Həyata keçirilən islahatlar nəticəsində iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən energetika sahəsində sürətli inkişafa nail olunub. Şərur rayonunun Zeyvə kəndində yeni Günəş Elektrik Stansiyasının tikilməsi də bu istiqamətdə görülən işlərin ardıcıl xarakter almasını bir daha sübut edir. Gələcəkdə bu stansiyanın istifadəyə verilməsi ilə muxtar respublikada günəş elektrik stansiyalarının ümumi gücü 27 meqavatdan 32 meqavata çatacaq. 5 meqavat gücündə olan stansiyanın inşasına ötən ilin sentyabr ayından başlanılıb. Stansiya 10 hektar ərazini əhatə edir.
Qeyd edək ki, alternativ və bərpa olunan enerji mənbələrinin geniş tətbiqi enerji təhlükəsizliyimizin yüksəldilməsilə yanaşı, təbii qaza qənaət olunması, atmosferə atılan zərərli tullantıların azalması, ekoloji tarazlığın təmin olunması ilə innovativ inkişafın sürətlənməsi, eləcə də yeni iş yerlərinin yaranması baxımından mühüm əhəmiyyətə malikdir. Hazırda muxtar respublikada 7 alternativ və bərpa olunan enerji istehsal edilən stansiya fəaliyyət göstərir. Bu stansiyaların hesabına ötən il muxtar respublikada istehsal olunan 424 milyon kvt saatdan artıq elektrik enerjisinin 48,6 faizini alternativ və bərpa olunan enerji təşkil edib.
Ötən il olduğu kimi bu il də energetika sahəsi üçün uğurlu il olacaq. Nəinki enerji təhlükəsizliyimizin təmin olunmasına, hətta bu sahədə ixrac potensialının artırılmasına töhfə verəcək işlər görülür. Culfa rayonunda 1 meqavat gücündə Külək-Günəş Hibrid Elektrik Stansiyasının, Ordubad rayonunda Ordubad və Tivi Su Elektrik stansiyalarının tikintisi də davam etdirilir.
Mənbə: Nuhçıxan İnformasiya Agentliyi
Rəylər (0):