ammonyak və metanol istehsalı, elektrik enerjisinin istehsalı və mərkəzləşdirilmiş istilik təchizatı Azərbaycanda “yaşıl hidrogen"in mümkün tətbiqi sahələridir”.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *