Karbohidrogen ehtiyatları ilə zəngin ərəb ölkələri bərpaolunan enerji istehsalına nəhəng sərmayələr qoyur

image

Dünyanın ən böyük xam neft istehsalçısı olan Səudiyyə Ərəbistanı (gündəlik 10,2 milyon barel) 2030-cu ilədək ölkədə istehlak olunan elektrik enerjisinin 50 faizini bərpaolunan enerji mənbələri hesabına təmin edəcək.

"Berpaolunanenerji.az" "AZƏRTAC"a istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanında bərpaolunan enerji layihələri üç istiqamətdə həyata keçirilir. Bunlar, su və enerji layihələri, həmçinin yaşıl hidrogen istehsalıdır. Bu sahələrdə krallığın əsas şirkəti Azərbaycan Energetika Nazirliyi ilə də əməkdaşlıq edən “ACWA Power”dir. Dövlət kapitalı ilə fəaliyyət göstərən bu şirkət cari ildə ABŞ-ın NEOM korporasiyası ilə yaşıl hidrogen enerjisi istehsal edəcək təsisin inşasına dair 5 milyard dollarlıq kontrakt imzalayıb.

Krallıqda Milli Bərpaolunan Enerji Proqramı (NREP) üç mərhələdə icra olunur. 2017-ci ildən bəri həyata keçirilən birinci mərhələdə Sakaka əyalətindəki AL Cuf ərazisində 300 meqavat gücündə günəş fotovoltaik (PV) təsisi istifadəyə verilib. Bundan başqa, 2018-ci ildə 400 meqavat gücündə Dumat Al Candal külək elektrik stansiyası inşa edilib.

NREP-in ikinci mərhələsi 2020-ci ildən həyata keçirilib. Bu çərçivədə Səudiyyə Ərəbistanının Bərpaolunan Enerji Layihələri Ofisi (REPDO) 8700 meqavatlıq günəş enerjisi stansiyaları layihəsini reallaşdırıb. Bu stansiyalar Ciddə, Rabiğ və Qurayatda inşa olunub. REPDO bərpaolunan enerji layihələrinin ikinci mərhələsində bu yaxınlarda Azərbaycanda Qaradağ günəş elektrik stansiyasının təməlini qoyan Birləşmiş Ərəb Əmirliklərinin “Masdar”, Fransanın EDF və yerli “Nesma” şirkətlərinin iştirakı ilə beynəlxalq konsorsium yaradıb.

Proqramın üçüncü mərhələsinə ötən il başlanıb. Səudiyyə Ərəbistanı Statistika İdarəsinin məlumatına görə, NERP-in üçüncü mərhələsində 2024-cü ildə 15,1 TWh həcmində bərpaolunan enerji istehsal edilməsi nəzərdə tutulur. Bu, 692 min 557 evi elektrik enerjisi ilə təmin etməyə imkan verir. Bu mərhələdə, həmçinin 4870 MW gücündə enerji istehsalına imkan verəcək 13 layihə həyata keçiriləcək ki, bunun da 91 faizini günəş enerjisi təşkil edəcək.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondu və tərəfdaşları 2017-ci ildən bəri NREP proqramına 120 milyard dollar həcmində sərmayə qoyublar. Yaxın üç il ərzində həyata keçiriləcək layihələr üçün daha 101 milyard dollar vəsait xərclənəcək. Cari ildə isə Sudayrdə həyata keçirilən ən böyük - 1,5 GW gücündə günəş elektrik stansiyasının birinci təsisi istifadəyə veriləcək. Krallığın karbohidrogen ehtiyatları və xam neft hasilatı üzrə nəhəng “Aramco” şirkətinin də payçı olduğu bu layihəyə 905 milyon dollar sərmayə ayrılıb.

