Nazir: "Naxçıvan və Şərqi Zəngəzurun bərpa olunan enerji üzrə texniki potensialı 15 QVt-dır"

image

“Bakı Enerji Həftəsi” çərçivəsində Naxçıvan Muxtar Respublikasında “Naxçıvan və Şərqi Zəngəzurun yaşıl enerji potensialı” mövzusunda xüsusi sessiya keçirilib.

Renewables.az xəbər verir ki, energetika naziri Pərviz Şahbazov “Heydər Əliyev ili”ndə Naxçıvanda keçirilən bu tədbirin missiyasından bəhs edib. Bildirilib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Naxçıvanın strateji əhəmiyyəti artır. Naxçıvanın enerji təhlükəsizliyini möhkəmləndirən və onu enerji mərkəzinə çevirən yeni bir inkişaf mərhələsi başlanır. Qarabağ və Şərqi Zəngəzurla yanaşı Naxçıvanın “yaşıl enerji zonası” elan edilməsi də dövlət başçısının mütərəqqi inkişaf siyasətinin təzahürüdür. 

Bu ərazilərin bərpa olunan enerji mənbələri üzrə ümumi texniki potensialının 15 QVt olduğu, azad edilmiş ərazilərdə 53,6 MVt gücündə 11 KSES-in artıq istismar edildiyi, 70,5 MVt gücündə 7 KSES hazırda inşa olunduğu və bu il daha ümumi gücü 76,8 MVt olan 9 stansiyanın tikintisinə başlanacağı diqqətə çatdırılıb. Qeyd edilib ki, kiçik su elektrik stansiyalarının bərpasına özəl investisisiyanın cəlbi istiqamətində işlər aparılır. Cəbrayılda 240 MVt gücündə “Şəfəq” Günəş Elektrik Stansiyası, Araz çayı üzərində 140 MVt gücündə “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları və su elektrik stansiyaları da Şərqi Zəngəzurun “yaşıl” inkişafına öz töhfəsini verəcəkdir. 

Əlverişli günəş radiasiyasına malik Naxçıvanın “yaşıl enerji zonası”nda inkişafı üçün Konsepsiya hazırlandığını vurğulayan nazir deyib ki, külək və günəş enerjisi üzrə 1500 MVt-lıq istehsal güclərinin xarici investisiya hesabına yaradılması və onun ən azı 1000 MVt-nın Türkiyə və Avropa istiqamətində ixracı strateji hədəfimizdir: “Bu gün burada “Total Energies” və “Nobel Energy Management” şirkətləri ilə ümumi gücü 900 MVt olan günəş və külək enerjisi layihələri üzrə əməkdaşlıq sənədləri imzalayacağıq. Bu güclərin 650 MVt-ı məhz Naxçıvanda yaradılacaq. Bu güclərin yaradılması həm Naxçıvanı, həm də Şərqi Zəngəzuru “yaşıl enerji”nin istehsal və istehlakı ilə bərabər ixracının da mənbə və marşrutuna çevirir.” 


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *