Özbəkistanın enerji sektorunda islahatların məqsədlərinə 2030-cu ilə qədər bərpaolunan mənbələrdən elektrik enerjisi istehsalının 40 faizə çatdırılması daxildir ki, bu da ildə 16 milyon ton CO2 emissiyasını kompensasiya edəcək.
Renewables.az-ın məlumatına görə, bu barədə Özbəkistan Energetika Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Daşkənd bölgəsində yerləşən “Riversayd”da fotoelektrik qurğunun yaradılması bu planın mühüm tərkib hissəsidir. Energetika Nazirliyi qeyd edib ki, stansiya Özbəkistanda bir çox bərpaolunan enerji layihəsini əhatə edən daha geniş təşəbbüsün tərkib hissəsidir.
Zavodun təmiz enerji istehsal etmək qabiliyyəti qazıntı yanacaqlarından asılılığı əhəmiyyətli dərəcədə azaltmağa və istixana qazları emissiyalarını minimuma endirməyə kömək edəcək, eyni zamanda, 500 meqavat-saatlıq batareya enerji saxlama sisteminin inteqrasiyası bərpaolunan enerjinin sabit və səmərəli təchizatını təmin edəcək.
Enerji istehsalı, duzsuzlaşdırma və yaşıl hidrogen qurğularının aparıcı inkişafetdiricisi, sərmayəçisi və operatoru olan Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti Özbəkistanın “Milli Elektrik Şəbəkəsi” səhmdar cəmiyyəti və İnvestisiya, Sənaye və Ticarət Nazirliyi ilə üç enerji alqı-satqısı müqaviləsi və investisiya kontraktı imzalayıb. Bu sənədlərə Daşkənd və Səmərqənddə üç günəş fotovoltaik layihəsinin, həmçinin Daşkənd, Buxara və Səmərqənddə üç akkumulyator enerjisinin saxlanması sisteminin inkişafı daxildir.
Mətbuat xidməti bildirir ki, bu layihələr Daşkənd, Səmərqənd və Buxarada bir milyondan çox ev təsərrüfatını elektrik enerjisi ilə təmin etməklə yanaşı, ildə təxminən 1,6 milyon ton karbon qazı emissiyasını kompensasiya etməklə, ölkəyə əhəmiyyətli sosial-iqtisadi fayda verəcək.
Xatırladaq ki, 2023-cü ilin dekabrında Bakıda Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında Mərkəzi Asiya ölkələrindən Azərbaycan ərazisi vasitəsilə Avropaya elektrik enerjisinin ixracı perspektivlərinin müzakirə edildiyi üçtərəfli görüşün nəticəsi olaraq birgə kommünike imzalanıb. Sənəddə bərpaolunan enerji mənbələrinə fokuslanan enerji mübadiləsi, yaşıl hidrogen və yaşıl ammonyakın inkişafı və ixracı, müvafiq infrastrukturun yaradılması sahəsində əməkdaşlıq kimi məsələlər əks olunub. Kommünikedə, həmçinin Xəzər-Qara dəniz-Avropa ixrac dəhlizinin birgə layihəsi və Naxçıvan-Türkiyə-Avropa enerji dəhlizinin perspektivləri göstərilib. Buna görə də Prezident İlham Əliyevin TDT Şuşadakı Zirə görüşündə çıxışında söylədiyi “Enerji sahəsində strateji tərəfdaşlığımız, o cümlədən bərpaolunan enerji və enerji səmərəliliyi sahəsində əməkdaşlığımız çox əhəmiyyətlidir. Xəzər dənizi vasitəsilə Azərbaycan ərazisindən Avropa və Asiya arasında fiber-optik telekommunikasiya marşrutu yaratmaq məqsədi daşıyan “Rəqəmsal İpək Yolu” layihəsi də mühüm təşəbbüslərdən biridir” fikirləri onunla əsaslanır ki, Özbəkistanın və Qazaxıstanın Avropaya enerji ixracı üçün böyük potensialları var. Beynəlxalq Enerji Agentliyinin hesabatına görə, Özbəkistanın illik tələbatdan 30 dəfə çox - 2091 milyard kilovat-saat elektrik enerjisi istehsal etmək imkanı var. Özbəkistanın iqlimi ildə 320 günəşli gündən ibarətdir ki, bu da böyük həcmdə alternativ enerji istehsalına imkan yaradır. Ölkənin Surxandərya, Buxara, Kaşkadərya vilayətləri coğrafi baxımdan elə iqlim qurşağında yerləşir ki, bu regionlarda ümumilikdə 2058 milyard kilovat-saat Günəş enerjisi hasil etmək olar. BMT-nin yaşıl enerjinin inkişafına dair hazırladığı hesabatda vurğulanır ki, Özbəkistanın şimal-qərb və cənub-qərb əraziləri 9,9 milyarda kilovat-saat külək enerjisi istehsal etmək iqtidarındadır.
Son 5 ildə Özbəkistan Prezidenti yaşıl enerjinin inkişaf etdirilməsi üçün 15 sərəncam imzalayıb. Hökumət yaşıl enerji potensialını düzgün qiymətləndirərək müxtəlif xarici şirkətlərlə 21 müqavilə imzalayıb. Bu gün Özbəkistanda yaşıl enerji istehsalı ilə əlaqədar olaraq 19 layihə icra olunur.
Rəylər (0):