Ər-Riyadda fəaliyyət göstərən bərpaolunan enerji mənbələri üzrə ekspert Rudolfo Estimonun sözlərinə görə, Səudiyyə Ərəbistanı BMT İqlim Sammitinin 2060-cı ilədək sıfır karbon qazı emissiyası proqramına liderlik etmək iddiasındadır və krallığın bu məqsədə çatmaq üçün böyük imkanları var. Onun sözlərinə görə, bu hədəfə çatmaq üçün daha bir iddialı ölkə - Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə tandem dünyanın müxtəlif ölkələrində də bu sahəyə investisiyalar qoymağa şərait yaradacaq.

Daha bir ekspert – Məhəmməd Əl Çələbi iki böyük neft istehsalçısı - Səudiyyə Ərəbistanı və BƏƏ-nin neft gəlirlərini bərpaolunan enerji istehsalına yönəltmək siyasətini qlobal enerji təhlükəsizliyi baxımından əhəmiyyətli addım adlandırıb. “Son illərdə qlobal neft bazarında baş verən təlatümlər göstərdi ki, alternativ enerji mənbələrindən istifadə etmək labüd olacaq və artıq bu sahəyə qoyulan investisiyalar özünü doğruldur”, - deyə ekspert əlavə edib.

Sözügedən sahədə Səudiyyə Ərəbistanı ilə rəqabət aparan BƏƏ 2030-cu ilədək enerjinin 30 faizini bərpaolunan mənbələr hesabına istehsal etməyi planlaşdırır. Bu ölkədə alternativ enerji mənbələrindən, xüsusən günəş enerjisindən istifadə edilməsi üzrə layihələrin həyata keçirilməsinə 2016-cı ildə başlanılıb. Bərpaolunan enerji istehsalı üzrə BƏƏ-nin aparıcı “Masdar” şirkəti indiyədək müvafiq enerji istehsalına 20 milyard dollardan artıq sərmayə qoyub. Günəş və külək elektrik stansiyalarının inşası üzrə Yaxın Şərqin ən böyük şirkəti dünyanın 40 ölkəsində fəaliyyət göstərir. Bundan başqa, ölkənin daha bir böyük şirkəti olan “Barakah” bərpaolunan enerji istehsalı üzrə yeni layihələr həyata keçirir.

BƏƏ-nin energetika və infrastruktur naziri Suhail Al Mazrouei bildirib ki, son illər bərpaolunan enerji istehsalının iqtisadiyyatda payı artır. Onun sözlərinə görə, Əbu-Dabi və Dubayda fəaliyyət göstərən enerji şirkətləri bu sahədə dünya lideri olmaq niyyətindədir.

Misir hökuməti də müvafiq sahə üzrə mühüm addımlar atır. Bu ölkədə 2019-cu ildə qəbul olunmuş Milli Bərpaolunan Enerji Proqramında (IRENA) 2035-ci ilədək elektrik enerjisinin 42 faizinin günəş və külək stansiyalarından əldə olunması nəzərdə tutulur. 2019-cu ilin noyabrında istifadəyə verilmiş Benban günəş enerjisi parkı 1465 MV gücündədir. Hazırda Misirdə bərpaolunan enerji mənbələrinin ölkənin ümumi enerji təminatında payı cəmi 11 faizdir, lakin yeni proqramda Səudiyyə Ərəbistanı, BƏƏ və Almaniya şirkətlərinin iştirakı ilə qarşıdakı 2 ildə bu rəqəmin 22 faizə çatdırılması nəzərdə tutulur. Ötən il günəşli hava şəraitinin bütün ilboyu hökm sürdüyü Misirdə Avropa Yenidənqurma və İnkişaf Bankının maliyyə dəstəyi ilə Qahirənin yaxınlığında yerləşən Beheyra ərazisində və Asuan vilayətinin Abidos rayonunda günəş elektrik stansiyaları istifadəyə verilib.

Ekspertlər hesab edirlər ki, karbohidrogen ehtiyatları ilə zəngin olan ərəb ölkələrinin hökumətləri neft-qaz ixracından əldə olunan böyük vəsaitlər hesabına bərpaolunan enerji istehsalını artırmaqla, eyni zamanda, dünyanın müxtəlif ölkələrində bu sahəyə böyük investisiyalar qoymaqla, öz xalqlarının gələcək rifahına zəmin hazırlayırlar.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *