“New Straits Times” qəzeti Azərbaycanın yaşıl inkişaf hədəflərindən yazır

image

Malayziyada, həmçinin bütünlükdə Cənub-Şərqi Asiya regionunda nüfuzlu gündəlik nəşrlərdən olan ingilisdilli “New Straits Times” qəzetində “Azərbaycan 2024-cü ildə yaşıl inkişafı hədəfləyir” başlıqlı məqalə dərc olunub.

Renewables.az AZƏRTAC-a istinadla xəbər verir ki, məqalədə Prezident İlham Əliyevin 2024-cü ilin ölkədə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında imzaladığı Sərəncam barədə məlumat verilərək, Azərbaycanın iqlim dəyişikliyinin nəticələrinə qarşı mübarizəyə fəal töhfə verən beynəlxalq birliyin etibarlı və məsuliyyətli üzvü kimi rolundan bəhs olunur.

Qeyd edilir ki, 2030-cu ilədək bərpaolunan enerji mənbələrinin elektrik enerjisi istehsalında payının 30 faizə çatdırılması məqsədilə yaşıl enerji mənbələrinin inkişafı Azərbaycanda prioritet istiqamət olaraq müəyyənləşib. Həmçinin Azərbaycan 2030-cu ildə istixana qazları tullantılarını 35 faiz, 2050-ci ilədək isə 40 faiz azaltmağı planlaşdırır.

Məqalədə bildirilir ki, Azərbaycan iqlim dəyişikliyinin nəticələrinin aradan qaldırılması üçün tədbirlərə, o cümlədən ətraf mühitin yaxşılaşdırılmasına, yaşıl sahələrin bərpası və genişləndirilməsinə, su ehtiyatlarından səmərəli istifadəyə və dayanıqlı enerji mənbələrinə töhfə verməkdədir. Azərbaycan hökumətinin məsələyə dayanıqlı tikinti materiallarının təşviqini, enerjiyə qənaət edən tədbirlərin həyata keçirilməsini, geniş ictimai maarifləndirmə kampaniyalarını əhatə edən çoxşaxəli yanaşması yaşıl tikinti təcrübələrinin mənimsənilməsində mühüm rol oynayır. Bu təşəbbüsləri həyata keçirməklə Azərbaycan ətraf mühitə təsiri azaltmağa, qiymətli resursları qorumağa və daha sağlam və dayanıqlı ətraf mühitin yaradılmasına nail olmağa çalışır.

Azərbaycan hökuməti işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında davam etməkdə olan yenidənqurma və inkişaf layihələri çərçivəsində prioritet kimi bu əraziləri “sıfır tullantılı zona”ya çevirməyi, həmçinin 2050-ci ilə qədər karbon qazı emissiyalarını 40 faiz azaltmağı planlaşdırır. Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin yaşıl enerji potensialına su, günəş, külək, geotermal kimi bütün növ bərpaolunan enerji mənbələri daxildir. İşğaldan azad olunan Qarabağ və Şərqi Zəngəzur regionu, eləcə də Naxçıvan Muxtar Respublikası “yaşıl enerji” zonaları elan edilib.

Qeyd olunub ki, işğaldan azad edilmiş ərazilərdə gedən geniş bərpa və yenidənqurma proseslərində ətraf mühitin mühafizəsi prioritet məsələ kimi dayanır. Bu ərazilərdə ekosistemin bərpasına öz töhfəsini verən “ağıllı şəhər” və “ağıllı kənd” kimi innovativ yanaşmalar tətbiq edilir.

Məqalədə vurğulanıb ki, beynəlxalq ictimaiyyətin məsuliyyətli üzvü olaraq Azərbaycanın 2024-cü ildə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməsi beynəlxalq ictimaiyyətin ölkəyə dərin hörmət və etimadını bir daha ifadə edir, ətraf mühitin mühafizəsi və iqlim dəyişikliyi sahəsində milli, regional və qlobal miqyasda səylərini tanıyır.

Sonda qeyd olunur ki, istər ölkə daxilində, istərsə də beynəlxalq miqyasda Azərbaycan müxtəlif proqramlar və tərəfdaşlıqlar vasitəsilə “yaşıl siyasət”ini təkmilləşdirməyə və planeti qorumaq məqsədilə vətəndaşları, təşkilatları və digər ölkələri kollektiv səylərə cəlb etməyə çalışır. Azərbaycan 2030-cu ilədək sosial-iqtisadi inkişafının əsas milli prioritetlərindən biri olan “Təmiz ətraf mühit və yaşıl inkişaf ölkəsi” konsepsiyası ilə tam şəkildə uzlaşır.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *