Azərbaycan Avropaya ənənəvi enerji mənbələrinin etibarlı ixracatçısı olmaqda davam edəcək, lakin Cənubi Qafqaz ölkəsi bərpa olunan enerji layihələrini də inkişaf etdirməyi planlaşdırır.
Renewables.az xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov NE Global-a müsahibəsində bildirib.
“Biz qalıq yanacaqların ənənəvi istehsalçısı və ixracatçısıyıq və indi biz bərpa olunan enerji mənbələrini də istehsal edəcəyimiz yeni mərhələyə daxil oluruq və keçmişdə əldə etdiyimiz ən yaxşı təcrübələrə uyğun olaraq, Azərbaycanda mövcud olan artıq bərpa olunan enerji mənbələrini nəql etmək yollarını axtarırıq”, - Pərviz Şahbazov iyunun 9-da Astana Beynəlxalq Forumu çərçivəsində çıxış edərkən bildirib.
“Azərbaycan quruda və dənizdə son dərəcə böyük həcmdə bərpa olunan enerji mənbələrini emal edir və təbii ki, ölkə daxilində nə qədər bərpa olunan enerji mənbələrindən istifadə edilərsə, ixrac üçün bir o qədər çox təbii qazımız olur”, - o əlavə edib.
Nazir bildirib ki, Azərbaycan və Qazaxıstan öz yaşıl iqtisadiyyat imkanlarını fəal şəkildə araşdırırlar: “Düşünürəm ki, birinci mərhələdə Qazaxıstan və biz Azərbaycanda daxili tələbatı təmin etməyə çalışırıq və bundan sonra bəlkə də bərpa olunan enerji mənbələrdən enerji ixracı üçün birgə işləmək məsələsi ortaya çıxacaq”, - Azərbaycanın energetika naziri Qazaxıstanın paytaxtı Astanada deyib.
Pərviz Şahbazov qeyd edib ki, Bakı Rumıniya, Gürcüstan və Azərbaycan arasında Qara dəniz elektrik kabelinin çəkilişi üzərində işləyir. Kabel Qara dənizin hər iki tərəfini birləşdirəcək və Xəzər dənizi regionuna doğru uzanacaq, bərpa olunan mənbələrdən elektrik enerjisini Rumıniya və Macarıstan vasitəsilə Avropaya çatdırmaqla Avropanın təchizat təhlükəsizliyini gücləndirəcək.
Xatırladaq ki, Azərbaycanın energetika naziri Pərviz Şahbazov Astana Beynəlxalq Forumunda “Bərpa olunan enerji sahəsində regional inkişaf: enerji təhlükəsizliyinin təmin olunmasının alternativ yolları” mövzusuna həsr olunmuş sessiyada çıxış edib. Tədbirdə Qazaxıstanın, həmçinin tədbirdə təmsil olunan ölkələrin şirkətləri Azərbaycanda “yaşıl enerji”, enerji keçidi üzrə layihələrdə iştiraka dəvət edilib.
Rəylər (0):