Naxçıvanda bərpa olunan enerji layihələri icra ediləcək

image

İyunun 5-də Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın Tədbirlər Planının "Elektrik enerjisi istehsalının və ixracının artırılması" Prioritet istiqamətində tədbirlər qeyd olunub.

Renewables.az xəbər verir ki, sənəddə su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, dövlət–özəl tərəfdaşlığı ilə alternativ və bərpa olunan enerji mənbələrinin yaradılmasının davam etdirilməsi, yeni enerji dəhlizinin Naxçıvan Muxtar Respublikası ərazisindən keçəcək hissəsində müvafiq infrastrukturun yaradılması və digər tədbirlər yer alıb.

Sənədə əsasən, elektrik enerjisinin istehsalı və ixracı üzrə mövcud potensialdan istifadə etməklə yeni bərpa olunan enerji (əsasən, günəş) stansiyaları qurulacaq. Mövcud vəziyyətin təhlilində, hədəflərin və prioritet istiqamətlərin müəyyənləşdirilməsində bərpa olunan enerji potensialı (günəş və külək enerjisi) güclü tərəflər bölməsində qeyd olunub.

Qeyd edilir ki, elektrik enerjisi təchizatının yaxşılaşdırılması istiqamətində 169,8 meqavat gücündə 10 elektrik stansiyası, o cümlədən 4,5 meqavat gücündə Heydər Əliyev su anbarı üzərində su elektrik stansiyası, Ordubad rayonunda Gilançay üzərində 20 meqavat gücündə “Biləv” su elektrik stansiyası, Şərur rayonu ərazisində 20,5 meqavat gücündə “Arpaçay-1” və 1,4 meqavat gücündə “Arpaçay-2” su elektrik stansiyaları, Babək rayonunun Xalxal kəndi ərazisində 22 meqavat gücündə Naxçıvan günəş elektrik stansiyası, Kəngərli rayonunda 5 meqavat gücündə, Şərur rayonunda 11 meqavat gücündə günəş elektrik stansiyaları, Culfa rayonunda 1,1 meqavat gücündə Külək-Günəş Hibrid Elektrik Stansiyası və 0,3 meqavat gücündə Culfa külək elektrik stansiyası istifadəyə verilib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *