Mikayıl Cabbarov: “Azərbaycan “yaşıl” enerji ölkəsinə çevrilməsini qarşısına hədəf qoyub”

image

İqtisadiyyat naziri Mikayıl Cabbarovun Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfəri çərçivəsində bir sıra görüşlər keçirilib. SOCAR prezidenti Rövşən Nəcəfin də iştirak etdiyi görüşlərdə qarşılıqlı faydalı əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Renewables.az bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri, Əbu-Dabi Milli Neft Şirkətinin (ADNOC) baş icraçı direktoru və “Masdar” şirkətinin sədri Sultan Əhməd Əl Caberlə görüşdə iqtisadiyyat naziri ölkəmizin təmiz ətraf mühit və “yaşıl” enerji ölkəsinə çevrilməsinin qarşıya hədəf kimi qoyulduğunu vurğulayıb, enerjidən səmərəli istifadə olunması və yeni dayanıqlı enerji mənbələrinin yaradılması istiqamətində həyata keçirilən layihələr və onların icra vəziyyəti barədə məlumat verib. Bildirilib ki, alternativ enerji mənbələrinin yaradılması istiqamətində ölkəmizin potensialı böyükdür və Azərbaycan bu sahədə “Masdar” şirkəti ilə uğurlu əməkdaşlıq edir. Enerji istehsalının bərpa olunan mənbələr hesabına şaxələndirilməsinin əsas hədəflərdən olduğu, şirkətlə əməkdaşlığın dayanıqlı, təmiz enerji ilə bağlı prioritetlərimizin reallaşdırılmasına töhfə verəcəyi qeyd edilib.

BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri, ADNOC şirkətlər qrupunun baş icraçı direktoru, “Masdar” şirkətinin sədri Sultan Əl Caber rəhbərlik etdiyi şirkətin fəaliyyəti, müxtəlif ölkələrdəki təcrübəsi barədə danışıb, Azərbaycanla əməkdaşlıqdan məmnunluğunu ifadə edib, ölkəmizin əlverişli coğrafi mövqeyinin, təbii potensialının və inkişaf etmiş infrastruktura malik olmasının “Masdar” şirkəti ilə əlaqələrin genişləndirilməsi üçün şərait yaratdığını vurğulayıb.

Görüşdə ölkələrimiz arasında uğurlu iqtisadi əlaqələr, neft-qaz hasilatı (upstream) və neft-kimya üzrə layihələr (downstream), həmçinin karbohidrogen resurslarının nəqli (midstream) və “yaşıl” enerji istehsalı üzrə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

Səfər çərçivəsində “Sustainable Water Solutions” Holdinqinin sədri Əhməd Əl Şəmsi ilə keçirilən görüşdə yeni iqtisadi çağırışlar şəraitində resurslardan səmərəli istifadənin əhəmiyyəti, Azərbaycanda yaradılmış əlverişli investisiya mühiti və dayanıqlı inkişaf üçün innovativ mexanizmlərin tətbiqində ölkəmizlə əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *