Naxçıvanın enerji sistemi Avropa Elektrik Ötürmə Sistemləri Operatorları Assosiasiyasının şəbəkəsinə qoşulacaq

image

Türkiyə ilə quru sərhədin mövcudluğu, həmçinin Azərbaycan–Türkiyə–Avropa elektrik dəhlizi layihəsi çərçivəsində Naxçıvan Muxtar Respublikasının ölkənin əsas enerji sistemi ilə əlaqələndirilməsi imkanı, Türkiyəyə elektrik verilişi xəttinin çəkilməsi, elektrik enerjisi ixracı məqsədilə tezlik tənzimlənməsinin Türkiyə Respublikasının enerji sistemi vasitəsilə aparılması və Naxçıvan Muxtar Respublikasının enerji sisteminin Avropa Elektrik Ötürmə Sistemləri Operatorları Assosiasiyasının (ENTSO-E) şəbəkəsinə qoşulması üçün tədbirlər görülməsi Naxçıvan Muxtar Respublikasında elektrik enerjisi istehsalı və ixracı potensialını artıracaq, bu isə ölkənin əlavə enerji gücləri hesabına dünya bazarına (Türkiyəyə və Avropaya) elektrik enerjisi satmaq imkanlarını və alternativlərini genişləndirəcək.

Renewables.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramında qeyd olunub.

Proqramda bildirilir ki, Naxçıvan Muxtar Respublikasında mövcud elektrik stansiyalarının modernləşdirilməsi və dövlət–özəl tərəfdaşlığı çərçivəsində yenilərinin tikilməsi, həmçinin bərpaolunan enerji resurslarından (əsasən, günəş) və dövlət–özəl tərəfdaşlığı imkanlarından istifadə etməklə elektrik enerjisi istehsalının artırılması və yeni layihələrin icrası daha çox elektrik enerjisi ixracının həyata keçirilməsini təmin edəcək.

Mövcud elektrik enerjisi xətlərinin və yarımstansiyaların müasir tələblərə uyğun olaraq yenidən qurulması, enerji sistemini operativ idarə etmək, enerjinin keyfiyyətinə nəzarət etmək və monitorinqlər aparılmaq üçün SCADA (nəzarət və məlumatların toplanması sistemi) mərkəzinin yaradılması elektrik təchizatı infrastrukturunun səmərəliliyinin artması, elektrik istehsalı və təchizatı sistemlərində itkilərin davamlı azalması ilə nəticələnəcək.

Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 5-də “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *